“Bəli, Türkiyə Rusiya xətti yürüdür”

Natiq Miri: “Rusiya heç vaxt öz ölkəsində türk dilinin öyrədilməsinə şərait yaratmaz”




Türkiyədə rus dilinin tədrisinə diqqətin artırılması təklif olunub. Bildirilib ki, Türkiyəyə turistlərin əhəmiyyətli hissəsi rus dilində danışan ölkələrdən, Rusiyadan və keçmiş sovet respublikalarından gəlir. Bu səbəbdən Türkiyə rəsmiləri rusdilli turistlərlə ünsiyyət qurmaq üçün rus dilinin öyrənilməsini zəruri hesab edirlər.

Hətta bu məqsədlə dövlət strukturlarında və özəl sektorda rus dili üzrə təlim-tədris kurslarının təşkil edilməsi də qərara alınıb. Ümumiyyətlə, son dövrlər Türkiyənin Rusiya ilə yaxınlaşması hər sahədə özünü göstərir. Ekspertlərin fikrincə, dil ünsürü bir-biri ilə siyasi və iqtisadi əlaqələr qurmaqda maraqlı olan dövlətlərin ən mühüm ünsiyyət elementidir. Politoloqlar hesab edir ki, Türkiyə dövlətinin rus dilinin öyrənilməsinə bu qədər önəm verməsi Rusiya ilə daha sıx yaxınlaşmaq məqsədi daşıyır. Məsələni şərh edən Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri deyir ki, əgər Türkiyədə rus dilinin öyrənilməsinə bu qədər strateji önəm verilirsə və rus dilinin tədrisi dövlət səviyyəsində təlqin olunursa, deməli, Türkiyənin strateji seçimi Rusiya istiqamətindədir: "Sadəcə olaraq təqdim olunan tərəf turizmdir. Bu da görüntü yaratmaq üçün ortaya atılmış bir bəhanədir. Reallıqda məsələnin kökündə başqa şey durur. Bəli, Türkiyə Rusiya xətti yürüdür və gələcəkdə Moskva ilə daha sıx yaxınlaşmaq nəzərdə tutulur. Buna görə də rus dilinin öyrənilməsi aktual mövzuya çevrilib”. Ekspertin sözlərinə görə, Rusiyanın türk cəmiyyətini qəbul etmək fikri yoxdur və heç zaman da olmayacaq: "Bu gün Rusiya zəifləyən tərəf olduğu üçün Türkiyəyə "yaşıl işıq” yandırır. Yəni ehtiyacı olduğu üçün rəsmi Ankaraya qapılarını açır. İnanın, Rusiya heç vaxt öz ölkəsində türk dilinin öyrədilməsinə şərait yaratmaz. Çünki Moskva istəməz ki, Türkiyə regionda qəbul olunan, güclənmiş və söz sahibi bir dövlət kimi meydana çıxsın. Rusiya qlobal səviyyədə Türkiyəni sevmir. Bu, Kremlin əbədi və dəyişməz siyasətidir”.

İsmayıl