“Mən qayınana mətbəxdə qaynayan qazanı icazəsiz açdığına görə gəlinin boşandığını da görmüşəm”
Beləsi olmamışdı...
Qadın maşın seriyasının baş hərfinə görə ərindən boşanıb
“Mən qayınana mətbəxdə qaynayan qazanı icazəsiz açdığına görə gəlinin boşandığını da görmüşəm”
“Mən qayınana mətbəxdə qaynayan qazanı icazəsiz açdığına görə gəlinin boşandığını da görmüşəm”
Ölkəmizdə qəribə boşanma hadisəsi baş verib. 5 ildir evli olan qadının qeyri-adi istəyinin baş tutmaması boşanma ilə nəticələnib. Vəkilə müraciət edərək ərindən ayrılmaq istəyən qadının boşanma səbəbi bəlkə də bu günə qədər görülməyib.
25 yaşlı qadın həyat yoldaşının avtomobilindəki dövlət qeydiyyat nişanında olan hərfi ona qısqanıb və maşının nömrəsində öz adının baş hərfi olmadığına görə 5 illik evlilik həyatına son qoyub. Alınan maşının nömrəsindəki hərf başqa olub və buna görə ərini qısqanan qadın ondan boşanmaq üçün vəkil tutub. 25 yaşlı qadının bu istəyini əri ilk vaxtlar qeyri-ciddi qarşılayıb. Sonda məhkəməyə çağrılması onu əməlli-başlı şoka salıb. O, məhkəmədə nömrəni dəyişməyə razı olduğunu desə də, qadın razılaşmayıb.
Baş verən hadisə gülməli olduğu qədər də ciddidir. Ailə münasibətlərinin bu qədər cılızlaşması hər kəsdə təəssüf hissi yaradır. Hadisədən xəbərdar olan hər kəsi yalnız bir şey - qadının psixoloji narahatçılığının olub-olmaması maraqlandırır. Maraqlıdır, ekspertlər qadının bu cür reaksiyasını necə dəyərləndirirlər?
... bu səbəb məni çox güldürdü
Sosioloq-jurnalist Lalə Mehralı hazırda xüsusilə qadınların boşanmanı su içimi qədər asanlaşdırdığını deyib: "Son illər o qədər qəribə, əhəmiyyətsiz boşanma səbəbləri haqqında eşidirəm ki, artıq heç nəyə təəccüb etmirəm. Bu səbəb də məni təəccübləndirməkdən çox güldürdü. Bu cür boşanma səbəbi qadının ya psixoloji problemi olduğunu, ya da əslində başqa səbəb olub, sadəcə bu gülməli səbəbin altına gizlətdiyini düşünürəm. Başqa heç nə bu gülünc boşanma arqumentinə haqq qazandırmaz. Maşın nömrəsinə görə onları boşayan hakim kimdir bilmirəm, amma əminəm ki, o hakim bundan da gülməli səbəblər görür, şahid olur. Mən qayınana mətbəxdə qaynayan qazanı icazəsiz açdığına görə gəlinin boşandığını da görmüşəm, ər telefona kod qoyduğu üçün boşanan da. Bu cür xırda səbəblərə görə onları boşayan hakimə acığım tutur əslində. Məhkəmə ciddi yerdi, həyati əhəmiyyətli məsələlərin müzakirəsi üçündür, bu cür boş, lüzumsuz işlər üçün deyil. Təcrübəli hakim iclası təxirə salır, düşünmək üçün vaxt verir, növbəti iclasa heç gəlmirlər. Demək ki, sadəcə həyatlarına rəng qatmaq, adrenalin yaşamaq istəyiblər. Amma israrla növbəti iclasa gəlib ərinin telefonundakı koda görə qayınana mətbəxinə icazəsiz girdiyinə görə boşananları da görmüşük. Vaxtilə boşanan qadınların hansından soruşsanız ki, boşanandan sonra həyatın gül-gülüstanmı olub, çox çətinlik çəkdiyini, boşanmaq istəmədiyini deyəcək. Çünki tək qadın həyatını qurmağa çətinlik çəkir, boşanmaq onun seçimi olmasa da, buna məcbur edilir bəzən”.
