Yevda Abramov: "İndi bu təşkilatlardan birinin tərkibinə daxil olsaq, kim zəmanət verir ki, məsələ həll olunacaq. Bu məsələləri zaman həll edəcək"
"Azərbaycan öz yolunu seçəcək”.
Bu barədə "Sherg.az”a "Azərbaycan Avropa İttifaqını dəstəkləyək yoxsa, Rusiyanın Avrasiya Birliyini ?" sualını cavablandırarkən millət vəkili Yevda Abramov bildirib.
Deputat vurğulayıb ki, hansısa ölkə Azərbaycana nəysə diktə edə bilməz:
"Dövlət öz yolunu - Avropa İttifaqının, yaxud Avrasiya İttifaqının tərkibində olmaq seçimini müəyyənləşdirəcək. Azərbaycan müstəqil, balanslaşdırılmış siyasət yürüdən ölkədir.
Qarabağ məsələsinin həll edilməsi bu təşkilatlarla bağlı deyil. Yalan vədlərdir. Azərbaycan SSRİ-nin tərkibində olanda Qarabağ problemi başlamışdı. İndi bu təşkilatlardan birinin tərkibinə daxil olsaq, kim zəmanət verir ki, məsələ həll olunacaq. Bu məsələləri zaman həll edəcək. Siyasətçilərin qabaqcadan sehirbazlıq və öncəgörənlik etməsi düzgün deyil. Bu, çox qəliz sualdır. Azərbaycan prezidentinin çox güclü xarici siyasəti var. Zaman özü diktə edəcək ki, bəladan hansı yolla qurtarmaq olar.
Amerika konqresmenlərinin Azərbaycan haqqında hazırladığı qətnamələrə də toxunan Y.Abramov bəyan edib ki, insan hüquqlarını əldə vasitə ediblər:
"İnsan hüquqları bütün ölkələrdə tam həll edilmir. Heç bir ölkə deyə bilməz ki, ərazisində bütün insanların hüquqları özləri istədikləri kimi təmin olunur. Bunu siyasi arqumentləşdirmək lazım deyil. Ona görə, ABŞ senatorları nə edirlər öz işləridir. Hələlik, bu gün Azərbaycanın iqtisadi, siyasi inkişaf tempinə görə, insan hüquqları problemi həll olunub. Əslində gənc ölkə olmasına baxmayaraq, Azərbaycan qədim demokratiya ənənəsi olan ölkələrə nümunədir. Azərbaycana belə dərslər keçmək üçün onlar hələ çox təcrübəsizdir. Lazım deyil. Xaricdən gələn belə hay-küylərə uymayın. Azərbaycan mətbuatı da Azərbaycan oxucusuna vicdanla xidmət etməlidir. Məqalə, reytinq xatirinə popurizmə yuvarlanmaq lazım deyil. Siyasət ağır şeydir, hər insanın yükü deyil”.
Qeyd edək ki, son günlər Azərbaycanın Avropa İttifaqı (Aİ) və ya Rusiyaya məxsus Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olacağına dair müzakirələr aparılır. Avropa mediası da bu məsələyə böyük diqqət ayırır. Azərbaycanın öz mövqeyini - ya Rusiya, ya da Qərbi seçməlidir - dəqiqləşdirməli olduğunu yazırlar.
Ayyət ƏHMƏD