"Bəzi mobil operatorlar ciddi məbləğdə cərimələnməlidir !" - İcazəsiz mesajlar







"Mobil operatorlar hər hansı xidmətdən pul qazanırlarsa, mütləq istehlakçı hüquqlarını qorumalıdırlar”.

Bu sözləri "Sherg.az”a abonəçilərə göndərilən narahatedici reklam mesajlarından danışarkən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının təsisçisi və sədri, internet media üzrə ekspert Səbuhi Abbasov deyib. 

O diqqətə çatdırıb ki, abonentlərin mobil nömrələri şəxsi mülkiyyət hesab olunur və toxunulmazdır:

"Bu qanunda da təsdiq olunub. Həmin mülkiyyətdən istifadə zamanı qarşı tərəfə mütləq xəbərdarlıq edilməlidir. Hansısa mağazadan alış-veriş etdikdə nömrəmizi verməyimizi istəyirlər. Həmin mağazalar rəsmi şəkildə icazə alırlar ki, biz yenilikləri barədə məlumat çatdırsınlar. Razılıq verəriksə, nömrəmizi götürən, reklam mesajı göndərən müəssisə qanunu pozmuş sayılmır.

Telefonumuza gələn mesajların 70 faizdən çoxu birbaşa tənzimlənməyən mesajlardır və hüquqlarımızın pozulması deməkdir. Bəzi mesajlar var, hətta cinayət elementlərini tapmaq olar. Tutaq ki, biznesmen bir abunəçinin telefonuna lazımsız SMS-lər gəlir. Bu mesajlar işgüzar insanların fəaliyyətində, adi ailə-məişət məsələlərində problemlərə gətirib, çıxara bilər. Mobil operatorların bununla bağlı tədbirlər görməsi, ümumiyyətlə belə tənzimləmə mexanizminin olub-olmaması sual altındadır”.

S.Abbasov onu da vurğulayıb ki, istehlakçılar narahatedici reklam mesajlarına görə, mobil operatora qarşı iddia qaldıra bilərlər. Amma əksəriyyət hüquqlarını bilmədiyindən, heç bir tədbir görmür:

"Kütləvi şəkildə reklam mesajları alan vətəndaşların, demək olar ki, heç biri məhkəməyə müraciət etmir. Halbuki mexanizm düzgün qurularsa, proses məhkəməyə ehtiyac olmadan tənzimlənər. Mobil operatorlar istehlakçıların xəbəri olmadan onların nömrələrini hansısa şirkətə verdiyinə görə, ciddi məbləğdə cərimələnməlidir. Əks halda bunun qarşısını almaq mümkün olmayacaq".

Aysel Aslan