Azərbaycanın Tehran rejiminə ehtiyacı yoxdur

“Əgər İran rəsmi Bakı ilə münasibətlərini düzəltmək istəyirsə, onda Xəzər dənizinin bölünməsində payına düşən 11 faizlə razılaşsın və ən əsası bizə düşmən olan erməniləri dəstəkləməsin”



İran prezidenti Həsən Ruhani gələn həftə Azərbaycana səfər edəcək. Bu barədə İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaizi bildirib. Onun sözlərinə görə, səfər noyabrın 12-13-də baş tutacaq. Ruhaninin Azərbaycana səfəri çərçivəsində 10 sənədin imzalanması gözlənilir.

Aydındır ki, Azərbaycan-İran münasibətləri heç zaman ürəkaçan olmayıb. Bu baxımdan bəzi politoloqlar hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyevin bu il aprelin 9-da Tehrana səfər etməsi və Ruhaninin Bakıya gəlişi ikitərəfli münasibətləri xeyli inkişaf etdirəcək. Amma əksini düşünən politoloqlar da var. Onların fikrincə, İran prezidentinin səfəri formal xarakter daşıyır və heç bir məsələyə müsbət təsir göstərməyəcək.

Ruhaninin səfərinə münasibət bildirən Dünya Azərbaycanlıları Konqresinin Daimi Şurasının sədri Əjdər Tağızadə deyib ki, fars rejiminin başında duran şəxslərə bel bağlamaq olmaz: "Qonşu dövlətlərin rəhbərləri bir-biri ilə qeyri-səmimi də olsa, protokola uyğun münasibətlər qurur, qarşılıqlı səfərlər edirlər. Ancaq Azərbaycanın Tehran rejiminə ehtiyacı yoxdur. Əgər İran rəsmi Bakı ilə münasibətlərini düzəltmək istəyirsə, onda Xəzər dənizinin bölünməsində payına düşən 11 faizlə razılaşsın və ən əsası bizə düşmən olan erməniləri dəstəkləməsin. Yalnız bu halda münasibətlərin düzələcəyinə ümid etmək olar. Yoxsa, yalandan "biz Azəbaycan torpaqlarının bütövlüyünü dəstəkləyirik” deməklə heç nə olmur.

Vaxtı ilə Ter-Petrosyan özü də etiraf edirdi ki, əgər İran yolları bağlasa, ermənilər məhv olar. Həqiqətən elədir. İnanın, İran Ermənistanın üzərindən yardım əlini götürsə, düşmən bir gün belə tab gətirməz və Azərbaycanın dediklərinə boyun əyər. Amma fars rejimi bunu etmir. Çünki Azərbaycanın güclənməsindən və əsarətdə saxladığı 35 milyon azəri türkünün ayağa qalxmasından qorxur. Üzdə bir söz deyib, arxada başqa hərəkət edən ikiüzlü rejimlə Azərbaycan arasında dostluq münasibəti qurula bilməz”. Ə.Tağızadə İranla sosial-mədəni əlaqələr qurmağın da mümkünsüz olduğunu bəyan edib: "Axı hansı mədəni əlaqələrdən söhbət gedə bilər ki, Azərbaycan dünyəvi, demokratik, ancaq İran irticaçı, şovinist və terrorizmə dəstək verən bir dövlətdir”. Siyasi ekspert Elxan Şahinoğlu da hesab edir ki, Ruhaninin Bakı səfəri keyfiyyət etibarilə heç nəyi dəyişməyəcək: "İlham Əliyevin İran səfərindən sonra Ruhaninin Azərbaycana səfəri qarşılıqlı jestin göstəricisidir. Görünür, hər iki tərəf münasibətlərin yumşalmasında maraqlıdır. Ancaq İran yenə də şərtlərlə danışır və İsraillə münasibətlərin kəsilməsini istəyir. Ruhaninin fərqli olduğunu iddia edirlər. Təəssüf ki, İranda prezident dəyişsə də, Ermənistana
qarşı siyasət dəyişmir. Digər tərəfdən, İsraillə iqtisadi, hərbi əməkdaşlıq İranla əməkdaşlıqdan daha xeyirlidir”.

İsmayıl