“BDU-da apelyasiya komissiyası ləğv olunmayıb”

Pərvanə İbrahimova: “Hazırda qərargah fəaliyyət göstərir və qərargahın nəzdində təbiət və humanitar fənn üzrə həm münaqişə, həm də apellyasiya komissiyası var. Hər iki komissiya da fəaliyyətini davam etdirir”



Bakı Dövlət Universitetinin bir qrup tələbəsi BDU-da semestr imtahanları ərəfəsində yaradılan apellyasiya komissiyalarının ləğv edilməsi ilə bağlı şikayət ediblər. İmtahan nəticələrindən şikayətçi olan bəzi tələbələr bildiriblər ki, BDU-da onların müraciətinə baxılmır. Buna səbəb kimi apellyasiya komissiyalarının ləğv edilməsi göstərilir: "İmtahan nəticələri bizi qane etməyəndə appelyasiya şikayəti yazaraq narazılığımızı bildirirdik və tələbimiz yerinə yetirilirdi.

İndi isə bu imkandan məhrum olmuşuq. İmtahan nəticələrindən narazı tələbələrin şikayətlərini dinləyən tapılmır. Qanunla imtahanlara görə apellyasiya komissiyaları olmalıdır, amma bizə bildirirlər ki, ləğv edilib”.

Məsələyə aydınlıq gətirmək üçün Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova ilə əlaqə saxladıq. Universitet sözçüsü tələbələrin iddialarını yalanlayıb: "Hər il sessiya zamanı Bakı Dövlət Universitetində rektorun əmri ilə qərargah yaradılır. Hazırda qərargah fəaliyyət göstərir və qərargahın nəzdində təbiət və humanitar fənn üzrə həm münaqişə, həm də apellyasiya komissiyası var. Hər iki komissiya da fəaliyyətini davam etdirir”.

Tələbələrin şikayətinin əsassız olduğunu deyən BDU sözçüsü bunu birbaşa rektorun əmri ilə sübuta yetirib: "Sessiyanın gedişinə operativ nəzarət etmək məqsədi ilə rektorun ümumi məsələlər üzrə müşaviri professor İ.Əliyevin sədrliyi ilə imtahan qərargahı və apelyasiya qərargahı yaradılıb. Və Komissiya sədrinə tapşırılıb ki, sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "qaynar xətt” xidmətinə daxil olan şikayətlərin araşdırılması təmin edilsin və bu barədə tədbirlərin görülməsi məqsədi ilə müvafiq təkliflər versin”. Göründüyü kimi, bu komissiyanın yaradılması rektorun qərarında da öz əksini tapıb. Bu baxımdan ləğv edilməsindən söhbət gedə bilməz. Sadəcə olaraq, Azərbaycanda keçiriləcək Yay Avropa Olimpiya Oyunları ilə əlaqədar imtahan müddəti sıxlaşdırıldığı üçün tələbələrin şikayəti vaxtında təmin edilməyib. Dediyim kimi, ortada komissiyanın ləğv olunması kimi bir şey yoxdur. İmtahan nəticələrindən narazı qalan tələbələrin müraciətləri hazırda dəyərləndirilir. Onların işinə isə imtahan sessiyası başa çatandan sonra baxılacaq. Odur ki, tələbələrin narahatlığına heç bir əsas yoxdur. Hər birinin şikayətinə ayrı-ayrılıqda baxılacaq”.

Şəymən