Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllində maraqlıdır

Azərbaycan XİN rəhbəri: “Ermənistan "status-kvo"nu dəyişmək üçün edilən beynəlxalq çağırışlara məhəl qoymamaqda davam edir”



 "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində "status-kvo"nu dəyişmək üçün edilən beynəlxalq çağırışlara məhəl qoymamaqda davam edir”.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vıseqrad və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, bu ilin aprel ayında Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində törədilmiş son təxribat aktları münaqişənin tarixində görünməmiş gərginliyə səbəb olub. "Biz həmişə aydın şəkildə bildirmişik ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik 7 rayonunda Ermənistan silahlı qüvvələrinin davam edən mövcudluğu qeyri-sabitliyin və təmas xətti boyunca tez-tez baş verən ölümcül hərbi qarşıdurmaların əsas mənbəyidir”, - deyə nazir vurğulayıb.
E. Məmmədyarov qeyd edib ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllində maraqlıdır: "Onun sülh və sabitlik üçün yol xəritəsi aydındır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan "Vışeqrad dördlüyü" və digər beş Şərq Tərəfdaşlığı ölkəsi kimi öz ərazi bütövlüyünü güzəştə getməyəcək. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində tələb edildiyi kimi Ermənistan silahlı qüvvələri qeyd-şərtsiz işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalı və məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz şəkildə qayıtması təmin edilməlidir”.