"Biz fəxr edirik ki, İslam dünyasının ən qədim məscidlərindən biri ölkəmizdə yerləşən, bir neçə il əvvəl bərpa edilən Şamaxı Cümə məscididir”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qurub, ikitərəfli və çoxtərəfli qaydada, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində münasibətlər möhkəmlənib: "İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələr güclənib. Keçən il İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli qətnamə qəbul edilib və kontakt qrupu yaradılıb. Ölkəmizin təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyası fəaliyyətə başlayıb.
Bundan əlavə, İSESCO-nun üzvü olan Azərbaycan təşkilat çərçivəsində uğurlu fəaliyyəti ilə seçilib. Bir neçə il əvvəl İSESCO tərəfindən Bakı İslam mədəniyyətinin paytaxtı elan edilib, gələn il isə bu missiyanı qədim Naxçıvan şəhəri daşıyacaq”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bütün müsəlman aləmində birliyin, həmrəyliyin təmin olunmasına çalışır və bu istiqamətdə önəmli addımlar atır: "İslam həmrəyliyi bizim üçün sadəcə şüar deyil, əsas istiqamətlərdən biridir. Bunu gördüyümüz işlər də təsdiq edir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bu, bizim böyük sərvətimizdir”.
14:20
"2017-ci il ölkəmizdə "İslam Həmrəyliyi İli” elan edilib və il ərzində bir çox beynəlxalq tədbirlər keçirilib. Azərbaycan İslam həmrəyliyinə böyük töhfə verir”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib. O bildirib ki, Azərbaycan xalqı əsrlərdir milli-mənəvi dəyərlərini qoruyub yaşadır: "İslam dəyərləri də bunun tərkib hissəsidir. Ölkəmizdə din sahəsində hökm sürən əmin-amanlıq ölkəmizi gücləndirir".