"Qaniçən erməni hərbi quldur dəstələri Qafqaz İslam Ordusunun şəhərə girməsinə qarşı şiddətli müqavimət göstərirdi"
"Bu gün istər Azərbaycanın, eləcə də bütün türk dünyasının tarixinin ən əziz günlərindən biridir. Yəni tam 100 il bundan öncə Azərbaycan Respublikasının paytaxtı Bakı eser- menşevik, erməni-daşnaklar və bolşevik qalıqları və onların havadarlarının işğalından azad edilmişdir. Təbii ki, şəhərin azad edilməsində eyni zamanda Azərbaycan türkləri ilə çiyin-çiyinə Anadolu türkləri də qəhrəmanlıqla mübarizə apardılar".
Bu sözləri sherg.az-a Bakının işğaldan azad edilməsinin 100 illik yubleyi ilə bağlı danışan tarixçi alim Kərəm Məmmədov deyib. O, vurğulayıb ki, Azərbaycan tarixində Qafqaz İslam Ordusu adlandırılan AZADLIQ ordusu elə-belə yaranmamışdı:

"Təbii ki, sovet rejimi illərində bu tarix bizə başqa cür izah edilirdi. Hətta orta məntiqli Azərbaycan türkü belə gözəl anlayırdı ki, həmin o sovet dərsliklərindən ona təqdim edilən faktlar yanlışdı. Niyə? Çünki özü bir neçə cəbhədə müharibə aparan Anadolu türkləri bu dövrdə qardaşlıq əlini öz qardaşlarına uzatmalı idi və uzatdılar da. Bəzən sual oluna bilər ki, nəyə görə Qafqaz İslam ordusu və nəyə görə Anadolu türkləri? 1887-ci ildən bəri çar hökuməti azərbaycanıları orduya çağırmırdı. Bu da təbii ki, məqsədyönlü şəkildə edilmişdi. Çünki o dövrdə hərbi texnikanı, ümumiyyətlə hərbi bilməyəni yalnız neft mədənlərində, eləcə də ABŞ-dakı qullar kimi müxtəlif düşərgələrdə işləməyə məcbur edirdilər. Çar Rusiyası istəmirdi ki, Azərbaycan türkü əlində silah tutsun. Ona görə də Cənubi Qafqaz ölkələri müstəqillik qazanandan sonra ordu baxımından yox vəziyyətində olan Azərbaycan türkləri məhz Qafqaz İslam Ordusunun tərkibində gələn türk zabitləri tərəfindən öyrədildi. Lakin bu o demək deyil ki, bizim döyüş ruhumuz ölmüşdü. Bir anlığa təəssəvür edin ki, orduya çağırılmayan bir millət o vaxtkı çar ordusu üçün - Mehmandarov, Şıxlinski, Naxçıvanski və digər sərkərdələr yetişdirmişdi. Yəni döyüşkənlik türkün ruhunda, genində, qanındaydı. Ona görə də qısa vaxtda Qafqaz İslam Ordusunun Anadoludan gələn heyyətinə yerli əhali də qoşuldu.

Təkcə bir faktı qeyd etmək istəyərdim ki, o dövrdə orduya komandanlıq edən Nuru Paşa qardaşı Ənvər Paşaya teleqram vuraraq əsgərlər üçün geyim istəmişdi. Niyə? Çünki könüllülərin sayı çox idi. Və Ənvər Paşaya vurulan teleqramdan bəlli olur ki, təkcə Qazax - Borçalı bölgəsindən 11 min nəfər Azərbaycan türkü Qafqaz İslam ordusunda iştirak etmək üçün öz arzusunu bildirmişdi. Bakının azad edilməsi heç də elə - belə olmadı. İstər diplomatik baxımından, istər hərbi baxımından asan deyildi.
Ən hiddətləndirici faktlardan biri o idi ki, Osmanlının birinci dünya müharibəsindəki mütəffiqi Almaniya, "Dördlər" İttifaqının düşməni olan və "Antanta"nın tərəfində düyüşmüş çar Rusiyasının varisi Sovet Rusiyası ilə gizli danışıqlar aparmışdı ki, Bakıya Azərbaycan Osmanlı ordularının girməsinin qarşısını alsın və bunun müqabilində hətta Rusiya Bakı neftinin dörddə birini almanlara vəd eləmişdi".
Tarixçi alim bildirir ki, şəhəri işğalda saxlamaq üçün ermənilər, Bakıda yaşayan xristian əhali, eyni zamanda ingilislər tərəfindən göndərilən qüvvələr, Osmanlı cəbhəsindən geri çəkilən və rus ordusunda xidmət edən qaniçən erməni hərbi quldur dəstələri Qafqaz İslam Ordusunun Bakıya girməsinə qarşı şiddətli müqavimət göstərirdilər:
"Bu qüvvələrə təbii ki, həm də bolşevik Rusiyasının Bakıya göndərdiyi qüvvələri də əlavə etsək həqiqətən Qafqaz İslam Ordusunun heç də asanlıqla Bakını xilas etdiyini söyləmək mümkün deyildi".
Turan