Bakıda qocaman müəllimə döyüldü

Məsələ çox qarışıqdır, ziddiyyətli informasiyalar yayılır



Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 154 saylı məktəbdə çalışan 69 yaşlı Müəllimə Yusifova mətbuata açıqlamasında müəllim həmkarının onu ölümcül döydüyünü deyərək, bununla bağlı fotoları da yayımlayıb: "45 il müəllim işləmişəm. Məni döyərək, burnumu sındırıb tanınmaz hala salan 33 yaşlı Quliyev Yaşar Ağa oğludur. Quliyev Yaşar Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 154 saylı orta məktəbdə tarix müəllimi işləyir. Xəsarətdən sonra səhhətimdə ciddi xəstəliklər yaranıb.

Sizcə, ahıl yaşlı qadına qarşı bu cür cinayət edən Quliyev Yaşar Ağa oğlu müəllim kimi fəaliyyət göstərib, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul ola bilərmi? Məncə, təhsil işçiləri sırasında bu cür şəxsin fəaliyyət göstərməsi onun dərs dediyi uşaqlar üçün də təhlükəlidir”.

Hazırda hadisə ilə bağlı cinayət işinə Suraxanı Rayon Məhkəməsində Gülsarə İmanovanın hakimliyi ilə baxıldığını vurğulayan şikayətçi bildirib ki, Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə başlanan cinayət işi sonradan dəyişdirilərək 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət vurma) ilə sona çatdırılıb: "Xahiş edirəm, məsələ ilə bağlı jurnalist araşdırması aparasınız. Məsələni ictimailəşdirməkdə məqsədim cinayətkarın ədalətli cəza almasıdır”.

Hadisə ilə bağlı açıqlama verən Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, yayılan informasiya ilə bağlı məktəbin direktoru Əli Əliyev Yaşar Quliyev adlı müəllimin həqiqətən də 154 saylı məktəbdə çalışdığını təsdiqləyib: "Direktor kimi yayılan məlumatla bağlı bildirirəm ki, Yaşar Quliyev həqiqətən də 2005-ci ildən 154 saylı məktəbin tarix müəllimidir. Haqqında məlumat gedən xanım Müəllimə Yusifova isə rəhbərlik etdiyim məktəbdə müəllimə kimi fəaliyyət göstərmir”.

Direktor qeyd edib ki, Yaşar Quliyev işlədiyi müddətdə özünü savadlı və bacarıqlı müəllim kimi göstərib: "Məktəbdə tədris prosesi normal şəraitdə davam edir. Məsələyə hüquqi qiymət verildikdən sonra baxıla bilər”.

Hadisəni "Şərq”ə şərh edən Azərbaycan Təhsil Şurasının sədri, təhsil eksperti Əjdər Ağayev bütün bu hadisələrin baş verməsinin kökünü insanlar arasında münasibətlərin kobudluq səviyyəsinə gəlib çatmasında görür: "Bu münasibətlər bütün sahələrdə özünü göstərməkdədir. İnsanlar bir-birinə hörmət etmir, ehtiramla yanaşmır, aralarındakı problemləri anlayışla həll etmirlər. İnsanların kütləvi çalışdığı idarələrdə, müəssisələrdə bu cür münasibətlər daha kəskindir. İnsanlarımız çox aqressivləşib. Bir-birinə hiddətli münasibətlər bəslənir, sanki insanlarımız bir-birilərini görmək istəmirlər. İnsanla-insan arasında münasibətlərin ən kəskin forması təhsil sahəsində özünü büruzə verməkdədir. Müəllim-şagird, müəllim-direktor, müəllim-müəllim arasındakı münasibətlər həddindən artıq təhlükəli hal alıb. Bu problemin həlli istiqamətində ölkədə heç bir maarifləndirici tədbirlər aparılmadığı, cəzasızlıq hökm sürdüyü üçün davranış mədəniyyəti az qala yox olub, ziyalılıq itib”.

