“Bir ailədə dördüncü şəhid”

Layihə Aprel döyüşlərinin qəhrəmanına həsr edilib



Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər sayılır. Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş bu döyüşlərdə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan kəndi, Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Maqadis kəndi istiqamətindəki yollar düşməndən azad olunub.

Bu döyüşdə Vətən oğulları qeyrətlə döyüşərək qəhrəmanlıq səlnaməsi yaratdılar və canlarını torpaq uğrunda qurban verdilər. Aprel döyüşlərinin qəhrəmanlarından biri də əslən Xocalıdan olan Sarvan Mehraliyevdir. Məhz Sarvan Mehraliyev kimi igidləri gənclərimizə daha yaxından tanıtmaq üçün Prezident yanında Gənclər Fondunun maliyyələşdirdiyi "Bir ailədə dördüncü şəhid” layihəsi çərçivəsində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı rayonunun Meşəli kənd orta məktəbində tədbir keçirilib. Tədbiri Xocalı rayon Gənclər və İdman İdarəsinin rəhbəri Elməddin Bağırov açaraq Sarvan Mehralıyev haqqında məlumat verib. Sonra çıxış edən məktəbin direktoru Alış Alışov bildirib ki, 24 ildən çox işğalda qalan torpaqlarımızın azad olunmasında Sarvan Mehralıyev kimi igid oğulların payı böyükdür. Ona görə də biz belə oğullarımızla fəxr edir, qürur duyuruq. Sarvan Xocalı soyqırımı baş verəndə dünyaya gəlib. Ağlı kəsəndə öyrənib ki, onun ailə üzvlərini ermənilər qəddarlıqla qətlə yetiriblər. İllər ötsə də, Sarvanın ürəyindən bu ağrı-acı heç vaxt silinməyib. Daha sonra onun da alnına Aprel döyüşünün qəhrəmanı olmaq yazılıb.

 Tədbirdə öncə Aprel döyüşlərindən bəhs edən videoçarx göstərilib. Sonra "Erməni Təcavüzünün Tanıdılması” İB-nin sədri Səriyyə Müslümqızı bildirib ki, 2016-cı il aprel döyüşlərində Namiq və Sarvan qardaşları da böyük qəhrəmanlıq göstəriblər. 

Qardaşının qucağında can verən igid əsgərin son sözü "anamı ağlamağa qoyma” olub. Səriyyə Müslümqızı belə layihələri maliyyələşdirdiyi üçün Gənclər Fondunun rəhbərliyinə minnətdarlığını bildirib. Layihə rəhbəri Əlizadə Leyla belə qəhrəman Xocalı balası ilə hamının fəxr etməli olduğunu deyib. YAP-ın rayon təşkilatının sədri Məlahət İsmayılova da bildirib ki, Sarvan ölümü ilə gənclərə Vətəni sevməyi, onun uğrunda ölməyi öyrətdi və ölümsüzlük simvoluna çevrildi. Gənclər və İdman məsələləri İdarəsinin rəhbəri Elməddin Bağırov isə gənclərin də Sarvan kimi vətənpərvər, qorxmaz bir əsgər olmağını tövsiyyə edib. Məktəbin direktoru Vidadi Rəhimov da bildirib ki, Vətən Sarvan Mehralıyev kimi oğullarla basılmaz olur. Onun qəhrəmanlığı hər bir gənc üçün örnək olmalıdır.

İsmayıl