Yol hərəkəti qaydalarını müəllimlərin yox, polislərin öyrətməsi olduqca yaxşı haldır
Şəkidə Dövlət Yol Polisi Bölməsinin təşkilatçılığı ilə 2 nömrəli uşaq bağçasında "Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı tədbir keçirilib. Maarifləndirici tədbirin keçirilməsində məqsəd yollarda uşaqların həyat və sağlamlığının müdafiəsini təmin etmək, onları bu istiqamətdə məlumatlandırmaq olub.
Polis bölməsinin əməkdaşı Tural Niftəliyev yol nişanlarını azyaşlılara göstərərək onlar barədə məlumat verib. Tədbirdə piyadanın vəzifələri barədə balacalarda ilkin təsəvvür formalaşdırılıb, uşaqlara yollarda diqqətli olmağın vacibliyi bildirilib. Qeyd olunub ki, yol hərəkəti qaydalarının uşaqlara öyrədilməsində bağçalarda və məktəblərdə müəllimlərin, evdə isə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Böyüklər gəzinti zamanı uşaqlara bu qaydaları izah etsələr, yollarda azyaşlıların iştirakı ilə bağlı baş verən hadisələrin sayı azalar.
Kiçik yaşlarından uşaqlarda yol hərəkəti qaydaları ilə bağlı vərdişlərin öyrədilməsi təbii ki, alqışlanmalıdır. Bəs, bu cür layihələr ənənəvi hal ala bilərmi?
Yol hərəkəti mədəniyyətini artırmaq üçün ilk növbədə uşaqların bağçalarda və orta məktəblərdə maariflənməli olduğunu deyən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov "Şərq”ə bildirib ki, belə təbliğatların davamlı olması müsbət hallara səbəb olacaq. Ekspertin sözlərinə görə, hər kəs yol hərəkətinin iştirakçısı olduğu üçün müəyyən qaydaları bilməlidir: "Yol hadisələrinin yaranmasının müəyyən səbəbləri var. Piyadaların vurulması halları yetərincə çoxdur. İnsanlar hər bir zaman yol hərəkəti qaydalarının içindədir. Qaydaları pozanda bu, müxtəlif formada hər kəsə təsir edir. Ona görə də müəyyən vərdişlər formalaşdırmaq lazımdır ki, piyadalar yol hərəkəti qaydalarını pozmasınlar. Piyadaların vəzifələri, hüquqları və öhdəlikləri var.
Uşaq bağçasından, orta məktəblərdən bu qaydaları aşılamaq lazımdır. Əlbəttə, yaxşı olar ki, orta məktəblərdə də müəyyən fənlərin içində və ya müstəqil fənn kimi yol hərəkəti haqqında dərslər keçirilsin”.
F.Eyyubovun sözlərinə görə, uşaqlara yol hərəkəti qaydalarının müəllimlər tərəfindən deyil, polis nümayəndələri tərəfindən öyrədilməsi olduqca yaxşı haldır:
"Çünki bu, uşaqlara yaxşı təsir göstərəcək və onlarda maraq formalaşacaq. Qaydaları öyrədərkən bunu əyani bir formada, müəyyən plakatlarla göstərsələr də, yaxşı olar. Hər zaman demişəm ki, yol nəqliyyatı hadisələrinin qarşısını almaqdan ötrü bu cür tədbirlər olmalıdır. İnkişaf etmiş böyük ölkələrin əksəriyyətində insanların demək olar ki, 70-80 faizi sürücülük məharətinə malikdir, onlar nəqliyyatı idarə edə bilirlər. Nəqliyyatı idarə etmək də insanda olan maraq və mədəniyyətdən əmələ gəlir. Çünki hazırda nəqliyyatsız heç bir şey yoxdur. Ona görə də kiçik yaşlarında maarifləndirici işlərin aparılması mühüm məsələdir. Belə təbliğatları hər zaman alqışlayıram və arzu edirəm ki, bu məsələlərdə nisbətən peşəkarlar, yaxşı təbliğ etməyi bacaranlar da iştirak etsinlər”.
Yeganə Bayramova