Sahib Məmmədov: "20-25 yaşlı gənclərin partiyaların siyahısına düşəcək səviyyədə karyera qurması mümkün deyil"
Bu il İsveçdə keçirilən parlament seçkilərində bir neçə azərbaycanlı deputat mandatı qazanıb. Onlar yaşadıqları ərazini təmsil etmək üçün seçkilərə qatılıb və uğurlu nəticələr əldə ediblər.
Azərbaycanlı xanım siyasətçi Aylin Fazelian "Sosial-demokrat" partiyasından İsveç parlamentinə, onun bacısı Ayda Kərimli isə "Mərkəz” partiyasından əyalət millət vəkili seçilib.
Hazırda 26 yaşı olan Aylin 14 yaşından Sosial-Demokrat Partiyasının fəal üzvüdür. O, 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Bundan əlavə, partiyanın qadınlar üzrə beynəlxalq təmsilçisidir.
İsveçdə yaşayan həmyerlimiz Turan Əliyev isə "Mərkəz” Partiyasından Partille bələdiyyə məclisinə üzv seçilib. Seçkilərdə yüksək səs çoxluğu ilə seçildiyi üçün bələdiyyədə və İsveçin ən böyük əyalətində komissiya və idarələrdə partiyanı təmsil edəcək. Qürurverici məqam odur ki, partiyanın 12 nəfərlik namizədlərindən yalnız Turan Əliyev bir əcnəbi kimi seçkilərə gedib.
İsveç Sosial-Demokratlar Partiyasının fəalı İradə Əliyeva isə Söderberq Jönköpinq region parlamentinə millət vəkili seçilib. 2004-cü ildən İsveçdə yaşayan İ.Əliyeva 2007-ci ildən İsveçin ən böyük partiyası olan Sosial-Demokratlar Partiyasının fəal üzvüdür.
Azərbaycanlı gənc Vüsal Quliyev İsveçdə keçirilən parlament seçkilərində qələbə qazanıb. 20 yaşlı V.Quliyev Haninge əyalət parlamentinə millət vəkili seçilib. O, təmsil etdiyi siyasi partiyanın ən gənc deputatıdır. Aktiv siyasi fəaliyyətə qoşulan V.Quliyev hazırda tələbədir.
Şübhəsiz ki, xaricdə yaşayan soydaşlarımızın həmin ölkənin ictimai-siyasi həyatına uyğunlaşması və o mühitdə özlərinə layiqli yer tutması bizim üçün sevindirici haldır. Bu səbəbdən bütün ölkə icrimaiyyəti azərbaycanlıların İsveçdə millət vəkili seçilməsini mühüm hadisə hesab edir. Amma son seçkilərdə 5 azərbaycanlının uğur qazanması və 26 yaşlı Aylin Fazelianın İsveç parlamentinə mandat alması müəyyən fikir ayrılıqlarına da səbəb olub. Hətta bəzi sosial şəbəkə istifadəçiləri bu xəbərləri paylaşaraq lağlağı obyektinə də çeviriblər.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə İsveç parlamentinin ölkənin idarəçiliyində mühüm yer tutduğunu və bu səbəbdən parlamentdə mandat almağın çətin olduğunu deyib:
"İsveç quruluşuna görə, Respublika yox, Krallıq olsa da, ölkəni parlamentin formalaşdırdığı hökumət idarə edir. Parlament adi qurum olmadığı üçün üzv seçilmək qəliz məsələdir. Yerli özünüidarəetmə orqanlarına isə deputat seçilmək nisbətən asandır. İsveç parlamenti çoxpartiyalı sistem əsasında formalaşıb və partiyalar arasında kəskin rəqabət var. Sözün açığı, həmyerlilərimizin İsveç parlamentində deputat seçilməsi ilə bağlı yayılan xəbərlərə bir az səthi yanaşdım deyə, tam məlumatlı deyiləm. 60-cı illərin əvvəllərindən üzü bu yana Almaniyada bir neçə milyon türk yaşayır, amma onların parlamentdə təmsilçiliyi bu qədər kütləvi deyil. Almaniyada deputat seçilən türklərin sayı məhdud saydadır. Bu baxımdan 5-6 nəfər azərbaycanlının İsveçdə deputat seçilməsi mənim üçün təəccüblüdür. Prinsip etibarı ilə bu hal mümkündür, ancaq bunun üçün həmin şəxslərin təmsil olunduqları partiyada yüksək mövqe sahibi olmaları lazımdır. Bir gənc o qədər inkişaf etməlidir ki, təmsil olunduğu partiyanın siyahısı ilə deputat seçilsin. Bu kimi faktlar fonunda ciddi yanaşa bilmirəm”.
Isveçdə yerli özünüidarəetmə orqanlarının da kifayət qədər inkişaf etdiyini vurğulayan S.Məmmədovun fikrincə, həmyerlilərimizin bələdiyyə seçilməsi daha realdır, amma 20-25 yaşlı gənclərin partiyaların siyahısına düşəcək səviyyədə karyera qurması mümkün deyil:
"Əgər 26 yaşlı xanımın İsveç parlamentinə deputat seçilməsi xəbəri əsaslıdırsa, bunu ölkəmiz üçün uğur hesab edirəm. Bu, hər nə qədər mənim üçün təəccüblü olsa da, böyük nailiyyətdir. İsveç hökumətini formalaşdıran və praktik olaraq ölkəni idarə edən bir qurumda azərbaycanlı bir gəncin mandat qazanması asan iş deyil”.
Şəymən