Azərbaycanlıların terror qruplaşmalarına qoşulması, dini boşluqlardan qaynaqlaşır

“Ərəbistandan və ya digər ölkədən gəlirlər qısa müddət ərzində fəaliyyət göstərib, yüzlərlə insanı öz sıralarına çəkirlər”



Rusiyadan artıq neçənci dəfədir ki, Azərbaycana İŞİD xəbərdarlığı gəlir. Rusiya Yaxın Şərq İnstitutunun direktoru Yevgeni Satanovski də həmin silahlı qruplaşmaya qoşulan qafqazlı terrorçuların bölgə üçün ciddi təhlükə olduğunu açıqlayıb. O bildirib ki, koalisiya qüvvələri İŞİD-ə qalib gəldikdən sonra terrorçular vətənlərinə dönəcək. Və onlar Qafqazı qan çanağına döndərəcək:

"Mən buna əminəm”. Bundan başqa, bir müddət əvvəl Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycana İŞİD təhlükəsi barədə danışmışdı.

Kremlin Azərbaycan "sevgisi”ni şərh edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Şərq”ə deyib ki, Rusiya bu bəhanə adı altında bölgəyə müdaxilə etmək istəyir. Məsələni də ona görə qabardırlar: "Moskva doğrudan da İŞİD-dən qayğılanır? İŞİD kimi terrorçu qruplaşmaların yetişməsinə zəmin yaradan Rusiyanın əyalətlərlə bağlı apardığı siyasətdir. Moskva ilk növbədə özünün yaxın qonşularla siyasətinə yenidən baxmalıdır. Keçmiş SSRİ respublikalarında və özündə demokratiyanın inkişafına xüsusi diqqət ayırmalıdır ki, regionda hansısa terrorçu dəstənin yaranması və inkişafına zəmin qalmasın. İŞİD səbəb deyil, bir nəticədir. Hansı ölkələrdə ki, demokratik qüvvələrə mübarizə aparmaq üçün şərait yaradılmır, orda terror qruplaşmaları asanlıqla yaranır və inkişaf edir. Hazırda 200-dən artıq azərbaycanlı İŞİD sıralarında vuruşur. Onları hazırlayıb, göndərib o dəstələrə qoşan nə qədər insanlar var burda. Təbii ki, ölkəmizdə İŞİD və digər terrorçu qüvvələrin yaşaması üçün münbit şərait var”.

Müsahibimizin fikrincə, terrorçu qüvvələrin soydaşlarımızı öz tərəflərinə çəkə bilməsi ölkəmizdəki dini boşluqlarla əlaqədardır: "Terrorçu dəstə bu boşluqları yaxşı görür və istifadə edir. Ölkəmizdə fəaliyyət göstərən Qafqaz Müsəlmanları İdarəsi və digər dini qurumlar vətəndaşlarımızın dini dünyagörüşünün formalaşmasında, dini savadlarının artırılmasında, dini mədəniyyət və maarifin inkişafında ciddi işlər görə bilmir. Baxın, QMİ beş nəfəri bir yerə cəlb edə bilmir. Amma Ərəbistandan və ya digər ölkədən gəlirlər qısa müddət ərzində fəaliyyət göstərib, yüzlərlə insanı öz sıralarına çəkirlər. QMİ-yə sual olunur. Necə olur ki, siz 5 nəfəri bir araya gətirə bilmirsiniz, xaricdən gələnlər yüzlərlə insanı göz görə-görə öz tərkibinə qatıb, döyüşlərə aparır? Bu o deməkdir ki, Azərbaycanda dini təbliğat sahəsində ciddi şəkildə qüsurlar var və biz uduzuruq. Dini siyasət dəyişilməlidir. Əks halda, Azərbaycan Suriya və İraqdan da betər olacaq. Problem getdikcə dərinləşir. Necə ki, Suriya, İraq variantı başlamayıb, Azərbaycan ciddi şəkildə islahatlar həyata keçirməlidir”.

S.Cəlaloğlu hesab edir ki, terror qruplaşmlarına qatılan azərbaycanlıların yenidən ölkəmizə qayıtması dövlətimizə ciddi təhlükə vəd edir: "Müharibə psixologiyası deyilən bir şey var. Hərbi psixologiyadan gələn adamlar bir müddət cəmiyyətə adaptasiya oluna bilmirlər. O psixoloji gərginlik davam edir. Çox böyük təhlükələr törədir. O adamlar Azərbaycana qayıtdıqdan sonra elə burda da eyni məqsədlərlə istifadə olunacaqlar. Ölümə getməyə hazır olan adamlardır. Çox ciddi insidentlər ola bilər. İŞİD-dən qayıdan adamlar üçün reabilitasiya mərkəzləri yaradılmalıdır. Cəmiyyətə müəyyən təlimlər keçdikdən sonra buraxılmalıdırlar. Bu olmayacaqsa, çox amansız hadisələr yaşanacaq”.

Ayyət Əhməd