Bakı küçələrində piyada keçidləri azdır

Hamı təkliflər hazırlayır, amma ortada heç bir iş yoxdur



Dünən Heydər Əliyev prospektindən Keşlə qəsəbəsinə gedən yolda piyadanın vurulması ilə nəticələnən nəqliyyat hadisəsi baş verib. Hadisə yerində olan əməkdaşımız bildirib ki, yolu keçən qadın piyadanı maşın vurub.

Hadisə yerində olan vətəndaşlar burada piyada keçidinin olmamasından şikayətləniblər. Onların sözlərinə görə, H.Əliyev prospektində "Nərimanov"dan "Koroğlu" metrostansiyasına qədər olan uzun yolda demək olar ki, piyada keçidi qoyulmayıb.

Heydər Əliyev prospektində hərəkətin təşkili ilə bağlı böyük problemlər olduğunu təsdiqləyən "Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı "Şərq”ə bildirib ki, əsas problemlərdən biri də piyada keçidlərinin olmamasıdır: "Bu məsələ ilə bağlı müəyyən təkliflərimiz olub. Əvvəllər bu işə Nəqliyyat Nazirliyi baxırdı və ayda 1 dəfə açıqlama verirdi ki, çalışırıq problemi həll edək. İndi isə bütün bunlar BNA-nın səlahiyyətindədir. Onlar da təkliflərinin olduğunu deyirlər. Bir müddət əvvəl isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi təkliflərinin olduğunu bildirmişdi. Hamı təkliflər hazırlayır, amma ortada heç bir iş yoxdur.

Qanunvericiliyin tələbi ilə yanaşsaq, H.Əliyev prospektində böyük problemlərin və təhlükənin olduğunu görərik. 

"Yol hərəkəti haqqında” qanunda aydın şəkildə yazılıb ki, yaşayış məntəqələrində 250 metr məsafədən bir piyada keçidi olmalıdır. Heydər Əliyev prospekti yaşayış məntəqəsindən kənar ərazi deyil, lakin dövlət qurumları ora avtomagistral status verib. Yollarda 120, 110, 90 km-saat sürət həddi qoyublar. Yüksək sürətli yol olduğu üçün və ətrafda yaşayış məntəqəsi yerləşdiyinə görə həmin ərazidə piyada keçidinin olması hava-su kimi lazımdır. 

"Nərimanov"da "Koroğlu" istiqamətinə qədər olan ərazini keçidsiz təsəvvür etmək mümkün deyil. Əgər yaşayış məntəqəsindən kənar yer olsaydı, orada keçidə o qədər də ehtiyac duyulmazdı. Amma insanların sıx olduğu bir məkanda piyada keçidinin olmaması çox yanlışdır. Bu keçidlərin olmaması ağır faciələrə səbəb olacaq. Hər ay həmin ərazidə 2-3 ölüm hadisəsi baş verir. Problemin həlli yolu var. Amma bu problemlərə ciddi yanaşılmır. Neçə illərdir eşidirik ki, o ərazidə piyada keçidi olacaq, lakin ortada heç nə yoxdur”.

Yeganə Bayramova