Benzinin qiyməti aşağı salınmalıdır

Millət vəkili də, iqtisadçı ekspert də bunu real sayır



Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov "Aİ-95” markalı benzinin qiymətindən danışıb. O bildirib ki, dünya bazarında neftin ucuzlaşması ilə əlaqədar Azərbaycana idxal olunan həmin markalı avtomobil benzininin qiyməti də aşağı salınmalıdır.

Parlament üzvünün sözlərinə görə, dünya bazarında neftin qiyməti 62 dollara düşübsə, benzinin qiymətində də müəyyən dəyişikliklər olmalıdır: "Hesab edirəm ki, müəyyən müddət - 2015-ci ilin I yarım ili üçün müəyyən qədər qiymətlərə təsir edilməli, idxal olunan "Aİ-95” markalı benzin ucuzlaşmalıdır”.

Məlumat üçün bildirək ki, əvvəllər 93 qəpiyə satılan "Premium Euro-95” markalı benzinin qiyməti bu ilin avqustundan 97 qəpiyə təklif olunur. Sonradan "Azpetrol” şirkəti "Premium Avro-95” markalı benzinin qiymətini aşağı salıb. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq şirkət "Premium” benzinin satış qiymətinə yenidən baxıb və oktyabrın 1-dən həmin markalı benzinin qiyməti 2 qəpik aşağı salınaraq, 95 qəpiyə endirilib.

Komitə üzvünün təklifini müsbət dəyərləndirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "Şərq”ə söyləyib ki, həmin benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir: "Azərbaycanda qiyməti sərbəst buraxılıb. Amma belə olmalı deyil. Neftin dünya bazarındakı qiymətinə uyğunlaşdırılmalıdır. Yəni dünya bazarında neftin qiyməti qalxanda, bizdə də qiymət yüksəldilməli, düşəndə isə endirilməlidir. Bu təcrübə Avropada mövcuddur. Məsələn, Avropa bazarı neftin qiymətinin dəyişməsinə hər 10 gündən bir reaksiya verir. Neftayırma zavodları buraxılan neftin qiymətini dünya bazarındakı qiymətlərə görə dəyişirlər. Ölkəmizdə də bu cür həyata keçirilməlidir. Buna rəğmən belə hal müşahidə olunmur. Bu da sözügedən sahənin monopoliyada olduğunu göstərir”.

Ayyət Əhməd