Bir ay kiminsə reklam olunması nəticə deyil

Müzakirələrin gedişində bəzən yanlış istiqamətlər verilir
Mətbuat Şurasının İdarə Heyətinə kimlərin seçilməsini qurultay müəyyən edəcək






Məlum olduğu kimi, mart ayının 10-da ölkə jurnalistlərinin VII qurultayı keçiriləcək. Bu barədə Mətbuat Şurasının İdarə Heyətinin iclasında qərar qəbul edilib. Sözügedən iclasda qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.

Qərara əsasən Şuraya üzv gündəlik qəzetlər və informasiya agentlikləri qurultayda 2, həftəlik və aylıq qəzetlər, bölgə nəşrləri, jurnallar, jurnalist təşkilatları və internet informasiya saytları isə 1 nümayəndə ilə iştirak edəcəklər. Şuraya üzv təşkilatlar üzərindəki əsas məsuliyyət quruma üzvlük haqlarının ödənilməsidir. Üzvlük haqlarını ödəməyən təşkilatların qurultayda iştirakına yol verilməyəcək. Qurultayda Mətbuat Şurasının 17 əsas və 5 ehtiyat üzvü seçiləcək. Ən çox səs toplamış 51 namizədin adı səsvermə bülleteninə daxil ediləcək. İdarə Heyətinin tərkibi də məhz həmin 51 nəfərin içərisindən seçiləcək. Xatırladaq ki, qurultay tarixi elan olunandan sonra sosial şəbəkələrdə Şura sədri və İdarə Heyətinin yeni üzvləri ilə bağlı müəyyən fikirlər səsləndirilməkdədir.

Bu baxımdan hazırlıq prosesinin necə getdiyini və qurultay ətrafında gedən söz-söhbətə münasibət öyrənmək üçün Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli ilə əlaqə saxladıq. M.Ələsgərli "Şərq”ə açıqlamasında Təşkilat Komitəsinin işində ləngimə və ya hər hansı bir problemin olmadığını söylədi: "

Təşkilat Komitəsi öz işini Nizamnamədən irəli gələn prosedurlara uyğun olaraq aparır. Üzv təşkilatlara anketlər paylanılıb, onlar qurultayda iştirak edəcək nümayəndələri müəyyənləşdirib adlarını Komitəyə göndərirlər. Həmin nümayəndələr qurultayda çalışdıqları redaksiyaların mövqeyini ifadə edəcəklər. Həmçinin, üzv təşkilatlara ikinci anket də göndərilib. 

Şərait yaradılıb ki, Mətbuat Şurası İdarə Heyətində kimlərin təmsilçiliyini görmək istəyirlərsə, onların da adlarını yazıb göndərsinlər. Amma bu, anketlərdə adı gələn namizədlərin mütləq Şuranın İdarə Heyətinə seçiləcəyi demək deyil. Çünki, ayrı-ayrı redaksiyalar tərəfindən anketlərdə göndərilən şəxslər ümumiləşdirilib qurultay iştirakçılarının müzakirəsinə, yəni səsverməsinə təqdim olunacaq”.

Sədr müavininin sözlərinə görə, İdarə Heyətinə kimlərin seçiləcəyini qurultay müəyyən edəcək: 

"Bu baxımdan indi açılan müzakirələr nəticədə hansısa şəxsin Mətbuat Şurası İdarə Heyətinə seçilib-seçilməyəcəyi üçün həlledici deyil. Müzakirələrin gedişində bəzən yanlış istiqamətlər verilir. Bir ay ərzində kiminsə çox reklam olunması və ya heç təbliğ olunmaması nəticəyə təsir etmir. Media cameəsi ayıq təbəqədir və ötən illər ərzində onlarda kimin necə biri olması barədə təsəvvürlər artıq formalaşıb. Jurnalistlər qurultayda layiq bildikləri şəxsə səs verəcəklər”.

İsmayıl