Bir nəfərlik komediyanı 250 nəfər izlədi

Gənc aktyor Anar Rafiqoğlunun qələmə aldığı tamaşanı səhnədə müəllifin özü ifa edib






Ötən günlərdə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Hazırlıq Korpusunun akt zalında "MonoMan” adlı Stand Up Show (birnəfərlik komediya) baş tutub. 250 nəfər tamaşaçının izlədiyi tamaşa təxminən saat yarım davam edib.

Ssenarisini Şota Rustaveli adına Tbilisi Dövlət Teatr və Kino Universitetinin tələbəsi, gənc aktyor Anar Rafiqoğlunun qələmə aldığı komediyanı səhnədə müəllifin özü ifa edib. Gözəl çıxışına görə tamaşaçılar gənc aktyoru alqışlayıblar. İki hissədən ibarət olan tamaşanın fasiləsində gənc istedadlı musiqiçimiz Hacı Hacıyevin pianoda ifa etdiyi kompozisiya izləyicilərə duyğulu anlar yaşadıb.

Tbilisidəki "Varlıq” Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşan tamaşanı izləmək məqsədilə bölgələrdən də çoxsaylı soydaşlarımız təşrif buyurub. Gürcüstan Baş nazirinin köməkçisi Savalan Mirzəyev, Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin Kvemo-Kartli bölgəsində nümayəndəsi Zaur Darğallı, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşları, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət, Azərbaycanlıların Marneulidəki Mədəniyyət Mərkəzinin əməkdaşları, ayrı-ayrı QHT rəhbərləri, ictimaiyyət nümayəndələri, yazarlar, tələbələr də tamaşanı izləyiblər.

Təşkilatçısı İvane Cavaxişvili adına TDU-nun tələbəsi, "Varlıq” Mədəniyyət Mərkəzinin əməkdaşı Afayət Afiq olan bu "Stand Up Show” Gürcüstanda Azərbaycan dilində ilk sayıla biləcək modern sənət növlərindən biridir.

Qeyd edək ki, Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının səhnəsində bir çox maraqlı obrazlar yaradan A.Rafiqoğlunun bu təkadamlıq komediyası "Stand Up Show” sahəsində qələmə aldığı və özünün ifa etdiyi üçüncü tamaşadır. Bundan əvvəl o, 2010-cu ilin martında Rustavi şəhərində və 2012-ci ildə paytaxt Tbilisidə daha iki monoloq ifa edib.

Ayyət Əhməd