Evliliyin 5 ilində boşanmalar daha çoxdur
Problemləri asanlıqla həll etmək həmişə mümkün olmur. Xüsusən də ailə daxilində baş verən münaqişələri. Çünki ailə elə münasibət, ünsiyyət deməkdir. Ünsiyyətsiz, münasibətsiz ailə isə ailə deyil. Ona görə də problemləri həll etməyin əsasında ilk olaraq danışıq, məsələləri aydınlaşdırma durur. Əsəbiləşmədən, heç bir artıq ifadəyə yol vermədən, dava salmadan qarşılıqlı söhbət etmək problemin həllini asanlıqla tapmağa xidmət edir, eyni zamanda tərəflər arasında mövcud olan etibar hissini möhkəmlədir və gələcək problemlərin qarşısını qismən almış olur.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də hesab edir ki, ailə münaqişələrinin artması birmənalı olaraq davranış problemi ilə bağlıdır. Azərbaycanda son dövrlərdə ailə münaqişəsi, məişət zorakılığı və bu kimi cinayətlərin sayının çoxalmasının heç də sosial-iqtisadi problemlərlə bağlı olmadığını vurğulayan millət vəkili hesab edir ki, bunun səbəbi insanların bir-biri ilə ünsiyyət problemidir. Azərbaycanda mədəni davranış prosesində ciddi inqilabi dönüşlərə ehtiyac olduğunu düşünən Ə.Hüseynli deyib ki, bundan sonra cəmiyyət sivil həyat tərzinə, kütləvi mədəni tədbirlərə, idman yarışlarına, təbiətlə münasibətlərə üstünlük verməlidir.
Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev isə hesab edir ki, ailə münaqişələrini ümumi bir çatışmazlıqla əlaqələndirmək problemə adekvat yanaşma deyil: "Ailədaxili münaqişələr, ailə-məişət problemləri çox istiqamətli və çoxşaxəlidir. Bu problemləri birmənalı olaraq sosial-iqtisadi çətinliklər, psixoloji çatışmazlıqlar və təhsil problemləri ilə əlaqələndirmək doğru deyil. Hər ailədə problem var və bu problemin də müxtəlif səbəbləri mövcuddur. Sadəcə onu deyə bilərəm ki, ailə münaqişələrini doğuran əsas səbəb ərlə arvadın dünyagörüşlərindəki fərqlilik və onların mədəni səviyyəsidir. Amma bütün ailədaxili münaqişələrin məhz bu səbəbdən yarandığını da demək olmaz. Ailə münaqişələrinin sosial-iqtisadi problemlərlə əlaqələndirilməsini mən də düzgün hesab etmirəm və bu mənada Əli müəllimlə həmfikirəm. O qədər maddi baxımdan yoxsul, amma xoşbəxt yaşayan ailələr var ki. Bəzi ailələrdə isə var-dövlət aşıb-daşır, amma sevgi, hörmət yoxdu, bütövlükdə faciənin içindədirlər. Boşanmaların da statistikasına baxsaq, əsas göstərici psixoloji durumdur. 10 boşanmadan 8-in səbəbi ərlə-arvadın xasiyyətlərinin tutuşmamasıdır. Bu isə təhsil, mədəniyyət səviyyələrinin və dünyagörüşlərinin fərqli olması ilə bağlıdır”.
