Birinci sinifdən yayınan uşaqlar var
Bunun birinci günahkarı Təhsil Nazirliyinin özü, rayon təhsil şöbələri, rayon icra hakimiyyətləridir
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə şuranın iclasında uşaqların 1-ci sinifdən yayınması məsələsinə toxunub. O deyib ki, buraxılış sinif şagirdlərinin dərsə davamiyyəti ilə bağlı 2012-ci ildən etibarən aparılan statistik təhlilin nəticələri göstərir ki, müvafiq ildə I sinfə gedən şagirdlərin bir qisminin adı IX siniflərin məlumat bazalarında aşkar edilmir, yəni onlar icbari təhsildən yayınırlar. Bu, sosioloji problemdir və onun aradan qaldırılması məqsədilə məktəblərdə, eləcə də valideynlərlə ciddi iş aparılmalıdır.
M.Abbaszadə təhsil nazirinin müavini Ceyhun Bayramova müraciət edərək, TQDK tərəfindən hər il hazırlanan və ölkə rəhbərliyinə təqdim olunan hesabatda nəzərə alınmaq üçün sözügedən məsələyə dair nazirlikdə olan məlumatların təqdim olunmasını xahiş edib.
C.Bayramov isə məktəbə 1 il və daha artıq gec gedənlərin sayının az olmadığını deyib: "Nazirlik bununla bağlı hər hansı təsir mexanizminə malik deyil. Lakin məsələyə ötən illərlə müqayisə prizmasından yanaşsaq görərik ki, müsbət dinamika mövcuddur, yəni belə uşaqların sayı ildən-ilə azalır. Ümumiyyətlə, nazirliyin yanaşması ondan ibarətdir ki, hər hansı bir problem barədə danışdıqda onun dinamikasını müşahidə etmək daha məqsədəuyğundur”.
Təhsil üzrə ekspert, Əməkdar müəllim Almaz Həsrət isə hesab edir ki, uzun müddət təhsildən kənarda qalmış şəxslərin təhsilinin davam etdirilməsinə xüsusi diqqət ayrılmalıdır: "Bu həmişə olub və davamlı olaraq da reallaşdırılmalıdır. Müəyyən səbəblərdən təhsildən kənarda qalanların
təhsilinin davam etdirilməsi üçün həmişə dövlət tərəfindən nəzarət və xüsusi diqqət olunub. Çünki ən həssas tərəf də təhsildən uzaq qalanların sonrakı taleləri bəlli olmazsa, müəyyən sosial bəlalarla üzləşə biləcəyimizdir. Cəmiyyəti bu cür hallardan uzaqlaşdırmaq və belə halların qarşısını vaxtında almaq əsas şərtdir. Məhz o zaman sağlam və təmiz düşüncəli təhsilli insanlarla həmahəng yaşamış olarıq. Zamanında bütün bunlara diqqət yetirilməlidir”.
Ayrı-ayrı şəxslərin hansı səbəbdən təhsildən kənarda qalması məsələsinə gəlincə, ekspertin fikrincə, bunun əsas səbəbi fərdin müəyyən ailə, sağlamlığı, sosial yaşayışı, məkan yerdəyişməsi, iş və s. ilə əlaqədar olan problemlərdir. Ekspertin fikrincə, uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid tədris planı və tədris planına dair "Qeydlər”in elektron versiyada hazır internetdə yerləşdirilməsi və dərslərin onlayn aparılması çox böyük effektliyi ilə seçilə bilər. Belə ki, dərslərin məhz bu formada keçirilməsi təhsildən kənarda qalan şəxslərin sayının azalmasına da təsir göstərəcək: "Beləliklə də, uzun müddət təhsildən kənarda qalanların qarşısını almış olardıq”.
Onu da deyək ki, əksər hallarda uşaqların vaxtında məktəbə göndərilməməsi valideyn məsuliyyətsizliyi ilə əlaqələndirilir. Halbuki valideynin vəzifələrindən biri də uşağının təhsil almasına nəzarət etməkdir. Bununla bağlı "Təhsil haqqında” Qanunun 34-cü maddəsində göstərilir.
6 yaşı tamam olmuş uşaqların məktəbə cəlb olunmaması məsələsinə toxunan təhsil eksperti Nadir İsrafilov isə burada həm dövlət qurumlarının, həm də valideynlərin məsuliyyət daşıdığını deyib: "Bəzi dövlət qurumlarında günahı ictimaiyyətin üzərinə atmaq kimi belə mənfi bir vərdiş formalaşıb. Hamını günahkar görürlər, bircə özlərindən savayı. 6 yaşı tamam olmuş uşaq məktəbə cəlb olunmursa, bunun birinci günahkarı Təhsil Nazirliyinin özü, rayon təhsil şöbələri, rayon icra hakimiyyətləridir. Bütün bu dövlət qurumlarının əlində birinci sinfə gedəcək uşaqların statistikası olmalıdır. Siniflərin komplektləşməsi də başa çatdıqda, baxmalıdırlar ki, birinci sinfə qəbul olunmuş uşaqların sayı ilə mövcud statistika üst-üstə düşür, ya yox. Bu işlə rayon icra hakimiyyətləri nəzdindəki xüsusi şöbə, rayon təhsil şöbələri məşğul olmalıdır. Mən təhsil idarəsində çalışdığım illərdə bütün orta məktəblərin dislokasiya üzrə cədvəli tərtib edilmişdi, hətta mənzil kommunal təsərrüfatı idarələri də bu işə cəlb olunmuşdu. Sinif müəllimləri qapı-qapı gəzib uşaqların məktəbə cəlb edilib-edilmədiyini yoxlayırdılar. Doğrudur, bəzən valideynlər 6 yaşı tamam olmuş uşağın məktəbə getməsini gecikdirir. Müxtəlif səbəblərdən. Burada maddi təminatsızlıq da var, savadsızlıq da. Bəzən də valideyn iki övladının eyni vaxtda məktəbə getməsini istəyir. Fikirləşir ki, bu biri uşağın da 6 yaşı tamam olsun, ikisini də bir yerdə məktəbə qoysun. 6 yaşı tamam olmuş uşağını o biri uşağa görə məktəbə yazdırmağa gecikdirir. Amma belə halların qarşısı əlaqədar qurumlar tərəfindən alınmalıdır. Bəlkə valideyn savadsızdır, qanundan, qaydadan xəbəri yoxdur. Valideynə başa salınmalıdır ki, uşaq 6 yaşı tamam olduqda təhsilə cəlb edilməlidir. Çünki "Təhsil haqqında” qanunda aşkar qeyd olunur ki, 6 yaşı tamam olmuş hər bir uşaq təhsilə cəlb edilməlidir”.
Şəymən