Eyyub Hüseynov:"Azərbaycanda olan tütün məmulatlarının da təxminən 20 faizi saxta aksiz markası ilə və ya markasız satılır"
"Əsl aksiz markalarının gümüşü zolağında Azərbaycanın gerbi açıq görünür”.
Bunu "Sherg.az”a Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatda yarım milyondan çox saxta aksiz markasının aşkar edilməsindən danışarkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O diqqətə çatdırıb ki, saxta aksiz markalarında gerb dəqiq görünmür:
"Azad İstehlakçılar Birliyində saxta aksiz markalarının nümunələri var. Lakin bunların aşkarlanmasına baxmayaraq, saxtakarlıq davam etdi. DTX böyük əməliyyat həyata keçirərək əmtəə bazarında yenidən saxta aksizlər aşkar etdi.
Hər zaman qeyd edirik ki, bazarın ən çox çirklənmiş hissəsi budur. Bazardakı spirtli içkilərin 70 faizə yaxını saxtadır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi müəyyən etdi ki, həmin aksizlər Gürcüstandan Azərbaycana gətirilir. Görülən tədbirlər nəticəsində böyük cinayətkar dəstə zərərsizləşdirildi.
Dəfələrlə dövlət orqanları qarşısında məsələ qaldırıb, insanların zəhərləndiyini bəyan etmişik. Hətta məlum oldu ki, araqların içərisinə aseton maddəsi qarışdırılıb, satılır. Bir müddət əvvəl şüşələri kütləvi yığan, toplayan böyük şəbəkə ifşa olundu. Bu məsələlərdən sonra gömrük orqanları nəhayət işə başlayıblar.
Belə işlərdə dövlət orqanlarının sinxron, qarşılıqlı fəaliyyəti lazımdır. Məsələn, Kənd təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi nəyə görə, bu problemlərə diqqət etmir? Dövlət orqanlarının birlikdə fəaliyyəti yoxdur və ya bəziləri rüşvət alır, yararlanır. Ona görə, əmtəə bazarı belə çirklənib.
Azərbaycanda olan tütün məmulatlarının da təxminən 20 faizi saxta aksiz markası ilə və ya markasız satılır. Halbuki tütün və spirtli içki məhsullarında aksiz markalarının olması mütləqdir. Düşünürəm ki, DTX-nın əməliyyatından sonra vəziyyət dəyişəcək”.
Qeyd edək ki, saxta araq istehsalı üçün nəzərdə tutulan 619 min 500 ədəd saxta aksiz markası Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilərkən saxlanıb. DTX-nın məlumatına görə, araşdırmalar zamanı saxta aksiz markalarının çatdırıldığı qanunsuz fəaliyyət göstərən xüsusi məkanlarda keyfiyyətsiz spirtin su ilə texniki qarışığından əldə edilməklə əhalinin fiziki sağlamlığına zərərli olan və kütləvi satışa çıxarılan saxta araqların istehsal olunduğu müəyyənləşib. Habelə, bu məqsədlə keyfiyyətsiz spirt saxlanılan çoxlu sayda çənlər aşkarlanıb.
Aysel Aslan