... qadının bu reaksiyası nevrozun əlamətidir
Psixoloq Narınc Rüstəmova isə baş verən hadisəyə təəccüblənmədiyini deyib. Onun sözlərinə görə, buna bənzər hadisələrlə hər zaman rastlaşdıqları üçün artıq belə hallar onlar üçün olduqca adidir: "Bu xanımda hansısa psixoloji problemin olub-olmamasını bilmək üçün heç psixoloq olmağa ehtiyac yoxdur. Qadının bu cür reaksiya verməsi nevrozun əlamətidir. Psixi pozuntuların bir növü nevrozluqdur. Belə insanlar hədsiz dərəcədə qısqanc olurlar və bu, onlarda xəstəlik dərəcəsinə gəlib çatır. Onlar ən adı hadisələri belə problem edirlər. Məsələn, "mesajı niyə belə yazmadın?”, "mənə niyə belə müraciət etmədin, deməli, sən başqa adamın yanındasan”, "dedin ki, saat 2-də işdən çıxmışam, ancaq o vaxt çıxmadın” və s. Bu cür insanlar xırda şeylərdən belə mübahisə yaradırlar. Bu da birmənalı olaraq həmin insanın nevroloji xəstəliyinin əlamətidir. Yalnız qadınlar yox, hətta belə kişilər də var. Hansı ki, xanıma yuyulmuş paltarı çöldən asmağa icazə vermir, qadını hər şeydən təcrid edir.
Maşın nömrəsindən belə konflikt çıxardan xanımın reaksiyası əslində təbiidir, çünki nevroz insanların davranışı məhz belə olur. Lakin belə hallar qarşıdakı dönəmlərdə şəxsiyyətin pozulmasına gətirib çıxarır. Bu hal xəstədə varsa, o, mütləq psixoloq və ya psixoterapevtə müraciət etməlidir. Yaxşı olardı ki, belə olan hallarda boşanmaq istəyən tərəflər psixoloq yardımı aldıqdan sonra boşanmaq qərarına gəlsin. Kimisi çox qısqancdır, kimisi çox vasvasıdı, bəziləri evdə hər yeri aşırı dərəcədə təmizləyir, bir qisim hansısa əşyanın əyri durmasını problem hesab edir - bütün bunlar nevrozun əlamətidir. Təbii ki, belə hallar hər birimizdə az-çox var, amma boşanma səbəbi kimi bu artıq xəstəliyin göstəricisidir. İnanın, bu gün maşın nömrəsi üstündə bağışlanma olsa da, o xanım 2 aydan sonra yoldaşı ilə başqa şeyin üstündə mübahisə edəcək. Əlbəttə, belə insanla davamlı olaraq yaşamaq çox çətindir. Nevroz insanları daim narahat fikirlər təqib edir və onlar düşünür ki, sanki pis bir şey baş verəcək. O qadını danışdırsaz, sizin qarşınıza elə sübutlar qoyacaq ki, siz deyəcəksiz -”psixoloji problemi olan adam mənəm”. Ona görə də belə insanların ən azı 6 ay müalicə olunması mütləqdir.
Dəfələrlə belə pasiyentlərlə qarşılaşırıq. Çox xırda şeyləri düşünən, nəsə qurub-quraşdıran insanlar var. Pasiyentlərdən bir kişi gəlib deyirdi ki, "həyat yoldaşım mənə xəyanət edir”. Bunu hardan bildiyini soruşanda isə cavab bu oldu - "Axşam yatarkən durub gedib. Qapının yuxarı hissəsinə tüpürcəyimlə kağız yapışdırmışdım, qapı açılanda düşüb yerə, deməli, qapı açılmasaydı, kağız yerə düşməzdi”. İndi məntiqlə fikirləşin, tüpürcəklə yapışdırılmış kağız neçə dəqiqə orda qala bilər? İnsan özünü o qədər itirib ki, bu hadisənin üstündə yazıq qadını döymüşdü və onu boşamaq istəyirdi. Belə insanların psixoloji yardım alması olduqca vacibdir”.
Yeganə Bayramova