"Avropa dövlətləri, Türkiyə və Rusiya Amerikaya qarşı birləşir”





"Artıq lirə stabilləşməyə doğru gedir. Bu da gözlənilən idi”.

Bunu "Sherg.az”a açıqlamasında Türkiyədəki son prosesləri dəyərləndirərkən "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib. ABŞ-ın "dollar təzyiqi” metoduna münasibət bildirən politoloq bildirib ki, Amerika tək başına Türkiyənin üstünə getdi. 

Eyni vaxtda Avropadakı müttəfiqləri də İran, Rusiya və Çinə təzyiq göstərməyə başladılar. Nəticə etibarı ilə hər üç ölkə Amerikanın Türkiyəyə qarşı elan etdiyi iqtisadi müharibədə Ankaranın yanında yer aldılar:

"Hətta Almaniya kansleri Angela Merkel də Türkiyənin tərəfini tutdu. Merkel və digər alman siyasətçilərin bu yöndə sərt çıxışları oldu. Bu yaxınlarda Almaniya, Fransa, Türkiyə və Rusiya liderlərinin görüşü gözlənilir. Bu da o deməkdir ki, Avropa dövlətləri, Türkiyə və Rusiya Amerikaya qarşı birləşir”.

Ekspert bəyan edib ki, Türkiyə cəmiyyəti xarici təhlükələr qarşısında hər zaman iqtidarlı, müxalifətli birləşiblər:

"Bu dəfə eyni proses baş verir. Kipr böhranında, Yunanıstanla adalar problemində, o cümlədən Rusiya qırıcısının vurulmasında cəmiyyət ortaq mövqe sərgilədi. Şübhə yoxdur ki, ABŞ-ın Türkiyəyə qarşı elan etdiyi iqtisadi müharibədə də toplum türk hökumətinin yanında duracaq”.

Qeyd edək ki, ABŞ Türkiyə ilə münasibətlərin nizama salınması üçün Ankaraya 8 şərt irəli sürüb. Amerikanın irəli sürdüyü şərtləri Türkiyənin qəbul etməsi demək olar ki, mümkünsüzdür. Çünki absurd şərtlər bir növ Vaşinqtonun Türkiyədən ölkənin "açarını” təhvil verməyini tələb etməsidir.

İsmayıl