Elnur Astanbəyli: “Hər şeyin müəlliflərin yazı üslubu və saytda onlara tanınacaq azadlıqdan asılı olacağını düşünürəm”
“Ayna” ancaq köşə yazıları verəcək
Zamin Hacı: “Azərbaycanda kifayət qədər ziyalı insanlar var ki, onların fikirləri və düşündükləri insanlar üçün maraqlıdır. Bu mənada onların fikirlərinin toplandığı bir tribuna oxucular üçün maraqlı ola bilər”
Elnur Astanbəyli: “Hər şeyin müəlliflərin yazı üslubu və saytda onlara tanınacaq azadlıqdan asılı olacağını düşünürəm”
Elnur Astanbəyli: “Hər şeyin müəlliflərin yazı üslubu və saytda onlara tanınacaq azadlıqdan asılı olacağını düşünürəm”
İki il əvvəl müəyyən səbəblərdən nəşrini dayandıran "Ayna” yenidən fəaliyyətə başlayıb. Amma "Ayna” bu dəfə fərqli, onlayn formatda oxucuların görüşünə gəlir. Maliyyə və başqa səbəblərdən çap versiyasını bərpa etməyin mümkün olmadığını deyən qəzetin baş redaktoru Elçin Şıxlı "Ayna”nın saytında yalnız müəllif yazılarının dərc olunacağını deyib:
"Ön səhifədə 5 nəfər daimi yazarların məqalələrini oxuya biləcəksiniz. İşimiz davam etdikcə, bizə qoşulmaq istəyən müəlliflərə də ara-sıra yer verəcəyik”. Saytın strukturunun qalıcı xarakter daşıdığını vurğulayan E.Şıxlı gələcəkdə bu istiqamətdə hər hansı dəyişiklik etmək fikrində
olmadıqlarını deyib: "Onsuz da informasiya verən saytlar kifayət qədərdir. "Ayna” fərqli bir layihədir. Burada informasiyanın izahı, onun ətrafında müzakirələr, düşüncələr olacaq. İnformasiyanın ötürülməsi 3-4 cümlədən ibarət olur. Əsas məsələ - müzakirələr sonradan başlayır. Elə baş verənlərə fərqli yanaşma sərgiləmək, "niyə, nə üçün, hansı səbəbdən belə oldu” suallarına cavab tapmaq üçün müəllif yazıları olacaq”.
Baş redaktor eyni zamanda saytın fəaliyyətinin redaksiya şəraitində olmayacağını da qeyd edib: "Hazırda redaksiya şəraitində çalışmağa ehtiyac yoxdur. Çünki İbrahim Nəbioğlu İstanbulda yaşayır, Arif Əliyev, Qulu Məhərrəmli, Rauf Mirqədirov Bakıdadır. Yəni redaksiyada oturub yazı yazmağa ehtiyac yoxdur, ələlxüsus da usta adamlar üçün. Hərə öz yazısını yazacaq. "Ayna”nın son iki illik buraxılışında yazan müəlliflər təmənnasız yazıblar. O vaxt hazırkı müəlliflərlə yanaşı, Vüqar Abbasov da var idi. Hansı ki, Niderlanddan yazırdı. İndi elektron vasitələrin köməyilə çox asanlıqla bu işlərin öhdəsindən gəlmək mümkündür. Lazım gələndə təbii ki, toplaşıb müzakirələr aparacağıq”. Hər şeyin könüllülük prinsipi ilə həyata keçirildiyini vurğulayan E.Şıxlı fəaliyyətə başlayan saytın kommersiya layihəsi olmadığını da əlavə edib. Ancaq sonradan reklam olarsa, bu barədə düşünəcəklərini də istisna etməyib.
Bəs, sadəcə köşə yazılarından ibarət bir layihə Azərbaycanda özünü doğruldacaqmı? Sayt tam formalaşdıqdan sonra ölkənin tanınmış imzaları "Ayna” saytı ilə əməkdaşlıq edəcək?
"Ayna” qəzetinin fərqli formatda bərpası, saytdan gözləntiləri ilə bağlı "Şərq”in suallarını cavablandıran köşə yazarı Zamin Hacı əvvəla, yenidən jurnalistikaya qayıtması və "Ayna”nı bərpa etməsi münasibəti ilə Elçin Şıxlını təbrik edib, saytın ünvanına xoş sözlər deyib: "Ayna” qəzeti Azərbaycan mətbuatında özünəməxsus yeri və tarixi olan qəzetlərdən biri olduğu üçün onun bağlanması kifayət qədər üzücü bir hadisə idi. Sözün həqiqi mənasında bu iki il ərzində "Ayna”nın yeri göründü. Formatından asılı olmayaraq "Ayna”nın yenidən öz fəaliyyətini bərpa etməsi isə bir o qədər sevindiricidir. Elçin bəy başda olmaqla bütün kollektivə uğurlar arzulayıram”.
