"Atletiko" ilk finalçı olub






UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə "Bavariya” və "Atletiko” qarşılaşıblar.
Madriddə keçirilmiş ilk görüşdə "Atletiko”ya uduzan (0:1) "Bavariya” öz meydanında məğlubiyyətin əvəzini çıxa bilsə də, bu, finala çıxmaq üçün yetərli olmayıb.
Gərgin məcrada keçən oyunda azarkeşlər 3 qola şahidlik ediblər. Meydan sahibləri hesabı açan tərəf olublar. İlk hissə bu hesabla bitsə də, ikinci hissənin 10-cu dəqiqəsində Qrizman status-kvonu bərpa edib. Buna qədər isə artıq "Bavariya"lı Müller penaltidən fərqlənmək şansını boşa vermişdi. Yan Oblak yaxşı oynayaraq komadasını xilaskarı olmuşdu.
74-cü dəqiqədə Levandovski meydan sahiblərini ümidləndirsə də, münhenlilərin bundan artığına gücü çatmayıb. Üstəlik, az qala öz qapılarında qol da görəcəkdilər. Ancaq Fernando Torres də Müller kimi əlinə düşən 99%-lik imkanı boşa verib. Bu dəfə isə qurtarıcı rolunda Manuel Noyer çıxış edib.
Beləliklə "Atletiko" məğlub olsa da, səfərdə vurduğu qolun verdiyi üstünlüklə ilk finalçı olub.