Zəlimxan Məmmədli:"Həmin "zehniyyət" - iki xalq arasındakı etimadsızlığı dərinləşdirməyə çalışanlar bu gün məni Azərbaycandan Gürcüstana baxmağa vadar edir"
"Gürcüstanda güllələnən azərbaycanlı siyasətçinin öldürülmə səbəbləri araşdırılmalıdır. Bunun siyasi, milli yoxsa, şəxsi məsələ olub-olmaması aydınlaşdırılmalıdır”.
Bunu "Sherg.az”a hakim "Gürcü Arzusu” Partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarov və onu müşayiət edən üç nəfərin güllələnməsi ilə bağlı danışarkən tanınmış ictimai-siyasi xadim Zəlimxan Məmmədli deyib.
O bildirib ki, məsələ araşdırılmadan mütləq bir qütbdən çıxış etmək doğru olmaz:
"Bütün hallarda demokratiya ilə oyun oynamaq olmaz. Demokratiya qapıdan giribsə, onun fəsadlarına, ağrılarına dözmək lazımdır. Lakin belə milli məsələləri qabartmaq düzgün deyil.
Azərbaycan və Gürcüstan arasında da münasibətləri korlamaq istəyən güclər var. Mən özüm də bunun ağrısını dadanlardan biriyəm. Həmin zehniyyət - iki xalq arasındakı etimadsızlığı dərinləşdirməyə çalışanlar bu gün məni Azərbaycandan Gürcüstana baxmağa vadar edir. Baxmayaraq ki, əslim, nəslim, babalarımın ruhu ordadır. Bu cür yanaşma, xüsusilə Azərbaycan vətəndaşına belə münasibət göstərmək olmaz.
Ona görə, baş verən hadisə ilə bağlı, həmin siyasətçinin araşdırılmasını və ictimaiyyətlə birlikdə addım atılmasını təklif edərdim. Çünki cinayət işində, istintaqda ictimaiyyət nümayəndələrinin iştirak etməyə haqqı var. Obyektiv, şəffaf istintaq aparılıb, cinayətin motivləri ortaya çıxarılmalıdır.
Bu cinayət milli məsələlərə görə də baş veribsə, tamam fərqli hadisədir. Dialoq qurulması, masa arxasında oturmaqla problemi həll etmək lazımdır. Çünki biz Qafqazda birlik, bərabərlik, hər iki dövlətin sağlam, təməl münasibətlərinin inkişaf etməsindən asılıdır. Gürcüstan və Azərbaycan arasındakı münasibətləri korlamaq istəyən Ermənistan və ya Rusiya kimi qüvvələr iki xalqın birlikdə yaşamasında maraqlı deyil”.
Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, oktyabrın 19-da Marneuli rayonunun Qızılhacılı kəndində "Gürcü Arzusu” Partiyasının seçki qərargahının yaxınlığında naməlum şəxslər 4 nəfərə avtomatik silahdan atəş açıb. Yaralananlar təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Onların həyatları təhlükə altında deyil. Cinayət Məcəlləsinin qəsdən ağır xəsarətin yetirilməsi maddəsi üzrə istintaq aparılır.
Aysel Aslan