"Ayna” saytında ancaq "köşə yazı”larının getməsinə gəldikdə isə Z.Hacı bunun çox gözəl konsepsiya olduğunu deyib: "Azərbaycanda kifayət qədər ziyalı insanlar var ki, onların fikirləri və düşündükləri insanlar üçün maraqlıdır. Bu mənada onların fikirlərinin toplandığı bir tribuna oxucular üçün maraqlı ola bilər. Mənə elə gəlir ki, "Ayna”nın fərqli bir layihə olması bir növ etiraz xarakteri daşıyır. Faktiki olaraq, bu gün Azərbaycanda obyektiv xəbər yaymaq, xəbərləri düzgün formada çatdırmaq o qədər də asan deyil. İmkanlar məhduddur. Belə hallarda isə publisistika vəziyyətdən çıxış yolu kimi dəyərləndirilə bilər. İstənilən halda, "Ayna” kollektivinə uğurlar arzulayıram. Nəticə isə zamandan asılı olacaq. Görək, "Ayna” nə göstərəcək!”.
Fəaliyyəti bərpa edilən media qurumu ilə əməkdaşlığa gəldikdə isə köşə yazarı müvafiq qonorar və söz azadlığı müqabilində "Ayna” ilə əməkdaşlığa hazır olduğunu deyib: "Dəfələrlə demişəm ki, istənilən qəzetlə, saytla əməkdaşlıq edə bilərəm. Mənim üçün elə bir problem yoxdur. Fəhlə adamlarıq, harada desələr, orada da daşımızı atarıq!”.
Köşə yazarı Elnur Astanbəyli isə ancaq müəllif yazılarından ibarət saytlara dünya təcrübəsində rast gəlindiyini deyib: "Bu cür saytlarda analitik, təhlili yazılara daha çox üstünlük verilir. Yalnız "köşə yazı”larına yer ayırması baxımından "Ayna”nı bir yenilik kimi qəbul etmək olar. Amma layihənin effektiv olması ilk növbədə müəlliflərin yazdığı yazılardan asılı olacaq. Bilirsiniz ki, Azərbaycanda köşə yazarlığının tarixi bir o qədər uzağa getməsə də, bu cür yazılar qısa bir vaxt ərzində oxucular tərəfindən qəbul olundu və kifayət qədər maraqla qarşılandı. Hətta deyərdim ki, bir sıra qəzetləri və saytları məhz köşə yazarları ilə tanıyır, oxuyur və ya xatırlayırıq. Bütün bunlar fonunda "Ayna”nın uğurlu bir layihə olacağını düşünürəm. Əslində Azərbaycanda rəngarəng yazıların, çoxşaxəli təhlillərin yer ala biləcəyi bir saytın olması təqdirəlayiq olardı. "Ayna” qəzetinin özünün də bəlli bir keçmişi var. İndiki halda onun sadəcə sayt formasında belə olsa, bərpası bizi çox sevindirdi. Amma yenə də hər şeyin müəlliflərin yazı üslubu və saytda onlara tanınacaq azadlıqdan asılı olacağını düşünürəm. Amma istənilən halda bu layihə ilk təcrübə kimi maraqlı olacaq. Xatırlayırsınızsa, 2000-ci illərin ortalarında fəaliyyət göstərən "Alma” qəzeti də əsasən müəllif yazıları üzərində qurulmuşdu. Çox sayda köşə yazarlarının cəlb olunduğu bu qəzet kifayət qədər oxucu kütləsi toplamışdı. Ümid edirəm ki, "Ayna” da bir ilk olaraq özünü doğruldar”.
E.Astanbəyli də təklif gələcəyi halda "Ayna” ilə əməkdaşlığa hazır olduğunu deyib: "Arzuladığım azadlığı mənə verən hər hansı bir mətbu orqanla əməkdaşlıqdan heç vaxt imtina eləmərəm. Bu şərtlər müqabilində təklif gəlsə, məmnuniyyətlə, "Ayna” üçün yazaram. Sözün açığı Elçin bəylə işləmək şəxsən mənim üçün də çox maraqlı olardı”.
Şəymən