"Azərbaycan, İran və Türkiyə riskli cərəyanları zərərsizləşdirirlər" - Politoloq





"Üç qonşu dövlətin müxtəlif formatlarda münasibətləri inkişaf etdirməsi bu üçbucaq arasında böyük inam və etimad hissinin olduğunu sübut edir”.

Bunu "Sherg.az”a Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünün yekunlarından danışarkən politoloq Tofiq Abbasov deyib. 

O vurğulayıb ki, tərəflər Yaxın Şərq və Orta Asiya bölgəsində başlayan təhlükəli proseslərin müqabilində əməkdaşlığın inkişaf etdirilməsini bir çox təkliflərə tutarlı cavab kimi qiymətləndirirlər:

"Əməkdaşlıq və ticari əlaqələrin artması, siyasi dialoqun möhkəmlənməsi riskli cərəyanları zərərsizləşdirir. Dünya elitası regiondakı ümumi vəziyyəti qənaətbəxş hesab edə bilər. Bu üç ölkənin səlahiyyətində olan, birlikdə istismar edilən nəqliyyat kommunikasiya xətləri mühafizə edilir. İnteqrasiyanın tədricən artmasının şahidi oluruq.

Bu yaxınlarda İstanbulda keçirilən zirvə toplantısında da aydın oldu ki, hər üç dövlətin nümayəndələri prinsipial məsələlər münasibət bildirməkdə qətiyyətlidirlər. Bu dövlətlərin yanaşmaları, baxışları kəsişir. Bütün bunları nəzərə aldıqda, genişlənən münasibətlər qonşuluq siyasəti, qarşılıqlı etimadın artması region üçün müsbət hala çevrilir.

XİN rəhbərləri ölkə başçılarının bilavasitə nümayəndəsi kimi önəmli məsələləri gözdən keçirirlər. Bundan sonra artıq dövlət başçıları da zirvə toplantısında aydın gündəliklə bağlı müddəaları müzakirə edib, yerinə yetirə bilər. Ümumilikdə bu üçtərəfli görüş təhlükəsizliyin bərqərar olunmasına, sabitliyin möhkəmlənməsinə dəstəkdir”.

Aysel Aslan