Azərbaycan daha müasir və güclü olacaq

Ekspertlər Konstitusiyaya dəyişikliyi dəyərləndirirlər
Siyasi Araşdırmalar İnstitutu: “Azərbaycanda vitse-prezidentlik institutu daha çevik olacaq”


"Nazirlər Kabineti öz üzərinə düşən məsuliyyəti tam yerinə yetirə bilməyib”. Bunu YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı danışarkən deyib. Azərbaycanın çoxmilyonlu ölkələr sırasına daxil olduğunu deyən Aydın Mirzəzadənin sözlərinə görə, bir sıra məsələlərdə yeniliklərin edilməsinə ciddi ehtiyac yaranıb. Millət vəkili bildirib ki, ilk növbədə insan hüquq və azadlıqlarının genişləndirilməsi ilə bağlı təkliflər verilib. İkinci məqam isə idarəetmə mexanizmində yenilik tələb edən məsələlərə dəqiqlik gətirilməsidir:

"Bunlardan biri parlamentlə prezident arasında münasibətlər məsələsidir. Parlamentin hansı halda buraxılması dəqiqləşdirilir. Məsələn, əvvəlki qaydaya görə, parlamentin prezidentin təqdimatı ilə baş nazir, ölkə prokuroru, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri və digərlərini təyin etmək hüququ var. Amma nəzəri cəhətdən elə bir vəziyyət yarana bilər ki, parlament bunu bir neçə dəfə etməyə bilər. Nəticədə ölkənin idarəetmə sistemi iflic vəziyyətə düşər. Ona görə də təklif edilən dəyişikliklərə əsasən, il ərzində iki dəfə prezidentin təqdim etdiyi namizədlər təyin edilməsə, o halda parlament prezident tərəfindən buraxıla bilər”. Deputatın sözlərinə görə, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılması da zamanın tələbidir: "Prezident seçilən şəxs sadəcə olaraq ölkəni idarə etmir, həm də ölkənin inkişafı ilə bağlı proqramları həyata keçirir. Beş il bu proqramların həyata keçirilməsi üçün azdır. Bu baxımdan, prezidentin səlahiyyət müddətinin beş ildən yeddi ilə çatdırılması çox vacibdir. Ölkədə vitse-prezident institutunun yaradılması isə prezident səviyyəsində ayrı-ayrı istiqamətlərə məsul şəxslərin təyin edilməsinə gətirib çıxarır. Bu yeniliklər, ilk növbədə Azərbaycanın özünün dövlətçilik təcrübəsindən irəli gəlir. Azərbaycan təcrübəsi bunların tətbiqini vacib edir. Eyni zamanda, beynəlxalq təcrübə var. Azərbaycan beynəlxalq təcrübənin ən yaxşılarını sentyabrın 26-da keçiriləcək referendumda təklif edir”. A.Mirzəzadə vurğulayıb ki, Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referendumdan sonra Azərbaycan Nazirlər Kabinetinin üzərinə xüsusi məsuliyyət düşür: "Nazirlər Kabineti prezidentin iqtisadi komandasıdır və onun iqtisadi siyasətini həyata keçirən orqan kimi ötən dövrdə öz üzərinə düşən məsuliyyəti tam yerinə yetirə bilməyib. Nazirlər Kabineti çevik və mobil qərarlar qəbul edən, qərarların qəbuluna daha az vaxt sərf edən orqana çevrilməlidir. Bu qurum prezidentin iqtisadi siyasətinin həyata keçirilməsində ən fəal orqan kimi işləməlidir. Hesab edirəm ki, referendumdan sonra Nazirlər Kabinetinin fəaliyyətinə yeni ruh, yeni ab-hava gələcək”. Millət vəkili vurğulayıb ki, hər bir ölkə yeniliklərin formatı və zamanını özü müəyyən edir: "Bu yeniliklər ilk növbədə Azərbaycanın inkişafından irəli gələn tələblərdir. Hesab edirəm ki, sentyabrın 26-da Konstitusiyaya edilən dəyişikliklər Azərbaycanda inkişaf tempini artıracaq, Azərbaycanı daha müasir və güclü edəcək”.

