Aydın Mirzəzadə: "Azərbaycanın Suriyaya dönməsini istəyənlər barmaqla sayılacaq qədər azdır"





"Söyüş kampaniyası”nın təşəbbüskarı bunu həyata keçirən qrup deyil”.
Bu barədə "Sherg.az”a millət vəkili Aydın Mirzəzadə danışıb. O xatırladıb ki, xarici ölkələrdə Azərbaycanın uğurları ilə razılaşmayan, ölkəmizi təsir altına almaq istəyən qüvvələr çoxdur:

"Anti-Azərbaycan siyasəti yeridən dairələr vətənpərvərlik hissi olmayan, pulla öz ölkəsinə düşmən olmağı özünə şərəf bilən şəxsləri ələ alırlar. Belə şəxslər üçün Azərbaycanın inkişafı, demokratik addımları maraqlı deyil.
Azərbaycanın da Ermənistanın qarışıq vəziyyətinə düşməsi, ölkədə Suriyadakı kimi vətəndaş müharibəsinin yaşanması üçün çalışan şəxslər barmaqla sayılacaq qədər azdır. Xarici ölkələrdə yaşayan azərbaycanlıların mütləq əksəriyyəti öz vətəninə bağlı olan, tarixi torpaqlarını qorumağa çalışan, ləyaqəti, Azərbaycan xalqının milli maraqlarını üstün tutan insanlardır. Hansısa qrupun apardığı mübarizənin isə nə siyasətə, nə də mənəviyyata aidiyyəti yoxdur. Azərbaycan xalqı təxribatçı şəxslərə təpki göstərməklə, onları qəbul etməməklə öz münasibətini göstərdi”.

Qeyd edək ki, Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Facebook” sosial şəbəkəsindəki səhifəsində "söyüş kampaniyası” haqqında yazıb. Bu kampaniyanın Azərbaycana, onun milli maraqlarına qarşı qurulmuş növbəti məkrli oyun olduğunu qeyd edən Ə. Həsənov yazır:

"Qərbdə Azərbaycana qarşı ardıcıl və məqsədyönlü şəkildə fəaliyyət göstərən dairələr, onların nəzarətində olan təşkilatlar və media ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində daha da fəallaşır və ciddi-cəhdlə həm Azərbaycanı, həm də həmin tədbiri qaralamağa çalışırlar”.

Aysel Aslan