Ərəstun Oruclu: “Araşdırmalarımız göstərir ki, məsələ Avropa nəşrlərində yazıldığından daha mürəkkəbdir”
Azərbaycandakı xarici ölkə səfirliklərinin və konsulluqların təhlükəsizliyi gücləndirilib. Xüsusi xidmət orqanları səfirliklərdə mühafizənin gücləndirilməsinin əsas səbəblərini açıqlamasalar da, bu tədbirlərin dünyanı təhdid edən radikal qrupların terror hədəsi ilə əlaqəli olduğunu bəyan ediblər.
Məlumat üçün bildirək ki, bu günlərdə "Another Western Dawn News” adlı Avropa nəşri Azərbaycanda İŞİD təhlükəsi ilə bağlı sensasion xəbər dərc edib. Xəbərdə deyilir ki, "İraq Şam İslam Dövləti”nin rəhbər şəxslərindən biri Azərbaycandan olan silahlıları bir yerə toplayaraq, onları Qərbin dəstəklədiyi Azərbaycan hakimiyyətinə qarşı silaha sarılmağa çağırıb: "Biz Bakını "xilas” etməliyik. Heç şübhəsiz, Azərbaycanın və onun təbii sərvətlərinin islam dünyasındakı yeri bərpa olunacaq”. Nəşr onu da iddia edib ki, islam cihadçılarını yönləndirən və maliyyələşdirən Səudiyyə Ərəbistanının milyonçuları hələ 1998-ci ildən etibarən Azərbaycanda gizli radikal mücahidlərin hazırlanmasına və formalaşdırılmasına başlayıblar. Məlumatda vurğulanıb ki, sonradan Suriyaya yollananlar məhz həmin dəstələrdə hazırlıq keçənlərdir. Azərbaycanda İŞİD təhlükəsinin nə dərəcədə real olduğunu dəyərləndirən Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı, politoloq Ərəstun Oruclu deyib ki, radikal qruplaşmalar təkcə terrorla deyil, həm də reketçiliklə məşğuldur: "İŞİD terrorçuları girov götürdüyü yapon jurnalistlər üçün Yaponiyadan 200 milyon dollar tələb etdilər. Bu, artıq terrorçuluq yox, quldurluq və reketçilikdir. Belə təşkilatların istənilən dövlətə bu və ya digər xarakterli təhdidləri mümkündür və ciddiyə alınmalıdır. O cümlədən də Azərbaycana qarşı. Çünki Azərbaycanın neft ölkəsi olaraq müəyyən gəlirləri var. Şübhəsiz ki, belə gəlirlər radikal terrorçu təşkilatlar üçün cəlbedici ola bilər. Faktiki olaraq bu gün dünyada soyğunçu, quldur, terrorçu kimi keyfiyyətləri özündə toplamış yeganə təşkilat İŞİD-dir. Bu baxımdan avropalıların və amerikalıların İŞİD-lə bağlı xəbərdarlıqları ciddiyə alınmalıdır”. Ə.Oruclunun sözlərinə görə, Azərbaycandan Suriyaya və İraqa gedən döyüşçülərin sadəcə ərəb dövlətləri tərəfindən toplanması və maliyyələşməsi doğru deyil: "Həmin insanları bir araya yığan yeganə amil ərəb ölkələrinin milyonları deyil. Burda başqa dövlətlərin də rolu var. Araşdırmalarımız göstərir ki, məsələ Avropa nəşrlərində yazıldığından daha mürəkkəbdir”.
Politoloq səfirliklərin hədəfə alınmasının səbəblərini belə açıqlayıb: "Bakıdakı Qərb ölkələrinin səfirlikləri anti-terror koalisiyasındadır və hazırda İŞİD-ə qarşı hava zərbələri endirirlər. Şübhəsiz ki, belə halda terrorçular "bir daşla iki quş vurmaq” prinsipini həyata keçirə bilərlər. Yəni hər hansı səfirliyə qarşı terror aktı törətməklə həm həmin dövlətə, həm də Azərbaycana xəbərdarlıq etmək istəyirlər”.
İsmayıl