Avtobuslar qaz balonlarına keçir
Ekspertlər ictimai nəqliyyatda bunun təhlükəli tərəflərinin çox olduğunu söyləyirlər
Növbəti ildən ictimai nəqliyyatda qazla işləyən avtobuslar olacaq. Bununla bağlı ARDNŞ-nin "Azəriqaz” İstehsalat Birliyi layihəyə başlayıb. Məqsəd benzinə olan tələbatı tənzimləmək, eyni zamanda ətraf mühitə dəyən zərəri minimuma endirməkdir. Qaz avtobuslarına keçidin səbəblərisə biri-birilə bağlı məsələlərdir. Qaradağ Neft-Qaz Emalı və Neft Kimya kompleksində neft emalı zavodunun inşası vaxtının dəyişməsi, bununla yanaşı, "Şahdəniz-2” və digər iri qaz layihələrinin də məhz bu komplekslə eyni dövrə təsadüf etməsidir.
Yəni, ictimai nəqliyyatda qaz avtobuslarına keçidin səbəb və məqsədləri açıqlanıb. Amma bu qaz avtobuslarının gəlişi ictimai nəqliyyatdakı problemlərdən təngə gələn sərnişinləri razı salacaqmı?
İqtisadçılar bu qənaətdədir ki, avtobusların benzin əvəzinə qaz işlətməsi bəlkə gediş haqqı söhbətlərinin bir müddət ortadan qaldırılmasına vasitə olar. Benzin çox bahadır, xərci borcu ödəmir, deyirlər axı!.. Avtobuslar qaz balonları ilə işləməyə başlasa, gediş haqqı "ağlaşması”na son qoyula bilər. Çünki avtobusu qazla hərəkətə gətirmək çox ucuz başa gələcək. Hər halda benzindən ucuz olmalıdır. Sərnişinləri maraqlandıransa, avtobusları benzinlə "uça-uça” idarə edən sürücülərin qazla necə davranacaqlarıdır? Artıq bu sualdan... əməlli-başlı "qaz iyi” gəlir. Açığı, avtobusların qazla işləyəcəyi xəbəri veriləndə Türkiyə müğənnisi İsmayıl YK-nın məşhur mahnısı yada düşdü: bas qaza, aşkım, bas qaza!.. Necə deyərlər, lətifəsi də, xətası da bizlərdən uzaq, sürücülərimiz o mahnını xatırlayıb var gücləri ilə qaza basmasalar yaxşıdı. Sürücülərimizin "mərifəti” zatən bəlli. Bunlar benzinə "ekonom” eləmirlər, sağı-solu veclərinə almırlar, hələ də sərnişinləri kartof bilib, ona uyğun daşıyırlar. Bəs qazla işləyəndə nə edəcəklər? Allah göstərməsin, avtobusu göyə uçurarlar.
Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov "Şərq”ə açıqlamasında qazla işləyən avtobusların təhlükəlilik dərəcəsinin çox olduğunu dedi:
- Dünya ölkələrində avtomobillərin qazla - sıxılmış qazla işlədilməsi praktikası mövcuddur. Dünyada 1 milyard avtomobil varsa, bunun 50 milyonu qazla işləyir. Ancaq bu üsulla daha çox yük avtomobilləri və fərdi maşınlar işlədilir. Məhz təhlükəlilik dərəcəsi nəzərə alınaraq ictimai nəqliyyatda qazla işləyən avtobuslardan istifadəyə nadir hallarda rast gəlinir. Burada məsələ, təkcə, yanacaqdoldurma məntəqəsi ilə bitmir. Bəli, sürücü avtobusu yanacaqdoldurma məntəqəsinə sürəcək, orada yanacaq kimi sıxılmış qazla təchiz ediləcək, amma bundan sonrası artıq sürücünün öhdəsindədir. Sürücü qazla işləyən avtobusun idarəetməsini bilməlidir. Azacıq qaz sıxması, Allah eləməsin, böyük partlayışa səbəb ola bilər. Sürücü hədsiz ehtiyatlı olmalıdır. Nə sükan arxasında, nə də ümumiyyətlə, avtobusa yaxın məsafədə siqaret çəkməməlidir və ətrafdakıların da bunu etməsinə imkan verməməlidir. İndi görürsünüz ki, əksər sürücülər sükan arxasında damağında siqaret əyləşir. Sərnişinlər etiraz edəndə isə kobud şəkildə "xoşun gəlmir, düş, taksiyə min” deyirlər. Elə bil avtobus onun dədəsinin mirasıdır. Sabah qazla işləyən avtobuslar ölkəyə gətiriləndə necə olacaq? Mümkün təhlükələrin qarşısını almaq üçün əvvəlcədən sürücülərə xüsusi təlimat keçilməlidir, qaydalar öyrədilməlidir. Əks halda, qəzalar baş verə bilər. Sürücülər daim senzor qurğuları nəzarətdə saxlamalıdırlar. Bu qurğular azacıq sızma olan kimi bürüzə verir, xəbərdarlıq edir. Bu saat məişətdə işlətdiyimiz qaz sobalarında olduğu kimi, avtomobillərdə də senzor qurğular olur. Sürücü, sadəcə diqqətli olmalıdır ki, sızma baş verirsə, bundan dərhal xəbər tutsun. Burada nəqliyyatı idarə edən şirkətlərin də üzərinə böyük məsuliyyət düşəcək. Şirkət rəhbərləri qazla işləyən avtobusları ideal vəziyyətdə saxlamalı olacaqlar. Bu, təkər boşalması deyil ki, sürücü eyninə almayıb yoluna davam etsin, qarşıdakı dayanacaqda sərnişinləri endirib avtobusu təmirə aparsın. Qaz balonları ilə çox ehtiyatlı davranılmalıdır. Çünki ən təhlükəli yanacaq növü sıxılmış qazdır. Germetiklik pozulduqda belə, partlayış baş verə bilər. Hətta temperatur kəskin dəyişdikdə də. Deyək ki, sürücü avtobusu saxlayacaq günün altında, çıxıb gedəcək. Sıxılmış qaz isti havanın təsirindən də partlaya bilər.
Avtobusun salonunda azacıq qaz qoxusu hiss edilsə, sürücü dərhal maşını saxlayıb, vəziyyəti öyrənməli olacaq. Bizim sürücülər nə dərəcədə bu ehtiyat tədbirlərinə əməl edəcək, bilmirəm.
Bəs hazırda xəttə çıxan avtobusların taleyi necə olacaq?
Ə.Hüseynov bildirdi ki, hazırda Bakı avtobus parkında olan avtobuslar dizel yanacağı ilə işləyirlər. Onları qaz sisteminə uyğunlaşdırmaq çox çətindir. Böyük ehtimalla hazırkı avtobuslar yavaş-yavaş sıradan çıxarılacaq. Onların yerini yeni gətirilən avtobuslar tutacaq.
Qazla işləyən avtobuslara keçidin gediş haqlarının artırılmasının qarşısını alacağını fikrini də Ə.Hüseynov təsdiq etdi:
- Dizel yanacağının 1 tonu 614 manat, ən ucuz benzinin 1 tonu 817 manat, 1 ton sıxılmış qaz isə 300 manatdır. Ucuz olmağına ucuzdur. Və sərnişin daşımada maya dəyərinin ödənməməsi söhbətləri də bununla aradan qalxır.
Məlahət Rzayeva