- “Biz onların yolunu kəsəriksə, onlar da Naxçıvana çıxışımızı kəsərlər”
Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh sazişinin imzalanması çərçivəsində anklav və eksklavların qarşılıqlı ərazi mübadiləsi yolu ilə həllinə dair açıqlaması bir sıra suallar doğurur. Paşinyan ərazilərin dəqiq ölçülərinə uyğun olaraq dəyişdirilməsini təklif etsə də, məsələyə yalnız kvadratkilometrlərin müqayisəsi prizmasından yanaşmaq nə dərəcədə doğrudur? Çünki Azərbaycan və Ermənistan ərazilərində yerləşən anklav və eksklavların coğrafi mövqeyi, strateji əhəmiyyəti, hərbi üstünlüklər yaratmaq potensialı və əsas nəqliyyat kommunikasiyalarına təsiri heç də eyni deyil.
Məsələn, Azərbaycanın Kərki kəndi ilə Ermənistanın iddia etdiyi Başkəndin ərazi ölçülərini müqayisə etmək onların strateji əhəmiyyətini eyniləşdirmək demək deyil. Eyni zamanda, Qazaxın Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndlərinin yerləşdiyi ərazi və kommunikasiya xətlərinə təsiri də məsələyə kompleks yanaşma tələb edir. Bu baxımdan, anklav və eksklavların taleyi həll edilərkən ərazilərin sahəsi ilə yanaşı, onların hərbi-strateji mövqeyi, nəqliyyat yollarına nəzarət imkanları və Azərbaycanın uzunmüddətli milli təhlükəsizlik maraqları əsas götürülməlidir.
Politoloq Natiq Miri Sherg.az-a söyləyib ki, ərazi mübadiləsi sadəcə həll variantlarından biri olaraq mövcuddur və hələlik Paşinyanın təklifi kimi ortadadır:
“Bu, demək deyil ki, sözügedən prinsip total olaraq digər ərazilərə də tətbiq olunacaq. Hər bir ərazi strateji-coğrafi əhəmiyyətinə görə Azərbaycan tərəfindən dəyərləndirilib, konkret bu yöndə qərarlar qəbul ediləcək. Məsələn, Qazaxda elə ərazilər ola bilər ki, bu ərazilər uyğun ölçüdə dəyişdirilə bilər. Çünki Sovet İttifaqı dönəmində bu cür anklav və eksklav anlayışları bilərəkdən yaradılıb ki, lazım olduğu təqdirdə bunlardan münaqişə səbəbi, təsir vasitəsi kimi istifadə etsinlər. Məsələn, Azərbaycan öz kəndinə getmək üçün Ermənistan ərazisindən keçmək məcburiyyəti ilə üzləşib. Eyni şey Ermənistana da aiddir. Bu baxımdan, Nikol Paşinyan düşünür ki, bu, Azərbaycan tərəfi üçün də cəlbedici bir təklif ola bilər. Ancaq bunu total olaraq bütün ərazilərə tətbiq etmək doğru deyil. Məsələn, Başkənd kimi böyük strateji əhəmiyyətə malik bir kəndin qaytarılması məsələsi düyün nöqtəsidir. Və bunu ən sona saxlamaq mümkündür. O zamana qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı düşmənçilik əhvali-ruhiyyəsi tədricən ərisin, yox olsun. Bunun üçün inteqrasiya, ticarət, əməkdaşlıq, diplomatik münasibətlərə ehtiyac var. O baxımdan, bu cür problemli əraziləri sona da saxlamaq və başqa variantlarla bu məsələni həll etmək mümkün olar. Ancaq elə ərazilər var ki, onlar Azərbaycan üçün o qədər də problem yaratmır. Müəyyən cəlbedici və uyğun təkliflər qarşılıqlı razılaşma kontekstində, müqabilində bu məsələlər üzrə delimitasiya və demarkasiyanı çox sürətlə həyata keçirmək olar. Məsələn, düşünün ki, Zəngəzur dəhlizi artıq inşa olunub və açılıb. Bundan başqa, Qazax istiqamətindən avtomobil və dəmir yolları da çəkilib. Bir istiqamət Naxçıvana, başqa bir istiqamət Qars və Türkiyə istiqamətində sərhədə qədər uzanan dəmir yollarıdır. Belə bir reallıq mövcud olandan sonra sizin dediyiniz Gürcüstan vasitəsilə Rusiyaya çıxış Azərbaycan üçün və yaxud da Ermənistan üçün nə qədər strateji əhəmiyyət daşıya bilər? Çünki Rusiyaya birbaşa avtomobil və dəmir yolu vasitəsilə, Mehri-Zəngəzur dəhlizi üzərindən Azərbaycandan Rusiyaya çıxış əldə etmək mümkündür. Bu, ən təhlükəsiz, ən qısa və perspektivli yoldur. Belə olduğu təqdirdə, qışda bütün yolların bağlandığı Lars kimi keçidlərə nə ehtiyac var? Çünki sizin dediyiniz Gürcüstan istiqamətində çıxış Lars yolu ilə Rusiyaya keçidi təmin edir”.
Analitik qeyd edib ki, Azərbaycanın mənafeyinə uyğun strateji yollar, nəqliyyat kommunikasiyaları açıldığı təqdirdə, Qazaxın bəzi ərazilərini həmin prinsiplər əsasında bəlkə də dəyişmək olar:
“Ancaq yenə də məsələyə çox ciddi şəkildə baxmaq, hər şeyi ölçüb-biçmək lazımdır. Ona görə də bu məsələyə birmənalı şəkildə bəri başdan yox demək də doğru deyil. Hər bir halda, düşünüb-daşınıb, ölçüb-biçib qərar vermək lazımdır. Ona görə də əsas düyün nöqtələrini sonraya saxlamaqla, harada ki, razılığa gəlmək mümkündür və Azərbaycanın mövqelərini zəiflədəcək məqamlar yoxdur, o istiqamətlərdə, həmin ərazilərdə sərhədlərin delimitasiya və demarkasiyasını çox sürətlə aparmaq mümkündür. Ancaq yenə deyirəm, Zəngəzur dəhlizi kimi, artıq Orta dəhlizin bir istiqaməti olaraq strateji nəqliyyat kommunikasiyası, o cümlədən perspektivdə Naxçıvana Araz boyunca uzanan istiqamətdən və Türkiyəyə çəkiləcək nəqliyyat kommunikasiyaları da nəzərə alınmalıdır. Bütün bu yollar çəkilib açıldıqdan sonra sizin dediyiniz istiqamətlərin Azərbaycan və Ermənistan üçün o qədər də strateji əhəmiyyəti qalmayacaq. Çünki bu istiqamətlərin istənilən birini bağlamaqla Azərbaycan öz təchizat imkanlarını hər zaman saxlayacaq. Ancaq məsələnin bir də əks tərəfini düşünün. Biz onların yolunu kəsəriksə, onlar da Naxçıvana çıxışımızı kəsərlər. Ona görə burada qarşılıqlılıq prinsipi mütləqdir”.