"15-18 yaş arası məktəblilərin abortu ilə bağlı açıqladığım statistika Səhiyyə Nazirliyinin müəyyən etdiyi rəsmi rəqəmlərdir”.
Bu barədə "Sherg.az”a son bir neçə gündə sosial şəbəkələrdə müzakirə obyektinə çevrilmiş məktəblilərin abortu ilə bağlı fikirlərə münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov bildirib.
O diqqətə çatdırıb ki, Azərbaycanın təhsil haqqında qanununa görə, 6-18 yaşlı şəxslər məktəbli sayılır:"Vətəndaşlar üçün nikah yaşı isə 18-dir. Abort etdirən 15-18 yaşlı qızlar qanunvericiliyə görə, orta məktəblərdə təhsil alan şagirddir. Amma onlar 9-cu sinifdən orta məktəbdən çıxıb, yoxsa çıxmayıb bu, başqa məsələdir.
Erkən nikahların statistikası da hər il açıqlanır. Son 16 il ərzində 10 mindən çox erkən nikah qeydə alınıb. Amma 2013-cü ilə qədər erkən nikahlar daha kütləvi idi. Qanun dəyişikliyindən sonra nikah yaşı artırıldı, qarşısının alınması üçün tədbirlər görüldü. Nəticədə erkən nikahların sayı hər il 350-400-ə yaxın oldu.
Bir daha qeyd etməliyəm ki, statistik rəqəmlərə görə, vəziyyət bu cürdür. Həmin şəxslərin məktəbli olub-olmaması, hadisələrin məktəblə bağlı olması sual altındadır. İstənilən halda bu rəqəmlər həqiqəti əks etdirir”.
Sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, orta məktəblərdə mənfi hallar yaşanırsa, cəmiyyətin özündə profilaktik tədbirləri artırmalıdır:"Televiziyalarda yüngül davranışlı qadınların, açıq-saçıq danışıqlarına çox yer verilir. Hətta bir dəfə xalq artisti olan qadını mətbuatda tənqid etdim ki, televiziyada belə açıq-saçıq danışmazlar. Xalq artistləri, sənətçilər gənclərin, yeniyetmələrin diqqət mərkəzində olurlar. Müğənnilərin fanatları da gənclərdir. Sosial psixologiyada təsdiq olunmuş məsələdir ki, diqqət mərkəzində olan şəxslərin hərəkəti cəmiyyətə təsir göstərir. Açıq-saçıqlığı təbliğ edən "azadlıq” prinsipi əsasında qurulan, əslində isə cəmiyyətə mənfi davranışlar ötürən verilişlər televiziyalardan yığışdırılmalıdır.
Orta məktəblərin özünün də vəzifələri dəyişib. Yeni nəsli cəmiyyətə, həyata hazırlayan 3 güclü faktor var: ailə, cəmiyyət, məktəb. Təəssüf ki, ailədə də, cəmiyyətdə də gərginlik artıb. Amma vəzifələr qalır, yeni nəsli layiqli tərbiyə etmək, yetişdirmək lazımdır. Yaranmış vəziyyətdə məktəbin rolu da güclənib. Burada mühit dəyişməlidir, təhsil müəssisəsi mühiti olmalıdır. Dəfələrlə demişəm, cəmiyyətdə, xüsusilə gənclər arasında mənəvi dəyərlərə marağı artırmalıyıq. Bütün bunlar üçün böyük, ciddi humanitar siyasət həyata keçirilməlidir. Elmi tədqiqat mərkəzləri cəlb olunmalı, fəaliyyət proqramları hazırlanmalıdır”.
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova da Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. S.Məmmədova açıqlamasında deyib ki, Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatları baş mütəxəssis kimi o da araşdırıb. S. Məmmədova bu məlumatın həqiqətə uyğun olmadığını, kimlərinsə şou yaratmaq üçün belə açıqlama verdiyini söyləyib:"Bu rəqəmin mənbəyi olmalıdır. Məlumatlar yalnız statistik rəqəmlər olduqda biz ona istinad edə bilərik. Digər tərəfdən, bizim tərbiyəmiz, mentalitetimiz yol vermir ki, 9-11-ci sinif şagirdləri abort etdirsin".
Baş mütəxəssis əlavə edib ki, Azərbaycanda şagirdlər arasında abortların olması halları tək-tük hallarda baş verir. Belə hallar baş verdikdə cinayət işləri açılır və KİV-lərdə məlumat verilir:
"Şagirdlər arasında baş verən tək-tük abortlar qanuni şəkildə - tibbi göstərişlərlə icra edilir. Bu haqda mətbuatda rəsmi açıqlama verilir".
Azərbaycanda abortların icrasının qanuni əsaslarla həyata keçirildiyini deyən S.Məmmədova bildirib ki, bu məlumatlar şəffaf sistem əsasında toplanır. Buna görə də o qədər sayda gizlənmiş abortun olması mümkün deyil.
O bildirib ki, hər bir tibb müəssisəsində abort edilən şəxsin şəxsiyyət vəsiqəsi ilə kart açılır. Qeydiyyatı aparılan bütün xəstələr barədə məlumatlar vahid elektron sistemdə toplanır. Buna görə də müraciət edən şəxslər barədə tələb olunan məlumatları oradan əldə etmək mümkün olur.
S.Məmmədova məktəbyaşlı qızların abort edilməsini də çox təhlükəli hesab edir:
"Heç bir həkim məktəbyaşlı qızların abort olunması məsuliyyətini öz üzərinə götürməz. Çünki məktəbyaşlı qızların orqanizmi tam yetişkən deyil. O qızlar hamilə qala bilərlər. Amma onların orqanizmi - qan sistemi, qaraciyəri və s. tam mükəmməl olmadığından belə qızları abort etdirmək onları doğuzdurmaq qədər böyük risk, təhlükəlidir".
Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov mətbuata verdiyi açıqlamasında son 3-4 ildə 1200-ə qədər 9-11-ci sinif şagirdinin abort etdirdiyini açıqlayıb. Xatırladaq ki, 2016-cı ildə Azərbaycanda 34569 abort edilib. 2016-cı ildə edilən abortların 20323-ü 15-29 yaşlı qadınlaırn payına düşür. 2016-cı ildə 15-17 yaşlı qadınlar tərəfindən 19 (2015-ci ildə 50), 18-19 yaşlı qadınlar tərəfindən 1242 (2015-ci ildə 1425), 20-24 yaşlı qadınlar tərəfindən 7773 (2015-ci ildə 5983), 25-29 yaşlı qadınlar tərəfindən 11289 (2015-ci ildə 8573) abort edilib.
Aysel Aslan