Ə.Ağayevin sözlərinə görə, bütün bu problemlərin kökü ona dayanır ki, Azərbaycan cəmiyyətində savad səviyyəsi çox aşağıdır, ölkədə ümumi mədəniyyət aşınması gedir: "Cəmiyyətdə maarifləndirici tədbirlər aparılmadığı üçün əsl insan münasibətləri unudulub. O cümlədən də dini dəyərlər düzgün təbliğ olunmur. Təkcə, gərgin münasibətlər məktəblərimizdə deyil ki? Sürücü-sərnişin münasibətləri də acınacaqlı haldadı. Bütün bu problemin həlli üçün isə maarifləndirici tədbirlər də görmək azdır. Mətbuatın yazmağı, telekanalların efirə verməsi ilə iş bitmir. Cəmiyyətin qəzet oxuyan, intellektual proqramları izləyən təbəqəsi onsuz da davranış qaydalarını bilən kəsimdir. Özünü apara bilməyən, səviyyəsizlik nümayiş etdirən adamlar isə yazılanları, deyilənləri ya izləmir, ya da qulaqardına vurur. Ona görə də praktik təsirlərə keçmək lazımdır və bu prosesi güzəştsiz həyata keçirmək lazımdır. Özünü apara bilməyən insanlar da həmin güzəştsiz nümunələrdən dərs çıxararlar. Ən əsası isə cəzasızlıq aradan qaldırılmalıdır”.

Ekspert deyib ki, insanlara davranış mədəniyyəti aşılamaq üçün ilk növbədə ailələrdən başlamaq lazımdır: "Baş tərbiyə məktəbi ailədir. İlk növbədə valideynlər öz uşaqlarına düzgün tərbiyə verməli və onlara etik davranış qaydalarını düzgün aşılamalıdır. Sonra isə bu proses eyni qaydada məktəblərdə aparılmalıdır. Sonuncu olaraq da cəmiyyət və dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Bir daha qeyd edim ki, cəmiyyət, kollektiv qarşısında kobudluq edən, başqasının şəxsiyyətini təhqir edən, fiziki təsir göstərən insanlar güzəştsiz olaraq məsuliyyətə cəlb olunmalıdır”.

Konkret olaraq, 154 saylı məktəbdə baş verən hadisəyə toxunan təhsil eksperti bidirib ki, təsadüfdən heç nə baş vermir. Hər bir hadisə üçün əvvəlcədən zəmin yaranır: "Əgər hadisə doğrudan da mətbuatda yayıldığı kimidirsə, o zaman xanım həmkarına fiziki təzyiq göstərən adamın müəllim kimi təqdim edilməsinin əleyhinəyəm. Elə adamdan müəllim olmaz. Müəllim o adama deyilir ki, daşıdığı statusun məsuliyyətini hiss eləsin, özünü və qarşısındakını başa düşsün. Müəllimin tələblərindən biri də özünü idarə edə bilmək qabiliyyətidir. Elə müəllimi cəmiyyətin digər üzvlərindən fərqləndirən əsas xüsusiyyət də bu olmalıdır. Adi bir bank işçisinin, idarə işçisinin əsəbiləşib, qarşısındakı adamı döyməyi hər nə qədər də insanlıqdan uzaq olsa da, başa düşmək olar. Amma elin gözü müəllimlərdə olur. Yüzlərlə valideyn öz övladını müəllimlərə əmanət edir. Hesab edirəm ki, sinirlərinə hakim ola bilməyən və qarşısındakına fiziki təzyiq göstərən həmin adam cəzasız qalmamalıdır. O, məktəbdən xaric olunmaqla yanaşı, həm də cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Ə.Ağayevin sözlərinə görə, bu hadisə birmənalı olaraq, 154 saylı məktəbdəki nizam-intizam zəifliyinin göstəricisidir: "Həmin məktəbdə dərəbəylikdir, kollektivin formalaşmasına fikir verilmir. Əgər həmin məktəbdə ümumi kollektiv intizamı olsaydı, bu cür xoşagəlməz hadisələr baş verməzdi. Hesab edirəm ki, bu hadisə fonunda 154 saylı məktəb ciddi şəkildə nəzarətə götürülməli və orada şagird-müəllim, müəllim-müəllim münasibətləri araşdırılmalıdır”.

Şəymən