Etibar Əliyev:"Aydın məsələdir ki, onların adı formal olaraq kafedra müdiri gedir. Çünki rektor kimi məsuliyyətli vəzifəni tutan şəxs kafedra işlərinə vaxt ayıra bilməz"
"Rektorların, dekanların adına yazılan dərsləri də başqa müəllimlər tədris edir. Lakin əməkhaqqını onlar özləri alırlar"
"Kafedraların, dekanlıqların işi həddindən artıq olur. Bir şəxs hər iki vəzifəni daşıdıqda çatdıra bilmir”.
Bu barədə "Sherg.az”a Təhsil Nazirliyinin Kollegiyasının 15 oktyabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənən "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”ndan danışarkən tanınmış təhsil eksperti Etibar Əliyev bildirib. O vurğulayıb ki, bir nəfərin iki vəzifəni tutması digər kadrların, gənc mütəxəssislərin işlə təmin olunmasına da mənfi təsir göstərir:
"Bu qaydalar rektorlara da şamil olunmalıdır. Rektorların əksəriyyəti həm də kafedra müdiridir. Aydın məsələdir ki, onların adı formal olaraq kafedra müdiri gedir. Çünki rektor kimi məsuliyyətli vəzifəni tutan şəxs kafedra işlərinə vaxt ayıra bilməz. Hətta bu ali məktəblərimizdəki ən biabırçı hallardandır. Belə manipulyasiyaların qarşısı alınmalıdır.
Rektorların, dekanların adına yazılan dərsləri də başqa müəllimlər tədris edir. Lakin əməkhaqqını onlar özləri alırlar. Ali təhsil təhsilin ən yüksək pilləsidir. Bu məsələdə ciddi olmaq lazımdır. Azərbaycan Tibb Universitetində 1969-1970-ci illərdən bəri çalışan şəxslər var. Bu o deməkdir ki, həmin kafedralarda 40 ildən çoxdur, dəyişiklik olmayıb. Həmin kafedra müdirləri gənclərə şərait yaratmırlar ki, dissertasiya müdafiə etsinlər. Həmin yaşlılar gəncləri özlərinə rəqib görür, gələcəkdə onların yerini tutacağını düşünüb, irəli getmələrinə imkan vermir.
Təhsildə idarəetmə liberallaşmalıdır. Elə şəxslər var ki, özləri geri çəkilməlidir. Bizdə o etiraf yoxdur. Nobel mükafatçısı, fizik Jores Alförov kafedra müdiri vəzifəsindən imtina edib, orta məktəbdə adi müəllim kimi çalışır. Dünya təcrübəsində belə böyüklüklər var. Bizim professorlar da imkanlarının çatmadığını etiraf etməlidir.
Bir faktı nəzərinizə çatdırım. Keçmiş təhsil naziri Misir Mərdanov nazir olduğu müddətdə Bakı Dövlət Universitetində kafedra müdiri vəzifəsini zəbt etmişdi. Yusif Məmmədov Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olanda BDU-da kafedra müdiri idi. Hazırda, Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının sədridir, o da BDU-da Ümumi Fizika kafedrasının müdiridir. Bu cür hallara yol vermək nə dərəcədə düzgündür? Ona görə, təklif edirəm ki, verilmiş qərar fərqli universitetlərə, rektor və prorektorlara da aid edilsin. Ali məktəblərdə kafedralara orta, gənc nəslin nümayəndələri, innovativ ideyaları olan, çalışa biləcək gənclər rəhbər seçilməlidir”.
Qeyd edək ki, artıq qüvvəyə minən qaydalara görə, ali məktəblərdə bir şəxs eyni zamanda kafedra müdiri və dekan vəzifəsini icra edə bilməyəcək. Həmçinin, eyni şəxs eyni ali təhsil müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz.
Aysel Aslan