Sahib Məmmədov: "Yerdə qalan hansı variantdan istifadə etsələr, mülkiyyət hüququ pozulmuş olacaq"
"Sahibkarlar həmin obyektləri, yerləri aldıqda, icazəsini, sənədlərini tərtib edib, rüşvətini veriblər”.
Bunu "Sherg.az”a "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Bakı və Abşeronda onlarla obyektin sökülməsi üçün yerli rayon məhkəmələrində iddia qaldırmasına münasibət bildirərkən Vətəndaşların əmək hüquqları Liqasının sədri Sahib Məmmədov danışıb.
O vurğulayıb ki, indi "Azərsu” həmin ərazilərə mühafizə zolaqları çəkib və sökülməsini istəyir:
"Bu məsələdə cavabdeh kimi sahibkarlar götürülür. Çünki onlar belə yerlərdə obyekt tikməməli idilər. Burada vətəndaş məsuliyyətsizliyi olsa da, həmin sahibkarlara icazə verən qurumlar daha məsuliyyətsizdir. Sahibkarlar mülkiyyət sənədi əldə etdiklərindən, Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, dövlət təminat verir. Həmin obyektləri bazar qiyməti ilə almalıdırlar. Yerdə qalan hansı variantdan istifadə etsələr, mülkiyyət hüququ pozulmuş olacaq”.
Yaşayış evləri ilə bağlı məsələyə gəlincə, S.Məmmədov qeyd edib ki, burada selektiv yanaşma olmalıdır:"Hansı yerdə ki, kommunikasiya xətlərini, su-kanal xətlərinin mühafizə zolağını götürmək olar, bu, həyata keçirilməlidir. Dövlət baxmalıdır ki, hansı daha sərfəlidir, evlərin sökülməsi, yoxsa həmin xətlərin yerinin dəyişdirilməsi? Vaxtında dövlət orqanları səhv edib, vəzifəli şəxslər bundan sui-istifadə ediblər.
Bu məsələlər tək "Azərsu” ilə yekunlaşmır. "Azərenerji”, "Azəriqaz” və s. qurumların da bu cür problemləri yarana bilər. Zamanla belə məsələlər qaldırılır. Həmin yaşayış evləri, obyektlər tikiləndə susurdular, etiraz etmirdilər. İndi isə sahibkarlar xərc çəkib, obyektləri tikib, bazar qiyməti ilə onların haqqını ödəməlidirlər”.
Qeyd edək ki, məlumata görə, "Azərsu" ASC onlarla sahibkarın kommersiya obyektinin su-kanal xətlərinin mühafizə zolağında inşa edildiyi üçün məhkəməyə müraciət edib. Həmin obyektlərin çoxunun dövlət qeydiyyatına alınması barədə çıxarışı, müvafiq sənədləri var. Buna baxmayaraq belə obyektlərin də sökülməsi üçün də iddia qaldırılıb. Artıq məhkəmələrdən sahibkarlara bildiriş göndərilib.
Aysel Aslan