“Biz saytlara baxmırıq, yazılanlar maraqlı deyil”

“Bu şəhərdə” səhnədə riyakar olmadığı üçün tamaşaçı illərdi onları tək qoymur”
“Biz yenə həmin arvad paltarlarını geyinirik, rolumuzu oynayırıq, pulumuzu qazanırıq.”


"Bu şəhərdə” nə az, nə çox, 17 ildi tamaşaçıların görüşünə gəlir. Onlarla həmsöhbət olmaq istədik. Mətbuatdan uzaq olan "Bu şəhərdə”nin iki sakini Rəfael İsgəndərov və Coşqun Rəhimov "Şərq”ə danışdılar.

- Sizi sevənlər qədər tənqid edənlər də az olmur...

Rəfael - Biz köhnə teatrın aktyorlarıyıq. Hüseynağa məktəbinin yetirmələriyik. Biz bu sənətə təsadüfən gəlməmişik. Bu, məsələnin birinci tərəfi. Bizi hamı sevmək məcburiyyətində də deyil.

- İllərdi siz tamaşaçı marağını özünüzə çəkə bilirsiz. Hərçənd bu gün tamaşaçının marağına xitab etmək çətindi. Mövzularınız tamaşaçıya yaxındı, ya başqa səbəb var?

Rəfael - Ən böyük səbəb müraciət etdiyimiz mövzular aktualdı. İkincisi də xalqın tələbatını ödəyə bilirik. Hər konsertimiz anşlaqla keçir. Bunu hamı görür. Biz dəvətnamə ilə zalı doldurmuruq. Bizim konsertlərdə dəvətnaməyə ehtiyac yoxdu.

- Sizi tənqid edəndə bu sizi ruhdan salmır ki?

Rəfael - Olsun. Tənqidi qəbul etmək mədəniyyəti hər bir sənətçidə olmalıdı. Yetər ki haqlı, yerində olan tənqid olsun. Amma bəzən saytlarda tənqid deyil, artıq təhqirlərə rast gəlirik. Bax bu yaxşı deyil.
(Bu məqamda Coşqun sualımıza cavab verməyə ehtiyac duyur)
Coşqun - Ən əsas biz tamaşaçıyla səmimi olmağa üstünlük vermişik. Nailiyyətimiz səmimiyyətdən başlayıb. Tamaşaçı onlara yaxın olduğumuzu hiss edir. Biz onların görmək istədiyini göstərə bilirik. "Bu şəhərdə” səhnədə riyakar olmadığı üçün tamaşaçı illərdi onları tək qoymur. Tənqid olsun. Sağlam tənqid bizi ruhdan salmaz. Əksinə, bir az da çalışmağa məcbur edər.

- Yazılanları oxuyursuzmu?

- Biz saytlara baxmırıq. Yazılanlar bizim üçün maraqlı deyil. Bir də sosial şəbəkələrdə bizi görə bilməzsiz.

- Yəni sosial şəbəkələrdə yoxsuz?

Rəfael - Qətiyyən. Heç bir sosial şəbəkədən nə mən, nə də Coşqun istifadə edir. İnstaqramda, feysbukda yoxuq. Səbəb isə budur ki, biz insanlarla canlı ünsiyyətə önəm veririk.

- Bununla özünüzü sığortalamış olursuz?

Coşqun - Sığortalamaq deyəndə ki, bu gün kim kimə nə istəyir yaza bilir. Əlçatmaz tanınmış qalmayıb. Kim necə istəyir təhqir edə bilir. Əslində sosial şəbəkələrdə təhqir edənlər də cavab istəyir. Bəzən cavab olmayanda təhqir də bir üsluba çevrilib. Bu da bir çıxış yolu olur. Bəziləri üçün. "Bu şəhərdə” bütün tənqid və təhqirlərə konsertləri ilə cavab verir. Bu da bizim strategiyamız olub. Biz yenə həmin arvad paltarlarını geyinirik, rolumuzu oynayırıq, pulumuzu qazanırıq. Onlar da bundan narahat qala bilirlər.

- Sizin qadın paltarı geyinməyiniz bəzilərində qıcıq yarada bilir...

Coşqun - Bəli, bizim qadın qiyafəsində səhnədə olmağımız bəzilərində qıcıq yaradır. Çünki bunu bacarmayanlar var.

Rəfael - Hətta bizim elə qadın aktrisalarımız var ki, bizim səhnədə geyindiyimiz qadın paltarlarına, oynadığımız qadın obrazlarına qibtə ilə yanaşırlar. Çünki bəziləri həyatda öz qadınlıqlarını sübut edə bilməyiblər. Onlar qadın olaraq qadın obrazlarını belə yaratmaq gücündə deyillər.

- Rəqibləriniz də var...

Coşqun - Rəqib deyəndə ki, biz öz işimizdə, öz camiyəmizdəyik. Rəqib axtarmırıq.

- Bəlkə rəqibləriniz olsa, daha inadlı olarsız? Hər halda rəqabət insanı uzağa da apara bilir...

- Rəqib axtarmırıq, çünki rəqibimiz olsa, bizim başımız rəqibə qarışar, işə vaxt qalmaz. Biz kiminsə haqqında düşünməyə başlasaq ki, onunla rəqabətdəyəm, onu ötməliyəm, onda öz peşəkarlığımız itər. Başa düşürsüz? Biz kiminsə haqqında düşünmürük. Biz yazılan səhnəcikləri, obrazları peşəkar şəkildə təqdim etmək məqsədimiz var deyə başqaları bizi maraqlandırmır.

- 17 ildi "Bu şəhərdə” fəaliyyət göstərir. Amma ola bilməz ki, aktyor olaraq başqa rolların, teatr və ya kino sahəsində daha ciddi obrazların arzusunda olmayasız...

Coşqun - Bizim teatrda fəaliyyətimiz olub. Filmlərdə də çəkilmişik. Təbii ki, yaxşı kino əsəri, ekran işi ortaya qoymaq üçün böyük vəsait lazımdı. Əgər belə vəsait olsa, biz kino sahəsində də fəaliyyətimizi davam etdirmək istərdik. Ciddi kino yaradıcılığından söhbət gedirsə, burda böyük vəsait lazımdı. Ucuz, qeyri-peşəkar şəkildə film çəkməkdənsə, zamanı gözləmək lazımdı. Əgər arzuladığımız şəkildə filmlər üçün şərait yaransa, təbii ki, aktyor olaraq orada çəkilmək arzumuz normal görünməlidir. İnşallah, elə imkanlar da yaradılacaq. Biz hər kəsə uğurlar diləyirik. Konsertlərimizdə də tamaşaçılarımızı səbirsizliklə gözləyirik.

Tahirə