Çingiz Qənizadə: “Mən ölkədə vətəndaşların silah gəzdirməsinin tərəfdarı deyiləm”
Azərbaycanda silahlı insidentlərin sayı artır
İlqar Altay: “Qonşu ölkələrdən “kontrabanda” üsulu ilə ölkəmizə silahların sızması istisna deyil”
Çingiz Qənizadə: “Mən ölkədə vətəndaşların silah gəzdirməsinin tərəfdarı deyiləm”
Çingiz Qənizadə: “Mən ölkədə vətəndaşların silah gəzdirməsinin tərəfdarı deyiləm”
Dəyanət Rzayev: "Azərbaycan vətəndaşları silah gəzdirməyə hazır deyillər”
"Əgər divarda tüfəng varsa, bu tüfəng mütləq açılmalıdı” - deyimi özünü daha qabarıq şəkildə göstərməkdədir. Azərbaycanda silahlı cinayətlərin sayı günbəgün artmaqdadır. Cinayətlər isə bir qayda olaraq qeyri-qanuni yollarla əldə edilmiş odlu silahlarla törədilir.
Ayda ən azı bir neçə dəfə odlu silahla müxtəlif cinayətlər törədilir, insanlar maddi və mənəvi zərərə düşür, xəsarət alır və ölürlər. İki qardaşın ölümü ilə nəticələnən cinayət hadisəsi isə bu mövzunun bir daha gündəmə gəlməsini şərtləndirib. Göründüyü kimi, vətəndaşlar arasında odlu silahdan istifadə geniş yayılıb.
Maraqlıdır, mülki əhalidə bu qədər odlu silah hardandır? Axı Azərbaycanda silahın açıq satıldığı mağaza və ya bazar yoxdur?!
Nəzərə alsaq ki, bu gün silah mağazalarında ancaq ov tüfənglərinin satışına icazə var, o zaman ortaya sual çıxır. Cinayətdə törədilən bu silahlar hardan əldə olunur?
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist- ekspert İlqar Altayın sözlərinə görə, silahların gəzdirilməsi və saxlanması məsələsinə nəzarəti Daxili İşlər Nazirliyinin müvafiq orqanları həyata keçirir: "Həmin orqanların müvafiq şöbələrində konkret strukturlar var ki, onlarda silah gəzdirən insanların siyahısı var. Amma hesab edirəm ki, Azərbaycanda silah gəzdirən insanlara qarşı nəzarət gücləndirilməlidir. Bu sahənin bir qədər təkmilləşdirilməsinə çox ciddi ehtiyac var. Çünki bəzi şöbələrdə müvafiq strukturlar olsa da, bölmələrdə yoxdur. Şöbələrdə isə konkret bu sahə ilə məşğul olan kadrlar çox azlıq təşkil edir. Ölkədə isə qanunla silah gəzdirən insanların siyahısı həddindən artıq çoxdur. Kadr az olduğu üçün də öhdəsindən tam gəlmək olmur. Hesab edirəm ki, bölmələrdə də müvafiq strukturlar açılsa, bu sahədə heç bir problem yaşanmaz”.
Qanunsuz silahlar məsələsinə gəldikdə isə kriminalist-ekspert bildirib ki, bunun səbəbi Azərbaycanın müharibə şəraitində olması və hər tərəfdən müxtəlif dövlətlərlə əhatə olunmasıdır:
"Qonşu ölkələrdən "kontrabanda” üsulu ilə ölkəmizə silahların sızması istisna deyil. Həm də ölkəmiz müharibə şəraitində olduğu üçün döyüş bölgələrindən silahların gəlməsi də mümkündür”.
Bütün məsuliyyəti hüquq-mühafizə orqanlarının üstünə atmağın doğru olmadığını vurğulayan İ.Altay deyib ki, istənilən ölkədə, hətta sovet dövlətində belə qanunsuz əldə olunan silahlar vardı: "Ən yaxşı mübarizə üsulu silahların qanuni və ya qeyri-qanuni saxlanması məsələsində cəza tədbirlərinin sərtləşdirilməsidir. Hesab edirəm ki, bu cür tədbirlərin effektiv nəticəsi olacaq. Onu da deyim ki, hər nə qədər Azərbaycanda silahlı insidentlərin sayı artsa da, dünya ölkələrinə nisbətən bizdə vəziyyət o qədər də acınacaqlı deyil: "Bu cür hadisələr tək bizdə deyil, bütün dünyada artmaqdadır. Digər ölkələrə nisbətən Azərbaycanda çox şükürlər olsun ki, gərgin vəziyyət yoxdur”.
Millət vəkili Çingiz Qənizadə saytımıza açıqlamasında Azərbaycanda adi vətəndaşların odlu silah gəzdirməsinə ehtiyac olmadığını bildirib: "Silahlar yalnız şəxsin həyatına, sağlamlığına təhlükə olarsa verilir. Bundan başqa, millət vəkilləri, hüquq-mühafizə orqanında çalışanlar, məhkəmə sədrlərinə də Daxili İşlər Nazirliyi uyğun bilərsə, silah verir. Baxmayaraq ki, millət vəkillərinin silah gəzdirmək hüququ var, amma nazirlik bütün deputatlara buna icazə vermir. Mən ölkədə vətəndaşların silah gəzdirməsinin tərəfdarı deyiləm. Silah həmişə açılmağa hazır vəziyyətdə olur. İnsanlar emosiyalarını cilovlaya bilməyəndə silaha əl atırlar. Amerikada son hadisələr göstərir ki, çoxsaylı insanların rahat formada silah gəzdirməsi məqsədəuyğun deyil. Dövlət və mühafizə orqanları hər kəsin təhlükəsizliyini qoruyur. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda buna ehtiyac yoxdur”.
Psixoloq Dəyanət Rzayev isə azərbaycanlıların odlu silah gəzdirməyə hazır olmadıqlarını deyib: "İnsan kimisə öldürmək istəsə, bunu istənilən alətlə edə bilər. Amma silah daha çox psixoloji xarakter daşıyır. Azərbaycanda psixopatların sayı həddindən artıq çoxdur. Hər üç adamdan birində psixopatiya əlamətləri var. Məsələn, Azərbaycanda əksər sürücülər işıqforda dayanıb siqnal verirlər. Elə bil ki, onun siqnalı ilə işıqforun işıqları dəyişəcək. Psixopatlar səbirsiz insanlardır. Onlar daimi əllərini tərpədir, qeyri-adekvat hərəkətlər edirlər. Onsuz da ölkədə insanlar bir-biri ilə gərgin rəftar edirlər. İki şəxs maşını düzgün döndərməməyin üstündə saatlarla mübahisə edirlər. Silah olanda mübahisənin bir hissəsində qarşısındakı adamı vurub öldürəcək. Bu baxımdan Azərbaycan vətəndaşları silah gəzdirməyə hazır deyillər. Baş verən silahlı cinayətlər də bunu sübut edir”.
Şəymən