“Azəriqaz” şikayətçilərə cavab verdi

“Qazanxanalar, istixanalar və başqa kommersiya məqsədilə fəaliyyət göstərən obyektlərdə sayğaclar abonentin öz hesabına quraşdırılır”




Salyan rayonunun istixana sahiblərindən sayğacların quraşdırılması müqabilində 800-1500 arası pul tələb olunur. Bu məbləği Salyan Regional Qaz İdarəsinin rəisi Xəyyam Rzayevin istədiyi iddia olunur. Hətta qanunsuz sayğac pulu yığılması faktı "Azəriqaz” tərəfindən yoxlamalar zamanı aşkarlansa da, gizlədilməyə çalışılır.

Bu barədə rayonda fəaliyyət göstərən istixana sahiblərinin "Yeni Müsavat”a ünvanladığı məktubunda bildirilir. Onların sözlərinə görə, rayonun Qarabağlı, Kərimbəyli, Qaraçala kəndlərində fəaliyyət göstərən 93 istixana istifadəçilərindən qeyri-rəsmi rüsum tələb edilir. Belə ki, qaz sayğaclarının rəsmi dövlət qiymətinin 140 manat olmasına baxmayaraq Salyan RQİ-nin rəhbərliyi 850-1500 manat arası pul tələb edir.

Lakin "Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalayev "Şərq”ə bildirib ki, sayğacın sərfiyyatına görə qiyməti dəyişir: "Bu məbləğ kimlərəsə yox, birbaşa banka ödənilir. Qəbzi isə yerli qaz istismar sahələrinə və idarələrinə təqdim edilir”.
İ.Kərbalayev bununla yanaşı, yalnız fərdi yaşayış evlərindəki qaz sayğaclarının dəyərinin təmsil etdiyi qurumun hesabına ödənildiyini açıqlayıb: "Lakin qazanxanalar, istixanalar və başqa kommersiya məqsədilə fəaliyyət göstərən obyektlərdə sayğaclar abonentin öz hesabına quraşdırılır”.

Qurum rəsmisi, həmçinin idarə rəisinin rüşvət alması məsələsinin "Azəriqaz”a müraciət olunduğu təqdirdə araşdırılacağını söyləyib.

Vüqar Şahinoğlu