"Belələri ailə qurmasalar daha yaxşıdır"- Valideynlər diqqət!



"Hemofiliya xəstəliyinin artmasının səbəbi nikaha daxil olan qan qohumlarının sayının çoxalmasıdır”.

Bunu Sherg.az-a Azərbaycanda hemofiliya xəstəliyinin artmasının səbəblərindən danışarkən tanınmış pediatr Vaqif Qarayev deyib.

O bildirib ki, talassemiya, epilepsiya, hemofiliya kimi xəstəliklərdə doğulacaq uşağın xəstə olub-olmadığı əvvəlcədən müəyyən olunur:

"Çünki bilinir ki, bir nəsildə bu xəstəliyin daşıyıcılarından varsa, doğulacaq uşağın da həmin xəstəliklərin daşıyıcı olması riski böyükdür. Məlum nikahların bizə verdiyi ziyandan danışılır. Bu bizim bəlamızdır. Qohum nikahların bağlanmasının bizə verdiyi ziyan indi də var, sabah da olacaq.

Bəzən görürük ki, ailədə 3 uşağın həm əqli, həm də fiziki problemləri olur. Ata ana yaxın qohumdur. 4-cü uşaq da dünyaya gəlir. Hər 3 uşaq əlil dünyaya gəlir, lakin heç kəsin ağlına gəlmir ki, 4-cü uşaqda da bu problemlər ola bilər. Həmişə insan haqlarının pozulmasından danışılır, amma doğulacaq uşağın da hüquqları var. Bizdə ailə sadəcə uşaq üçün qurulursa, əvvəlcədən ehtimal ediriksə ki, əlil övlad dünyaya gələcək, onda o ailə niyə qurulmalıdır ki? Bu uşaqlar həm cəmiyyətə yükdür, həm də valideynlərə mənəvi, maddi, fiziki və psixoloji baxımdan problemdir. Bu mənda ailə qurularkən müayinələrin tələb edilməsi çox yaxşıdır.

Gələcəkdə bu problemlərin olmaması üçün gəncləri hələ evlənməzdən əvvəl müayinə etmək lazımdır. Mən indiyə qədər görməmişəm ki, valideyn 17-18 yaşında qızını həkimə gətirib, müayinə etdirsin. İnsanlarda xof və qorxu var. Ehtiyat edirlər ki, kimsə onların övladlarını həkimə apardığını görər.
Oğlanlarda da eyni problemdir. Hətta bəziləri evləndikdən sonra da həkimə getməyə ehtiyat edir”.

Digər xəstəliklərə nisbətən irsi keçən xəstəliklərin qarşısını almağın mümkün olduğunu qeyd edən V.Qarayevin sözlərinə görə, bu xəstəliklərin çoxalmasının səbəbi cahil yanaşmanın mövcud olmasıdır:

"Məsələn, qohum evliliklərini dinə bağlayırlar. Məhəmməd Peyğəmbər də öz qohumu ilə evlənmişdi deyə müdafiə edirlər. Müsəlman ölkələrində fiziki və ya əqli problemlərlə doğulan uşaqların sayı ona görə artıqdır ki, biz ailə strukturunu kökündən düz qurmamışıq.

Hemofiliya da daxil olmaqla irsi-genetik xəstəliklərin qarşısını almaq üçün mütləq profilaktik müayinə lazımdır. İnsanlar analizlərin baha olmasından bəzən şikayətlənir. Amma hemofiliya xəstəliyinin analizləri yüksək məbləğ tələb etmir. Mənə görə həmin xəstə insanların gələcəkdə dünyaya xəstə övlad gətirməyindənsə, ailə qurmasalar daha yaxşıdır.

Axı o uşaqların nə günahı var? Dünyada belə xəstəliklərin olması həqiqətdir. Lakin statistikada qeyd olunduğu kimi, 60 hemofiliyalı qadın varsa, onun 6-sı Azərbaycandadır. Bu həddindən artıq böyük rəqəmdir. Müalicə olunmayan xəstəliyin olduğunu bilə-bilə dünyaya xəstə uşaqları niyə gətirilməlidir. Əslində bu könüllü şəkildə müayinələrin artmasına ümid etməməliyik. İnzibati qaydada prosedurlar müəyyən olunmalıdır. İrsi-genetik xəstəliklərin kökünü kəsə bilmərik, çünki təbiət elə yaradıb. Amma əvvəlcədən mane olmaq şərtilə xəstəliklərin artmasının kəskin azaltmaq olar”.

Qeyd edək ki, Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova dünyadakı 60 hemofiliyalı qadın xəstənin 6-sının Azərbaycanda qeydiyyatda olduğunu söyləyib. Hemofiliyanın ağır irsi qan azlığı xəstəliyi olduğunu söyləyən E.Qədimova bildirib ki, hemofiliyalı xəstələr əsasən oğlan uşaqları olur.

Ayyət Əhməd