"Bəzi işbazlar var ki, iqtisadi əsas olmadan süni qiymət artımına yol verirlər"



"Ölkə başçısı çalışır ki, vətəndaşlar mümkün qədər az sıxıntı yaşasınlar, hər kəs dövlət qayğısı ilə təmin olunsun. Prosesin önündə isə cənab prezident özü gedir. Maaş artımı vaxtı- vaxtında gedir. Bundan əlavə zaman- zaman digər sahələr üzrə də güzəştlərin olduğunu müşahidə edirik”. 

Bu sözləri Sherg.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, maaşların və təqaüdlərin artırılması, məcburi köçkünlər üçün yeni yaşayış mənzillərinin verilməsi, şəhid ailələrinin problemlərinin həll edilməsi kimi addımların hər biri sosialyönümlü siyasətin uğurlu nəticələridir: 

"Ona görə də qiymət artımı ilə bağlı hansısa dairələrin və ya insanların ajiotaj yaratmaq istəkləri əsassızdır. Bəzi işbazlar var ki, iqtisadi əsas olmadan süni qiymət artımına yol verirlər. Ajiotajın yaradılmasına da onların bu addımı əsas verir. Ölkənin milli valyutası öz ayaqları üstündə möhkəm dayanıb, məzənnəsində heç bir dəyişiklik, dəyərdən düşmə prosesi baş vermir. Ölkə iqtisadiyyatı da kifayət qədər sabitdir. Hətta deyərdim ki artan xətt üzrə inkişaf edir. Dövlət iş adamlarının, sahibkarların normal şəraitdə fəaliyyət göstərməsi üçün vergi, gömrük, sosial müdafiə sahəsində dövlət inqilabi dəyişikliklərə imza atıb.

Dövlətin gördüyü bu işlərə kölgə salan işbazlar isə qiymətləri süni şəkildə artıraraq öz gəlirlərini artırmaq istəyirlər. Düşünürlər ki, camaatın əməkhaqqı artıbsa, alıcılıq qabiliyyəti də artacaq. Bu isə vicdansız bir yanaşma, ölkə başçısının sosial yönümlü siyasətinin sabotaj edilməsi, vətəndaşın rifah halının yüksəldilməsi istiqamətində atılan addımların baltalanmasıdır. Hesab edirəm ki, aidiyyatı qurumlar bu ki özbaşınalıqlarla bağlı yoxlamalar keçirib, məsələni geniş müzakirə etməlidir. Qiymət artımı ilə bağlı ajiotaj yaradan şəxslər isə lazımı qaydada cəzalandırılmalıdır. Onların məqsədi ölkəni xaos və qarışıqlığa sürükləməkdir. Buna isə heç vaxt nail ola bilməyəcəklər. Çünki ölkə başçısının yeritdiyi siyasət qiymət artımına yox, əhalinin sosial rifahının inkişafına yönəlib”.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə əsassız şəkildə qiymət artımı ilə bağlı məlumatlar yayılıb. Rəsmi qurumlar tərəfindən əhalidə narazılıq yaratmaq məqsədi ilə qərəzli şəkildə bu addımların isə reallığı əks etdirmədiyi bildirilib.

Şəymən