Bəzi məktəblərdə dərslər aprelin 15-dən dayandırılacaq?

Hələ ki heç bir təhsil müəssisəsinə hər hansı əmr, təlimat verilməyib



Qeyd edək ki, bu il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar olaraq paytaxtın tədris müəssisələrində dərs ilinin müddətinin azaldılması ilə bağlı Nazirlər Kabinetinin müvafiq sərəncamı var. Sərəncamda bildirilir ki, 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq paytaxtda yerləşən bütün təhsil müəssisələrində təhsil prosesi və imtahan sessiyasının 2015-ci il mayın 31-dək başa çatdırılması təmin edilməlidir.

Bu məqsədlə 2014/2015-ci tədris ili üçün Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsili müəssisələrində nəzəri təlim müddətinin (15 həftə) vaxtını dəyişmədən, imtahan sessiyalarına ayrılmış 5 həftənin 3 həftəyə qədər, qış tətili müddətinin 2 həftədən 1 həftəyə qədər, peşə-ixtisas təhsili müəssisələrində isə ikinci yarım il üçün nəzərdə tutulmuş təhsil müddətinin 23 həftədən 21 həftəyədək azaldılması qərara alınıb. Bununla bağlı Təhsil Nazirliyindən ali və peşə təhsili müəssisələrinə müvafiq məktublar göndərilib. Bu qərar 2014-cü il noyabrın 18-də qəbul olunub və bütün tədris müəssisələrinə göndərilməsi təmin edilib.

Amma bəzi orta məktəblər, deyəsən, indidən tətil "havası”ndadır. Paytaxtın bəzi orta məktəblərində şagirdlərə aprelin 15-dən etibarən dərslərin dayandırılacağı xəbərdarlığı edilib. Bu xəbərdarlıq xüsusilə də mərkəzi hissədə yerləşən məktəblərə aid edilir. Mərkəzi hissədə yerləşən bəzi məktəblərin şagirdlərinə bildirilib ki, aprelin 15-dən sonra dərslər olmayacaq. Bu da Bakıda keçiriləcək 1-ci Avropa Olimpiya Oyunları ilə əlaqələndirilir. Deyilənə görə, Avropa Oyunları ilə bağlı şəhərin mərkəzi hissəsində bir sıra tədbirlər həyata keçiriləcək, yollar təmir olunacaq. Avropa oyunları ərəfəsində şəhərin mərkəzi hissəsində gözlənilən sıxlıq nəzərə alınaraq məktəblərin vaxtından əvvəl qapadılması qərara alınıb.

Yayılan məlumatların nə dərəcədə doğru olduğunu öyrənmək üçün Bakı Baş Təhsil İdarəsi ilə əlaqə saxlasaq da, sorğumuza cavab ala bilmədik. Paytaxtın mərkəzində yerləşən 6 saylı məktəb-liseyin tədris hissə müdiri Arzu xanım isə "Şərq”in sualına cavab olaraq qeyd etdi ki, dərslərin vaxtından əvvəl bitməsinə dair Təhsil Nazirliyinin heç bir qərarı yoxdur:

"Bu barədə bizə hələ ki, hər hansı əmr, təlimat verilməyib. Qüvvədə olan əmrə əsasən tədris ili may ayının 31-də başa çatır. Bu qərarın dəyişməsi ilə bağlı heç bir yeni qərar yoxdur. Avropa Oyunları ilə əlaqədar tədris müddətinin nə zaman başa çatacağı hələ dəqiq bilinmir. Yeni qərar olarsa, əlbəttə, valideynlər də, şagirdlər də məlumatlandırılacaq. Amma hələ ki, qüvvədə olan qərara əsasən tədris prosesi davam edir. Və heç bir dəyişiklik də yoxdur”.

Başqa bir orta məktəbin adının çəkilməsini istəməyən dil-ədəbiyyat müəllimi isə dərslərin mayın 31-də bitməsinin də tədris proqramının lazımi şəkildə mənimsənilməsinə mane olduğunu dedi:

- Əvvəlcə qərar bu idi ki, tədris ili iyun ayının 14-də başa çatır. Sonra isə paytaxt məktəbləri üçün bu tarix mayın 31-nə dəyişdirildi. Biz müəllimlər məcburuq ki, tədris proqramını sıxışdıraq. 2 saat ayrılmış dərsi 1 saata tədris edək. Kiçik mövzuları da birləşdirək. Biz bunu edə bilirik, amma uşaqlar üçün əlbəttə ki, çətindir. Şagirdlərə tədris proqramını az vaxtda mənimsəmək çətinlik yaradır.

Qeyd edək ki, Avropa Oyunları ilə əlaqədar orta məktəblərdə buraxılış imtahanlarının vaxtı da irəli çəkiləcək. Mayın 31-dək məktəblərdə həm dərslər bitməlidir, həm də imtahanlar. Magistratura imtahanlarının vaxtı da irəli çəkilir. Qəbul imtahanları ilə bağlı isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası hələ bir qərar verməyib. Mümkündür ki, buraxılış imtahanlarının vaxtında dəyişiklik olmasın, yalnız ötən illərdə orta məktəbi bitirmiş məzunlar üçün qəbul imtahanları irəli çəkilə bilər. Tədris müddətinin vaxtından əvvəl yekunlaşması istənilən halda şagirdlərin tədris proqramını tam mənimsəməsində çətinlik yaradacaq.

Məlahət Rzayeva