Baş redaktor:"İnsanları çörəklə sınağa çəkənlər indi də siyasi sabitliyi pozmaq istəyir" - Sifariş icraçıları





"Müxalif qruplaşma heç vaxt xalqı, milləti, vətəni düşünməyib”.

Bunu "Sherg.az”a açıqlamasında "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktoru bildirib ki, bir il hakimiyyətdə olan məlum qüvvələr ölkəni iflic vəziyyətə qoyublar, iqtisadiyyatı məhv ediblər: 

"Onların dövründə siyasi hakimiyyətdə anarxiya hökm sürürdü. O yaramazlar Azərbaycanda insanları çörəklə sınağa çəkdilər. İndi də utanmadan siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Xarici havadarlarının, anti-Azərbaycan qüvvələrin və erməni lobbisinin maliyyəsi ilə Azərbaycana qarşı fəaliyyət göstərirlər. Azərbaycandakı sabitliyi və inkişafı həmin bədxahların gözü götürmür. Heç bir sosial bazaları yoxdur. 

Yanvarın 19-da keçirdikləri mitinqə baxın, on siyasi təşkilatın keçirdiyi mitinqə sadəcə 2 min civarında insan gəldi. Onlar da kənardan tamaşa etmək məqsədi ilə gəlmişdilər ki, görsünlər, kim nədən danışır, nə deyir. Onların arasında heç vaxt lider olmayıb. Hamısı öz ambisiyaların güdüblər, özlərini düşünüblər. İdeyaları olmayıb, nə məqsədlə bir yerə yığışdıqlarını bilməyiblər. Aldıqları qrantların hesabını vermək üçün bu cür mitinqlərə cəhd ediblər. Mehman Hüseynovu ortalığa atırlar. Əslində onların dərdi Mehmanın müdafiəsi deyil. Ümumiyyətlə onları heç bir azərbaycanlı düşündürmür. 

20 yanvar günü əl atdıqları iyrənc əməllər də göstərdi ki, simasız və yaramaz insanlar mənəvi dəyərlərə, Azərbaycan uğrunda canlarını qurban vermiş şəhidlərə hörmət etmirlər. Yarım saat yubanmaya görə, iğtişaş yaratdılar, hər zaman olduğu kimi yenə də xalqa yuxarıdan-aşağı baxdıqlarını sübut etdilər. Anormal təfəkkürə sahib olduqlarını göstərdilər və çirkin maraqlarını ortaya qoydular. Onların hamısı anti-milli ünsürlərdir. Yalnız maddi maraqlarını düşünürlər. Heç biri də siyasətçi deyil. Şou göstərməklə özlərini gündəmdə saxlamağa çalışırlar. Azərbaycan vətəndaşı onlara öz yerini göstərir və bundan sonra da göstərəcək”.

V.Rəhimzadə bildirib ki, Mehman məsələsindən sonra mövzusu qalmayan müxalif qruplaşma özlərinə yeni mövzu axtarırlar: 

"Azərbaycanda sərbəst toplaşmaq azadlığı, söz və fikir azadlığı var. İstənilən vətəndaş istədiyi fikri ifadə edir. Ancaq öz bədnam niyyətlərindən vaz keçə bilməyən əhmin insanlar reallıqları görmək istəmirlər. Ona görə də bu cür oyunlara əl atırlar. Buna qətiyyən yol vermək olmaz. Müvafiq dövlət qurumları birmənalı şəkildə 20 yanvar günü Şəhidlər Xiyabanında iğtişaş törədənləri məsuliyyətə cəlb etməlidir”.

İsmayıl