"Bədii Şuradakıların səmimiyyətinə inanmıram"

Elnarə Abdullayeva: "Filankəs filankəsin dostudu, buna dəymə deyə, yenə tanışlar, yaxınlar efirə çıxacaq"
"Biz televiziyaya çıxana qədər anamızdan əmdiyimiz süd burnumuzdan gəlib. Asanlıqla efirə gəlib çıxmamışıq. İndi pulu olan efirdədi"

Bu gün telekanallarda yaranan vəziyyət narahatlıq üçün əsas yaradır. Efirlərə sənəti olmayan, səhnədən xəbərsiz, Azərbaycan musiqisindən bixəbər insanlar ayaq açıblar. İnternet üzərindən özlərinə müxtəlif yollarla baxış toplayanlar bir müddət sonra efirlərdə görünürlər. Onları sənətkar kimi təqdim etməyə başlayıblar. Təbii ki, bu acınacaqlı durum sənət adamlarının da narahatlığına səbəb olur. Əməkdar artist Elnarə Abdullayeva «Şərq»ə açıqlamasında Azərbaycan səhnəsinin bugünkü durumundan danışdı. Əməkdar artist intnernet üzərindən «sənətkar» olanlara kəskin mesaj göndərdi.

- Azərbaycan səhnəsinin mizanı itib sanki...

- Mən bu barədə fikir bildirirəm, deyirlər Elnarə heç kimi bəyənmir. Elə deyil. Nə qədər ki, telefonlarda ağzına gələni oxuyanlar layk toplayacaq, yutub kanalları ilə güya 1 milyon, 5 milyon baxış adı ilə özlərini sənətkar adlandıracaq, sonra də efirə bəh-bəhlə dəvət olunacaq, o qədər səhnəmizin mizanı da olmaycaq. Əlbəttə, səhnəmizin mizanı itib. Çünki sənətdən xəbərsizlər, internetdə orasını-burasını göstərməklə, nə bilim, düşük sözlərdən istifadə edərək mahnı oxuyanlar efirlərə ayaq açacaq qədər səhnənin rəngi də qaralar, səhnənin mizanı da itər. 

Efirlərə dəvət edilən, özlərini ulduz hesab edən müğənnilər ki var, onları təqdim edəndə deyirlər ki, sənə 1 milyon, 5 milyon baxış var, bu artıq sənətkardı. Ay bacı, internet üzərindən baxışa görə hər oxuyana sənətkar deyərlər? Soruşursan ki, necə 5 milyon baxış olub, axı sən nə oxuyursan? Deyir olub da… İnternet üzərindən baxışla sənətkar yaratmaq olar? İnternetdə kim nə istəyir oxuyursa, onu səhnəyə gətirmək nə qədər doğrudur? İndi baxanları qınamıram, cavandılar, deyək ki, baxıblar. Amma sənətdən xəbəri olan, musiqidən anlayışı olan, Azərbaycan musiqisini tanıyan insan o mahnılara qulaq asa bilməz axı. Bilirsiz, bu çox dəhşətli həqiqətdi. 

İnternetdə kim layk olunursa, baxışı çoxdusa, onu efirə dəvət edirlər. Yutubdan, telefondan səhnəyə gələn olanda sənət qalar, ya sənətkar? Əgər internetdən mənasız ifaları ilə baxış toplayanlar rahatlıqla efirə ayaq açmasaydılar, onlar elə telefonlarda, internetdə qalsaydılar, sənətin də qiyməti, dəyəri qalardı, sənətkarın da. Görün nə qədər acınacaqlı bir duruma düşmüşük ki, internetdən baxışı olan «üzdəniraq»lar efirləri doldurub, sənətkarlar da abırlarına bükülüb çəkiliblər kənara. Nə olmalıdı? Soruşuram, belə olan halda səhnədə mizan qalar? Sənət göstərənlər, sənətlə məşğul olanlar qıraqda qalıb, sənətdən xəbərsizlər at oynadıb, meydan sulayırlar. Reytinq naminə sənəti bu qədər dəyərsiz göstərməyə dəyərmi? Vallah ayıbdı. Necə olmalıdı ki? Televiziyaya rahatlıqla istənilən oxuyan çıxanda, əlbəttə, vəziyyət belə acınacaqlı olacaq. Biz televiziyaya çıxana qədər anamızdan əmdiyimiz süd burnumuzdan gəlib. Asanlıqla efirə gəlib çıxmamışıq. İndi pulu olan efirdədi. Kiminsə pulu varsa, efirdə çıxıb meymunluq edəcəksə, bunu sənətkar adlandırmaq nə qədər doğrudur?

- AzTV-də Bədii Şura yaradıldı. Necə qarşıladınız bu xəbəri?

- Səmimi deyəcəm, orda da yenə şəxsi dostluqlar, şəxsi münasibətlər özünü göstərəcək. Filankəs filankəsin dostudu, buna dəymə deyə, yenə tanışlar, yaxınlar efirə çıxacaq. Nə bilim, nəsə səmimiyyətlərinə inanmıram. Birdəki, AzTV-nin Bədii Şuraya ehtiyacı var idi ki? Onsuz da Dövlət Televiziyasına hər ifaçı, müğənni çıxa bilmirdi. AzTV-nin özü elə Bədii Şura demək idi də, onların Bədii Şuraya ehtiyacları olmayıb. Yaxşı, AzTV-də Bədii Şura yaradıldı. Bəs digər özəl kanalların aqibəti necə olacaq? Guya AzTV-yə baxan olur ki? Müəyyən bir tamaşaçı kütləsi ora baxır. Camaat daha çox özəl kanallara baxır. Ordakı vəziyyət də göz qabağındadı. Oranı kim tənzimləyəcək ? Bir də bu tək televiziyanın işi deyil. Televiziyaya nəzarət edən adamların, qurumların işidir. Sən AzTV-də Bədii Şura yaratdın, orda hər müğənni çıxış etmədi, bəs başqa kanallar? Onlar gedib yenə özəl kanalda oxuyacaqlarsa, yenə nə olursa, millətə olmur ki? Bu millət yazıq deyil? Niyə efirlərdə bu biabırçılıqları izləməyə məcbur qalmalıdırlar? Milli Teleradio Şurası, ya başqa səlahiyyətli qurum bu missiyanı üzərinə götürməlidir. 

AzTV özünə görə Bədii Şura yaratdı, bəs o birilər? AzTV-yə kim çıxır ki? Bəllidir ki, orda həmişə sənətkar çıxış edib. Onların nəzarətə ehtiyacları yox idi. Əslində özəl kanalların Bədii Şuraya ehtiyacları var. Çünki hamı özəl kanallara baxır. Bunu niyə danırıq ki? Yalan deyirəm? Camaat özəl kanallara baxır. AzTV muğam verilişləri hazırlayır, ciddi proqramlar təqdim edir. Ona baxan tamaşaçının sayı çox deyil axı. İndiyə qədər telefonda, internetdə baxış sayı çoxdu deyə, AzTV-yə müğənni çağırıblar ki? Deyiblər sənin baxış sayın çoxdu, sən sənətkarsan, gəl AzTV-də də oxu. Axı AzTV həmişə öz çəkisini qoruya bilib. Mizanını itirən özəl telekanallardı. Buna diqqət yetirsinlər, buna nəzarət etsinlər. Çünki efirlər az qala youtub kanallarından da biabırçı vəziyyət almağa başlayıb. Bu, yolverilməzdi. Səhnəni, sənətkarları bu qədər ucuzlaşdırmaq günahdı.

Tahirə Məmamədqızı