Arif Rəhimzadə: “Ciddi olmaq lazımdır”
Bəzi rayonlarda torpaq mübahisələri var
Tahir Rzayev: “Mübahisəli torpaqların həlli məsələsini əhalinin müzakirəsinə versək, ortaq məxrəcə gəlmək çox çətin olacaq”
Arif Rəhimzadə: “Ciddi olmaq lazımdır”
Arif Rəhimzadə: “Ciddi olmaq lazımdır”
Dünən Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. İclasda torpaq sahələri ilə bağlı bir sıra məsələlərə baxılıb. Ölkədə mövcud olan mübahisəli torpaq məsələlərinin həll edilməsi məqsədi ilə 3 işçi qrup yaradılıb.
Bu barədə komitənin sədri Arif Rəhimzadə məlumat verib.
Regionlarda mövcud olan mübahisəli torpaq məsələlərini, rayonların sərhədlərinin dəqiqləşdirilməsi məqsədi ilə yaradılmış işçi qruplara bir sıra dövlət orqanlarının rəsmiləri də salınıb. Belə ki, işçi qruplarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Milli Məclis Aparatının bir sıra əməkdaşlarının adları var.
"Bilmədən və bəlkə də bilərəkdən bir rayon digərinin ərazisinə keçib və sərhədlər pozulub”
"Ölkənin 59 ərazi vahidində torpaqların hansı rayonlara aid olması ilə bağlı müəyyən mübahisələr yaranıb” - deyən A.Rəhimzadə bildirib ki, qəsdən, yaxud bilməyərəkdən bu rayonlar biri digərinin torpaq sərhədlərini pozaraq aralarında ərazi mübahisələrinə səbəb olub: "Bilmədən və bəlkə də bilərəkdən bir rayon digərinin ərazisinə keçib və sərhədlər pozulub. Keçən iclasda 6 rayonun icra hakimiyyətindən komitəyə daxil müraciətlər olmuşdu. Ancaq bu dəfə daha bir neçə rayon bizə torpaq mübahisələri ilə bağlı müraciətlər ediblər:
Hacıqabul rayonu ilə Bakı şəhəri, Abşeron və Şamaxı rayonları arasında ərazi məsələsi üzrə mübahisələrə dair Hacıqabul Rayon İcra Hakimiyyətinin, Xaçmaz rayonu ilə Şabran rayonu arasında ərazi məsələsi üzrə mübahisəyə dair Xaçmaz İcra Hakimiyyətinin, Bakı şəhərinin Sabunçu rayonu ilə Abşeron rayonu arasında ərazi məsələsi üzrə mübahisəyə dair Sabunçu Rayonu İcra Hakimiyyətinin, Bakı şəhərinin Binəqədi rayonu ilə Sumqayıt şəhəri və Abşeron rayonu arasında ərazi məsələsi üzrə mübahisələrə dair Binəqədi Rayon İcra Hakimiyyətinin, Abşeron rayonu ilə Sabunçu, Binəqədi və Qaradağ rayonları arasında ərazi məsələsi üzrə mübahisələrə dair Abşeron Rayon İcra Hakimiyyətinin, İmişli rayonu ilə Beyləqan və Biləsuvar rayonları arasında ərazi məsələsi üzrə mübahisələrə dair İmişli Rayon İcra Hakimiyyətinin, Ağcabədi rayonu ilə Bərdə rayonu arasında ərazi məsələsi Ağcabədi İcra Hakimiyyətinin Milli Məclisə müraciətləri daxil olub”.
"Çox zaman rayon rəhbərləri mübahisəli torpaqlara görə birbaşa olaraq öz aralarında ciddi problemlər yaradırlar”
Komitənin üzvü, deputat Tahir Rzayev isə deyib ki, çox zaman rayon rəhbərləri mübahisəli torpaqlara görə birbaşa olaraq öz aralarında ciddi problemlər yaradırlar: "Bu da çox xoşagəlməz haldır. Torpaqların hansı rayona az yaxud çox düşməsinə görə ciddi mübahisələr yaratmaq yolverilməzdir. Fərqi nədir ki, torpaqdır da. 50 hektar bir rayona az düşər, birinə çox düşər. İki rayonun da əhalisi azərbaycanlıdır. Həmin torpaqlar hamısı Azərbaycana məxsusdur, onlar hamısı Azərbaycanın rayonlarıdır. Məsələni həll edərkən elə etməliyik ki, nəyisə düzəltmək istəyərkən əlavə ciddi problemlər yaranmasın”.
Millət vəkili deyib ki, bu məsələnin müzakirəsini əhalinin özünə həvalə etmək düzgün olmaz: "Mübahisəli torpaqların həlli məsələsini əhalinin müzakirəsinə versək, ortaq məxrəcə gəlmək çox çətin olacaq. İnsanların bir hissəsi rayonların ərazisində məcburi köçkün olaraq məskunlaşıb. Bunu da nəzərə almalıyıq. Xəritələrin çəkilməsini dəqiqləşdirərkən yerli əhalinin məskunlaşma tipini mütləq bilməliyik. Yəni rayonlarda torpaqların sərhədlərini müəyyənləşdirərkən elə etməliyik ki, yaşayış məskənlərinə toxunulmasın və əhalinin köçürülməsinə ehtiyac qalmasın. Ümid edək ki, bu məsələlər müsbət həllini tapacaq”.
"Müəyyənləşdirilməlidir ki, həqiqətən də kimə nə qədər torpaq düşür”
Deputatın yanaşmasına münasibət bildirən komitə sədri A.Rəhimzadə vurğulayıb ki, mübahisəli torpaqların ayırd edilməsində ciddi olmaq lazımdır: "Belə hallar çox olacaq. Azərbaycanda qoyunçuluqla əlaqədar müəyyən aran və dağətəyi rayonlarda köçəri həyat tərzinin, yaylaq-qışlaq maldarlığının hələ də qalması, otlaqların mübahisəli istifadəsi kimi problemlər də var. Ancaq bunların da normativi, qanunu var. Məsələn, tutaq ki, 1 hektar torpaqda 2-3 min baş qoyun otarmaq olur. Ancaq kiminsə 100 qoyunu var və istəyir ki, ona da 1 hektar otlaq, yaxud başqa formada torpaq verilsin və torpağı özəlləşdirsin. Baxın, biz buna imkan verməməliyik. Müəyyənləşdirilməlidir ki, həqiqətən də kimə nə qədər torpaq düşür”.
A.Rəhimzadə deyib ki, mübahisəli torpaq məsələsində əhalinin qeydiyyat məsələsi mütləq nəzərə alınmalıdır: "Vətəndaşın harda qeydiyyatda olması və ya mövcud qeydiyyatını dəyişmək məsələlərinə ciddi fikir verməliyik. Ola bilər ki, bəlkə heç hansısa adam öz qeydiyyatını dəyişmək istəmir. Ona görə də mübahisəli torpaqların qarşı tərəfə verməkdən, yaxud elə həmin rayonun özündə saxlamaqdan ötəri çox ciddi dəlil və sübutlar olmalıdır”.
Anar