“Arazbarı”nın təqdimatı olub
Qısametrajlı film tarixi, coğrafi baxımdan Azərbaycanın bütövlüyünü əks etdirir
Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Arazbarı” sənədli filminin təqdimat mərasimi keçirilib. Filmin ssenari müəllifi Bəxtiyar Qaraca, rejissoru Kəmalə Mirzəyevadır. Layihənin rəhbəri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovdur. Əvvəlcə film tədbir iştirakçılarına təqdim edilib. Sənədli filmdə eyniadlı "Arazbarı” mahnısı da səsləndirilib.
Daha sonra filmin təqdimat mərasimində çıxış edən Ə.Amaşov öncə bu qısametrajlı filmin çoxşaxəli olmasına diqqət çəkib: "Bu bizim tariximizdir. Bu film musiqi, tarixi, coğrafi ərazi baxımından tariximizi özündə əks etdirir. "Arazbarı” bizim üçün Vətən simvoludur. "Arazbarı” harada yaşamasından asılı olmayaraq, dünyadakı azərbaycanlıları birləşdirən bir simvoldur. "Arazbarı” bizim üçün "Şur” ailəsinə daxil olan muğamdır. Bu muğamı bir çox karifeylər ifa edib. Nə qədər Azərbaycan xalqı varsa, Azərbaycan musiqisi səslənəcək, muğam da qorunacaq. Filmin çəkilişləri Bakı şəhərində, Sabirabad və Saatlı rayonlarında aparılıb. Filmdə Azərbaycan tarixinin keşməkeşli dövrlərindən, xalqımızın yüksək mənəvi dəyərlərindən bəhs edilib”.
Mahnı sözlərinin filologiya elmləri namizədi, jurnalist-alim, azərbaycançılıq ideologiyası sahəsində bir neçə kitabın və çoxsaylı elmi məqalələrin müəllifi Sona Vəliyevaya məxsus olduğunu vurğulayan millət vəkili bildirib ki, "Arazbarı” şeiri əsasında hazırlanmış filmin musiqisi də Tahir Əkbərə məxsusdur. Ə.Amaşov qeyd edib ki, filmdə muğam ifaçıları Bəyimxanım Vəliyeva və Ehtiram Hüseynov, eləcə də mərhum sənətkarımız, qiraət ustası İlham Əsgərovun ifaları ona başqa bir rəng qatıb: "Musiqinin sözləri çox təsirlidir və Azərbaycan tarixinə aiddir. "Arazbarı” şeirini ilk dəfə oxuyandan sonra düşündüm ki, bu sözlərə musiqi bəstələməliyəm. Çox sağ olsun, Sona xanım da tərəddüdsüz mənimlə razılaşdı. Bu sizə təqdim edilən əsərə klip demək istəmirəm. Bu, bir çox faktorları özündə cəmləşdirən sənədli filmdir. Düşünürəm ki, filmə bu qədər məna qatan musiqi və sözün vəhdətidir.
Vaxt keçəcək, bizim bölünmüş torpaqlarımız geri qayıdacaq, amma bu əsər bizim tariximizdir. İnanıram ki, bu əsər yaşayacaq və bizim üçün sabaha inam yaradacaq”.
Musiqinin ifaçısı Bəyimxanım Vəliyeva "Arazbarı”nı ifa etməkdən çox məmnun olduğunu deyib: "Mən buna mahnı demək istəməzdim. "Arazbarı” bir əsərdir. Onun mövzusu da sadə deyildi, çox ağırdır. Bu bizim tariximizdir. Hər birimizin yaralı yerimizdir. İnanıram ki, torpaqlarımız yaxın zamanlarda geri qayıdacaq və biz bu ağrıları tarix olaraq xatırlayacağıq.
Milli Məclisin deputatı Xanhüseyn Kazımlı da ictimaiyyətə təqdim olunan "Arazbarı” filmini yüksək qiymətləndirib: "Azərbaycan xalqında vətənpərvərlik hissi hər zaman olub və yenə də var. Azərbaycanlılara, müsəlmanlara qarşı soyqırımlar törədilib, ərazi bütövlüyü pozulub. Amma biz törədilən qırğınlar barədə nə qədər çox müzakirələr aparırıqsa, özümüzü də bir o qədər yüksəkdə hiss edirik. Belə əsərlərə bizim çox ehtiyacımız var. Bizim musiqimiz elə-belə yaranmayıb. "Arazbarı”nın da yaranmasının dərin kökləri var”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev də filmin yüksək professionallıqla çəkildiyini deyib. Onun sözlərinə görə, "Arazbarı”nı ifa edən ifaçılar da onun öhdəsindən layiqincə gəliblər: "Arazbarı” məni uşaqlığıma qaytardı. Ömrümün neçə illəri Arazın ətrafında keçib. Gözümü açıb tikanlı məftilləri görmüşəm. O taydan bu taydakı qohumlarını səsləyən azərbaycanlıların harayına şahid olmuşam”. Vaxtı ilə qarşılaşdığı mənzərələr, proseslərin gözündə canlandığını vurğulayan U.Mirzəyev bu baxımdan filmin fundamental bir əsər olduğunu deyib.
Jurnalist Flora Xəlilzadə isə "Arazbarı” filminə görə heç kəsi təbrik etməyib: "Filmi çox bəyəndim. Hər bir detallar incəliyinə qədər işlənib. Amma mən sizin heç birinizi təbrik etmirəm, sadəcə təşəkkür edirəm. Və arzu edirəm ki, eynilə bu heyətlə qələbə filmi hazırlayasınız. Mən ancaq o zaman öz təbriklərimi ünvanlaya bilərəm. Mən belə filmləri sakit izləyə bilmirəm. Şuşa mənim ruhumun vətəni, dərdlərimin şahıdır. İnşallah, sizin də əziyyətiniz yerdə qalmaz və biz tezliklə öz torpaqlarımıza qayıtdığımız zaman əziyyətinizin bəhrəsini görərsiniz”.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli isə deyib ki, qısametrajlı olmasına baxmayaraq, film çox böyük təsir imkanlarına sahibdir. Xalqın milli dərdini özündə əks etdirən "Arazbarı” dinləyən hər kəsi mübarizəyə səsləyir. Əslində bu filmdə çox dərin simvollar var. Hesab edirəm ki, filmi tam şəkildə dərk etmək üçün ən azı 2-3 dəfə izləmək lazımdır”.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı-direktoru Vüqar Səfərli də filmin yüksək səviyyədə hazırlandığını deyib. O bildirib ki, filmdə Azərbaycan tarixi, mədəniyyəti, muğamı yüksək ustalıqla canlandırılıb: "Əsər çox təsirlidir. Filmin ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanacağına əminəm”.
Sonda çıxış edən filmin ssenari müəllifi Bəxtiyar Qaraca filmdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib: "Arazbarı”nın çox mürəkkəb bir kompozisiya olduğunu deyən Bəxtiyar Qaraca onun öhdəsindən gəlməyə çalışdıqlarını vurğulayıb. O, gələcəkdə Vətənə, millətə, dövlətə xidmət edəcək bu kimi işlərdə yaxından iştirak edəcəyini söyləyib.
Şəymən