Belarus Ermənistanla deyil, Azərbaycanla münasibətlərdə maraqlıdır
"Belarus-Azərbaycan əməkdaşlığının bütün istiqamətlərində konkret nəticələr var”. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib. Belarusda səfərdə olan dövlət başçısı vurğulayıb ki, bizim münasibətlərimiz onunla fərqlənir ki, razılaşdığımız hər şeyi icra edirik. Biri-birimizi bütün beynəlxalq strukturlarda dəstəkləyirik: "Ticari-iqtisadi əlaqələrimiz artır. Sənaye kooperasiyası çox aktiv inkişaf edir, həmçinin hərbi-texniki, mədəni və təhsil sferalarında yaxşı əməkdaşlıq tarixinə malikdir. Yəni biz bütün istiqamətlərdə pozitiv, yaxşı əhval, konkret nəticələr görürük”. Prezident Belarusa yenidən səfər etməkdən məmnun olduğunu deyib. Ölkə rəhbərinin sözlərinə görə, yüksək səviyyədə reallaşan mütəmadi səfərlər Belarus və Azərbaycan arasında yaxın dostluq əlaqələrinə şahidlik edir:
"Bu gün əməkdaşlıq tamamilə yeni səviyyəyə çıxıb. Azərbaycanda Belarus haqqında danışanda ikitərəfli münasibətlərimizdə hansısa hadisələr xatırlanır, ictimaiyyətdə hər zaman pozitiv hisslər mövcuddur. Mən bilirəm ki, Belarusda Azərbaycana qarşı çox xoş münasibət var, Azərbaycanda Belarusu həqiqətən qardaş ölkə və dünyada ən yaxın tərəfdaşlarından biri sayırlar”. Prezident buna iki ölkənin liderləri arasında şəxsi münasibətlərin də zəmin yaratdığını söyləyib: "İnsanlar bütün bunları görürlər və bizim məsələləri necə həll etdiyimizi, qarşıya qoyulan hədəflərə necə getdiyimizi dəyərləndirirlər”.
Dövlət başçısı İlham Əliyev həmkarı Lukaşenkonu Azərbaycana dəvət edib. Belarus Prezidenti Aleksandr Lukaşenko da öz növbəsində bildirib ki, Azərbaycan ilə Belarusun bütün sahələrdə yaxşı münasibətləri var:
"Bizim ölkəmizə gəldiyinizə çox sevindim. Aramızda bütün sahələrdə, həm iqtisadi-ticari, həm siyasi, həm də hərbi sahədə yaxşı münasibətlər var. Amma bu münasibətlərə əlavə etməli, irəli aparmalı məsələlər də var. Belarusda yolunuzu gözləmişik. Təsdiq edirəm ki, aramızda heç vaxt qapalı mövzular olmayacaq. Biz bir dövlətdə yaşamışıq. Sizinlə çox yaxın insanlarıq”.
Ekspertlər də iki dövlət arasındakı münasibətləri, sıx əməkdaşlığı yüksək qiymətləndiriblər. Bildiriblər ki, Belarus Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərində olan bir dövlətdir. İki dövlət arasındakı əlaqələr tarixi köklərə söykənir. Dövlət başçıları arasında münasibətlər yüksək səviyyədədir. Eyni zamanda hər iki ölkənin xalqlarının biri-biri ilə ciddi mədəni əlaqələri var. Əslində iki dövlət arasında münasibətlərin yüksək səviyyədə olması təəccüb doğurmur.
Çünki Azərbaycanda belarusları, Belarusda da azərbaycanlıları sevirlər. Həm Azərbaycanın, həm də Belarusun dövlət başçıları bu ənənələri, münasibətləri daha da inkişaf etdirmək əzmindədirlər. Hər iki prezident ciddi siyasi iradə sahibi olan insanlardır. Bu amil də münasibətlərin yüksək səviyyəyə qalxmasından xəbər verir. Ölkəmiz ən kritik anlarda Belarusun yanında olub və təmənnasız bir dost ölkə olduğunu nümayiş etdirdiyini dilə gətirib. Həmçinin, Belarus da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Dövlətimizin nümayəndələrinin iştirak etmədiyi ayrı-ayrı təşkilatlarda beynəlxalq hüququn prinsiplərindən çıxış edərək, ölkəmizin maraqlarını müdafiə edib. Bu qarşılıqlı münasibət şübhəsiz ki, dövlətlərarası münasibətlərin inkişafında çox etimadlı bir bünövrə yaradıb. İndiki şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfərini də bu aspektdən dəyərləndirmək lazımdır.
Azərbaycan və Belarus prezidentlərinin görüşünü və iki ölkənin münasibətlərini şərh edən politoloq İlqar Vəlizadə deyib ki, Azərbaycanla Belarus arasında çoxşaxəli əlaqələr mövcuddur. Ekspert bildirib ki, son vaxtlar iki ölkə arasında hərbi-texniki əməkdaşlıq gündəmdə olsa da, digər sahələrdə də kifayət qədər fəal əməkdaşlıq mövcuddur:
"İki dövlət arasında maşınqayırma, neft-kimya, nəqliyyat sahəsində rabitələr inkişaf etdirilir. Ümumiyyətlə, Azərbaycan-Belarus münasibətləri postsovet ölkələri, hətta Avrasiya İttifaqı daxilində bəzi ölkələr arasındakı iqtisadi əlaqələrdən daha güclüdür. Qırğızıstan Avrasiya İttifaqına daxil olsa da, Belarusla iqtisadi əlaqələri Azərbaycan-Belarus əlaqələrindən zəifdir. Eyni zamanda, Belarusla Ermənistan arasında münasibətlər yox səviyyəsindədir. Ermənistanın Avrasiya İttifaqı çərçivəsində yalnız Rusiya ilə münasibətləri güclüdür. Əslində, Minsk Ermənistanla deyil, Azərbaycanla münasibətlərdə maraqlıdır. Çünki Belarus Azərbaycanı regionun lider ölkəsi, o cümlədən iqtisadi maraqlarının əsas təmsilçisi olaraq görür. Belə ki, Belarus da Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulmaq niyyətindədir”.
Politoloq Azərbaycanın Belarus üçün qovşaq rolunu oynadığını deyib:
"Yaxın gələcəkdə Belarusun Azərbaycanda ticarət evi fəaliyyətə başlaya bilər. Hətta Azərbaycanda Belarusa məxsus Logistika Mərkəzinin də fəaliyyət göstərəcəyini istisna etmirəm. Bu, Şimal-Cənub dəhlizi çərçivəsində Belarusun rolunun artmasına gətirib çıxaracaq. İki ölkə arasında əlaqələrin hazırkı səviyyəsi hər iki tərəfə təxminən 300 milyon dollar civarında olan ticarət evinin dəyərini 700-800 milyona qaldırmağa imkan verir. Çox güman ki, əsas hədəf 1 milyard dollar olacaq”.
İsmayıl