Marşrutların sayı əhalinin sıxlığına uyğun deyil
Belə olan halda sərnişinlər biri-birinə əl də qaldıracaq, söyüş də işlədəcək
96 nömrəli avtobusda sərnişinlər arasında dava olub. Hadisə dünən səhər saatlarında qeydə alınıb. Yer üstündə sərnişinlər arasında olan söz-söhbət bir anda davaya çevrilib. Cavan oğlanla qadın arasında başlanan mübahisə söyüş və əlbəyaxa dava ilə nəticələnib. Avtobusda əməlli-başlı çaxnaşma yaranıb, digər sərnişinlərin müdaxiləsi ilə dava-dalaş səngiyib.
Hadisə anında qeydə alınan videogörüntülər medianın və sosial şəbəkələrin müzakirə predmetinə çevrilib. Həmişə olduğu kimi fikirlər haçalanıb, kimi qadının iradının haqsız olduğunu iddia edib, kimi də cavan oğlanı tərbiyəsizlikdə ittiham edib.
Sosioloq Cavid İmamoğlu hesab edir ki, problemin kökündə marşrut qıtlığı dayanır:
"Belə bir vəziyyətin yaranmasının ən birinci səbəbi budur ki, ictimai nəqliyyatdaşımanı həyata keçirən şirkətlər xəttə kifayət qədər marşrut buraxmırlar. Bu da öz-özlüyündə qıtlığa gətirib çıxarır. Əgər biz 30 il əvvəlki dövrü indiki dövrlə müqayisə etsək, deyə bilərik ki, belə problemlər olmurdu. Çünki marşrut sayı əhali sıxlığına nisbətən düzgün verilmişdir.
Amma son illər Bakı şəhərində sıxlaşma, insan axınının Bakı şəhəri ətrafında formalaşması ictimai nəqliyyatda böhran yaranmasına səbəb olub. Nəticədə nəqliyyat daxilində insanların bir-birinə münasibəti məsələsi ortalığa çıxıb. Məsələn, bu problemin olmadığı bir nəqliyyat vasitəsini nümunə seçə bilərəm:
Bakıdan Sumqayıta hərəkət edən qatar. Hansı ki, səliqəli, nizamlı qatardır. Bu qatarlarda belə bir problem yoxdur. Biz istəsək ki, problemi insanımıza bağlayaq, o zaman haqsızlıq etmişik olarıq. Çünki həmin insan o qatarda eyni problemi yaşamır. Yer, şərait var. Bəzən marşrutlarda xüsusən, pik saatlarda bir yerə 10 namizəd olur. Onlardan biri hamilə, yaşlı, uşaqlı, mədəniyyətli, biri mədəniyyətsiz ola bilər. Nəticə etibarı ilə bu cür davalar qaçılmazdır”.
Sosial məsuliyyət anlayışında müəyyən geriləmələr olduğunu qeyd edən sosioloqa görə, bunu mənəvi geriləmə də hesab edə bilərik: "Çünki yaşlı insanlara, hamilələrə, əlillərə, uşaqlara üstünlük vermək özü bir məsuliyyətdir. Amma bu şəxslər də başa düşməlidirlər. Bəzən olur ki, insan halsız, yorğun olur, ona görə oturmağı labuddür.
Qarşılıqlı məsuliyyət olmalıdır. Hər iki tərəf biri-birini başa düşməlidir. Məsələn, adam desin ki, mən xəstəyəm, özümü yaxşı hiss etmirəm, ayağa qalxa bilmərəm. Amma ümumi müşahidələr bunu göstərir ki, ictimai nəqliyyatda üstünlük verilən şəxslərə hörmət azalıb. Yəni, cavan nəsil qocaya yer verməyin ona nə kimi fayda verəcəyini başa düşmür. O elə bilir ki, nə qədər tez gedib otursa "qabağa” düşəcək. Bu "qabağa düşmək” psixologiyası ilə yaşlılara hörmətsizlik etməyə başlayırlar”.
Sosioloq Elçin Bayramlı isə prinsipial olaraq belə videolara baxmadığını deyib: "Amma belə hallara nəqliyyatda rast gəlirəm. Elə məsələlər var ki, onları qanunla, inzibati yollarla tənzimləmək mümkün olmur. Burada artıq yazılmamış qanunlar, mənəvi-əxlaqi keteqoriyalar dövrəyə girir.
Əlbəttə, nəqliyyatda əlillərə, uşaqlara hamilə qadınlara, ahıllara yer vermək məcburi tələbdir. Lakin sırf cinsi kontekstdə belə yanaşma əsassızdır. Kimsə mən qadınam deyib bunu tələb etməməlidir. Başqa vaxt deyirlər, qadın-kişi hüquqları bərabərdir. Bu halda nə əsasla tələb etmək olar. Bu sırf vicdani, əxlaqi tələb üzərində ola bilər, o da kişinin könüllü olaraq qadına yer verməsindən ibarətdir. Şəxsən mən istənilən qadına yer verirəm.
Bizdə tarixən belə bir ənənə də var, çoxları da buna əməl edir. Lakin bəzən, hansısa gənc oğlan və ya kişi müəyyən səbəbdən yer verə bilmir, misal üçün, ayağında problem ola bilər, əməliyyatdan yeni çıxmış ola bilər, çox ağır fikizi işdən qayıtmış ola bilər”.
E.Bayramlı kişiləri mümkün olan bütün hallarda qadınlara yer verməyə, qadınları isə bundan sui-istifadə etməməyə çağırıb:
"Biz mənəvi cəhətdən çürümüş qərb cəmiyyəti deyilik ki, böyük-kiçik, qadın-kişi münasibətlərində eqoist kimi, robot kimi davranaq. Biz şərq cəmiyyətiyik, bizim öz mənəvi dəyərlərimiz var. Qadına hörmət bizim genimizdən gəlir. Biz bu dəyərləri itirməməliyik, əksinə, yaşatmalıyıq”.
Şəymən