Problemin aradan qaldırılmasına gəldikdə isə millət vəkili müxtəlif variantlar olduğunu vurğulayıb: "İlk növbədə hər bir ailədə baş verən konfliktlərin səbəbini araşdırıb, ona uyğun tədbirlər görülməsi daha məqsədəuyğun olar. Faktiki olaraq, Azərbaycanda ailə institutları deformasiyaya uğrayıb, son illər möhkəm təməllər üzərində qurulan ənənəvi ailə modelimiz dağılıb. Az-çox kəndlərdə əvvəlki ailələrdən qalıb. Əvvəllər gənc ailələrin oturuşmasında, aralarındakı uyğunsuzluğun aradan qaldırılmasında qayınana-qayınatanın böyük rolu vardı. Amma indi gənclər evlənən kimi başqa evə çıxırlar. Bir balaca mübahisələri düşən zaman da onu böyük bir ailə münaqişəsinə çevirirlər. Statistika da göstərir ki, evliliyin 5 ilində boşanmalar daha çoxdur. Ondan sonrakı dövrlərdə isə boşanmalar artıq azalmağa doğru gedir. İlk 5 ildə ailə oturuşa bilsə, sonrakı illərdə ya bu problemlər aradan qalxır, ya da artıq ərlə-arvad bu problemləri özləri üçün faciəyə çevirmirlər, onunla yaşamağa öyrəşirlər. Amma nə edək ki, qloballaşma, kənar mədəniyyətlərin Azərbaycan mədəniyyətinə təsiri, internetin, televiziyanın həyatımıza müdaxiləsi ənənəvi ailə institutlarımızın dağılması ilə nəticələndi”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda ailə modelinin məhv olma səbəblərini axtarıb tapmaq və sonradan onun həllinə nail olmaq lazımdır. O deyib ki, bu işdə də əsas məsuliyyət cəmiyyətin və müxtəlif dövlət qurumlarının üzərinə düşür: "Dövlət təkadamlıq bir quruluş deyil ki, hansısa bir problemin qarşısını almaqda aciz olsun. Onun Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsi, yerlərdə icra hakimiyyətlərinin tərkibində bu sahəyə cavabdeh olan humanitar məsələlər üzrə müavinləri, bələdiyyələr, polisin tərkibində sahə "inspektor”ları var. Hansı ki, onların vəzifəsi konfliktli ailələr barədə məlumatlı olmaq və onlarla iş aparmaqdır. Həmçinin Qeyri Hökumət Təşkilatları da bu problemlə bağlı müəyyən layihələr həyata keçirməli və insanları maarifləndirməlidirlər. Ailələri maarifləndirəcək strukturlardan biri də televiziyalardır ki, bu sahədə bizdə vəziyyət çox acınacaqlıdır. Azərbaycanda televiziya insanları maarifləndirmək, onlara mədəniyyət aşılamaq əvəzinə, "yoldan çıxarır”. Efirlərdə ancaq şou adamları və neqativ təcrübələr aşılayacaq insanlar çıxış edir. Əgər kanallarda nümunəvi ailələr, ailə modelləri haqqında proqramlar hazırlansa, insanlar da özləri üçün nəsə götürərlər”.
M.Quliyev bildirib ki, ailə daxilində tərəflərin bir-birinə güzəştə getmək bacarığının və istəyinin olması da mühüm amillərdəndir. Bəzən tərəflər problemi gördükləri təqdirdə onun həllinə biganə yanaşır, yaxud da heç kim səhvini dərk etmək istəmir və güzəştə getməkdən çəkinir. Bu da təbii olaraq ailə daxilində mübarizənin daha da şiddətlənməsinə, bəzən isə sayının artmasına zəmin yaradır: "Güzəştə getməyin ən önəmli xüsusiyyətlərindən biri qarşı tərəfə səhv etmək imkanını tanımaqdır. Yəni, qarşı tərəfdən hər şeyin ideal biçimdə olmasını tələb etmək doğru deyil. Daima onun hər hərəkətini qınamaq, şübhəli yanaşmaq, onda hər hansı bir səhvi tapmaq və bunu böyütmək, gələcəkdə o insanın daha böyük səhvlər etməsinə şərait yaradar. Bu bir növ "mərdi qova-qova namərd etməyə” bənzəyir. Qarşı tərəfi dinləyə bilmək, səhvini etiraf etməsinə imkan vermək və bağışlamaq çox önəmlidir. Yuxarıda da qeyd etdiyim kimi, hər bir ailədə xırda da olsa söz-söhbət, kiçik münaqişələr olur. Bəzən insanlar elə düşünürlər ki, problemləri asanlıqla həll edə bilən insanlar qeyri-adi səbrə, iradəyə malik özəl insanlardır. Lakin bu, belə deyil”. Cəmiyyətin sivil həyat tərzinə üstünlük verməsinin, kütləvi mədəni tədbirlərdə iştirak etməsinin, idman yarışlarını izləməsinin sözügedən problemin aradan qaldırılmasında nə dərəcədə effektiv üsul olduğuna gəldikdə isə deputat deyib ki, ailə münaqişələrinin azalması ilə nəticələnməsə belə, cəmiyyətin mədəni səviyyəsinin yüksəlməsi üçün bu kimi tədbirlərin görülməsi lazımdır.
Şəymən