"Dəyişən geosiyasi şərait, regionda baş verən proseslər, eyni zamanda Azərbaycanın öz daxili inkişaf məntiqindən doğan proseslər dövlət idarəçiliyi sistemində institutlaşma proseslərində müəyyən dəyişikliklərin edilməsini zəruri edir”. Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

İnstitut direktoru bildirib ki, bu dəyişikliklər ilk növbədə idarəçilik sistemininin çox sürətlə dəyişən reallıqlara çevik reaksiya verməsini şərtləndirən məsələlərdir: "Bu baxımdan hesab edirəm ki, sentyabrın 26-da ölkə Prezidentinin təşəbbüsü ilə Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı keçiriləcək referendum Azərbaycanın son illər ərzində keçdiyi yolun məntiqindən doğan prosesdir. Bu dəyişikliklər dövlət idarəçilik sistemini əhatə edir. İslahatlar insanların hüquq və azadlıqlarının daha səmərəli şəkildə müdafiəsi məsələlərini özündə ehtiva edir”.

E.Nəsirovun sözlərinə görə, diqqəti cəlb edən məqamlardan biri də Azərbaycanda prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılmasıdır.

Bunu olduqca vacib addımlardan biri sayan deputatın fikrincə, bu dəyişikliyin edilməsini şərtləndirən vacib amil odur ki, bir çox hallarda dövlət başçısının birbaşa təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən islahatlar üçün zamana ehtiyac yaranır: "Biz prezidentin səlahiyyət müddətinin 7 il olmasına keçirik, dünyada isə 7 illik prezidentlik yoxdur” kimi yanaşma düzgün deyil. Bu baxımdan biz "pioner” deyilik. Çünki bir çox ölkələrdə, məsələn, İsraildə, İrlandiyada, Özbəkistanda 7, Rusiyada isə 6 illik prezidentlik müddəti var. Burada əsas məqsəd Prezidentin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlu təminatına nail olmaq üçün zaman qazanmaqdır”.

Azərbaycanda vitse-prezidentlik institutunun yaradılmasını dövlət idarəçiliyi sistemində yeni hadisə sayan E.Nəsirovun sözlərinə görə, məsələ ilə bağlı dünya, eləcə də qonşu ölkələrin təcrübəsinin öyrənilməsi belə bir qənaətə gəlməyə əsas verir ki, prezident idarəçiliyinin olduğu respublikalarda vitse-prezident institutunun mövcudluğu dövlətin yaxşı idarə edilməsinin təminatı, qərarların çevik qəbulu və həyata keçirilməsi baxımından olduqca səmərəlidir: "Vitse-prezidentlik institutunun daha çevik olacağına heç kəsin şəkk-şübhəsi yoxdur. Azərbaycanda Prezident və administrasiyasının kifayət qədər çevik və qətiyyətli fəaliyyət göstərdiyi heç birimizə sirr deyil”.

E.Nəsirov qeyd edib ki, Azərbaycan növbəti 10 il ərzində inkişaf etmiş ölkələr sırasında olmağı hədəfə alıb: "Buna nail olmaq üçün Azərbaycanın unikal idarəçilik sistemi olmalıdır”.

Azərbaycanda prezident idarəçiliyinin, eyni zamanda Nazirlər Kabinetinin olduğunu xatırladan institut direktoru bildirib ki, NK bir çox hallarda çox sürətlə dəyişən reallıqlara, çevik qərar verilməsi tələb olunan proseslərə adekvat reaksiya verə bilmir. Onun fikrincə, bu, heç də NK-nın pis işləməsinin nəticəsi deyil: "Sadəcə olaraq, qurumun işlək mexanizmi belədir. Burada kollegiallıq prinsipi var ki, bu da zaman baxımından çevikliyi məhdudlaşdıran amildir”.

İsmayıl