"Artıq atam məktub yazmaq istəmir" - Dilqəm Əsgərovun oğlu

Kürdoğlu Əsgərov: "...Ona görə, Şahbaz Quliyevin ailəsinə yazdığı məktub çatdırıldı, bizə isə sadəcə xəbərlərini gətirdilər"
"Hər zaman olduğu kimi, atamın səhhətində problemlər var. Ürəyində, ayağında və belində narahatlıqları var. Ən çox narahatlıqları isə təbii ki, aclıq, susuzluq və baxımsızlıqdan yaranır"








"Sonuncu dəfə atamın məktubunu noyabr ayında almışıq”.

Bu barədə "Sherg.az”a Kəlbəcərdə yaxınlarının məzarını ziyarət edərkən erməni separatçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. 

O qeyd edib ki, dekabr ayının ilk yarısı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları girov götürülən azərbaycanlılara baş çəksə də, Dilqəm Əsgərovdan məktub gətirilməyib:

"BQXK əməkdaşları bildirdilər ki, artıq atam məktub yazmaq istəmir. Ona görə, Şahbaz Quliyevin ailəsinə yazdığı məktub çatdırıldı, bizə isə sadəcə xəbərlərini gətirdilər. Komitə üzvləri səhhəti ilə bağlı məlumatları bizimlə paylaşdı. Hər zaman olduğu kimi, atamın səhhətində problemlər var. Ürəyində, ayağında və belində narahatlıqları var. Ən çox narahatlıqları isə təbii ki, aclıq, susuzluq və baxımsızlıqdan yaranır. BQXK əməkdaşlarının sözlərinə görə, həkim atama baxıb, müayinələrini edib. Başqa məlumatım yoxdur”.

Qeyd edək ki, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə "azadlıqdan məhrum” edib. Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb. Hazırda onlarla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə saxlanılır.

Aysel Aslan