“Onların ortaq məqsədi erməni lobbisinin vasitəsi ilə türk-islam coğrafiyasında, iki türk dövlətinin arasında zorla yaradılmış Ermənistanı şişirtmək, bölgədə əl-qolunu açmaqdır”
“Bizə ağıl öyrətməsinlər...” - MÜSAHİBƏ
Tahir Kərimli: “Üç həmsədr ölkə birmənalı şəkildə Azərbaycana mənfi münasibət bəsləyir”
“Onların ortaq məqsədi erməni lobbisinin vasitəsi ilə türk-islam coğrafiyasında, iki türk dövlətinin arasında zorla yaradılmış Ermənistanı şişirtmək, bölgədə əl-qolunu açmaqdır”
“Onların ortaq məqsədi erməni lobbisinin vasitəsi ilə türk-islam coğrafiyasında, iki türk dövlətinin arasında zorla yaradılmış Ermənistanı şişirtmək, bölgədə əl-qolunu açmaqdır”
Qarabağ konfliktinin tərəfləri sülh razılaşmasına əvvəlki dövrlərdən daha uzaqdırlar. Bunu ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Keri Kavano söyləyib. Onun sözlərinə görə, regiona gətirilən silah növləri bölgədə daha ağır situasiya yaradır. Sabiq həmsədrin fikrincə, artıq konflikt beynəlxalq əhəmiyyət kəsb edir və dünya ictimaiyyətinin daha çox diqqətini çəkir. Digər sabiq həmsədr Ceyms Uorlik və Rusiya Dumasının MDB üzrə müavini Konstantin Zatulin də münaqişənin həlli ilə bağlı fikirlər səsləndiriblər.
Ümumiyyətlə, prezidentlərin Cenevrə görüşündən sonra bir çox əcnəbi siyasətçi öz düşüncəsini dilə gətirib. Bu onu göstərir ki, ötən gün baş tutan görüş dünya ictimaiyyətinin diqqət mərkəzində olub.
Münaqişə ətrafında cərəyan edən proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin yubanması və təcavüzə məruz qalmış Azərbaycana qarşı haqsız mövqe sərgilənməsi yüz illərdir davam edən "səlib yürüşü” təfəkkürünün təzahürüdür...
- Kavanonun "tərəflər sülhə əvvəlki dövrlərdən daha uzaqdırlar” fikri ilə razısızmı?
- Məsələyə Amerika tərəfdən yanaşsaq, Kavanonun dediklərində həqiqət var. Amma beynəlxalq hüquq və ədalət baxımından bu ifadələr yanlış və yersizdir. ABŞ digər həmsədr ölkələr kimi təcavüzkarla işğala məruz qalan tərəflər arasında fərq qoymur, münaqişə tərəflərini eyniləşdirir. 1974-cü ilin noyabr ayının 10-da BMT-nin Təhlükəsizlik Şurasında təcavüzkarlıq haqqında xüsusi qətnamə hazırlanıb. Həmin qətnaməyə və digər beynəlxalq sənədlərə görə, Ermənistan bütün parametrlər üzrə təcavüzkar dövlətdir. Xarici güclər bu reallığı qəbul etmirlər. Çalışırlar ki, rəsmi Bakı torpaqlarımızı işğal altında saxlayan düşmən dövlətlə danışıq oyununu davam etdirsin. Hazırda beynəlxalq hüququn mövqeyi ədalət prinsipinə ziddir. Vaxtı ilə SSRİ-nin dağılmasında mühüm rol oynayan erməni separatizmi, o cümlədən xristian təəssübkeşliyi və islamofobiya indi açıqdan-açığa dəstəklənir. Onlar istəyir ki, Azərbaycan tərəfi proseslərdən bezsin və hansısa güzəştlərə məcbur olsun.
- Niyə əksər Qərb dövlətləri israrla işğalçı Ermənistanın tərəfini saxlayırlar. Təcavüzkar ölkənin bu dərəcədə müdafiə edilməsinin səbəbi nədir?
- İstənilən dövlətlər arasında münaqişələr ola bilər. Əvvəlcə tərəflərə ümumi çağırış edirlər ki, problemi öz aranızda həll edin, anlaşın. Amma bu zaman suçlu tərəfin yanlışı mütləq deyilməlidir. Razılığa yaxın durmayan dövlətə təzyiq edilməlidir. Təsəvvür edin, ermənilər 25 ildir torpaqlarımızı işğalda saxlayırlar. Bu azmış kimi üstəlik, "təhlükəsizlik buferi” adı altında nə qədər ərazimizi nəzarətdən kənar qoyublar. Ancaq həmsədr ölkələrdən, ümumiyyətlə, əksər Qərb ölkəsindən bir nəfər belə demir ki, "ay Ermənistan, təcavüzkar siyasətindən əl çək, zəbt etdiyin torpaqları dərhal qaytar”. Əksinə, "qaş düzəltmək əvəzinə göz çıxarırlar”, tərəflər arasında bərabərlik işarəsi qoyurlar. Ən acınaqlısı isə odur ki, beynəlxalq güclər Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməkdən çəkindirməyə çalışırlar. Anlamırlar ki, sülhdən uzaqlaşmaq Azərbaycanın deyil, birbaşa Ermənistanın günahıdır. Niyə konkret ad çəkmirlər? Heç bir dövlət Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Deməli, Azərbaycan beynəlxalq hüquqa əsasən torpaqlarını müharibə yolu ilə azad edə bilər. Lakin buna rəğmən, sırf sülhsevər dövlət olduğu üçün danışıqlara səbr göstərir. Ermənistan isə bilə-bilə ən təhlükəli yolu seçir, vəziyyətin gərginləşməsi üçün dəridən-qabıqdan çıxır.
- Razılaşmanın əksinə, Sarkisyanın tələsik bəyanat verməsinin məqsədi prosesi pozmaq idimi?
- Əlbəttə. Cenevrə danışıqlarından sonra Sarkisyanın verdiyi sərsəm bəyanat göstərir ki, düşmən ölkənin rəhbəri danışıqlar prosesinin sülh müstəvisinə keçməsindən qorxur. Ona görə də qəsdən pozğunçuluqla məşğul olur. Danışıqların mənasız olduğunu görən Azərbaycan ordusu hərbi əməliyyatlara əl atan kimi Ermənistan dərhal yiyələrini üstümüzə tökür. Vəziyyətin bu yerə çatmasında əsas günahkarlar məhz həmsədr dövlətlərdir. İndi bizə ağıl öyrətməsinlər. Üç həmsədr ölkə birmənalı şəkildə Azərbaycana mənfi münasibət bəsləyir. Onların ortaq məqsədi erməni lobbisinin vasitəsi ilə türk-islam coğrafiyasında, iki türk dövlətinin arasında zorla yaradılmış Ermənistanı şişirtmək, bölgədə əl-qolunu açmaqdır. Ola bilsin, adi vətəndaşlar bunu görmür. Amma dövlətləri idarə edənlər çox gözəl bilirlər ki, Qərbin niyyəti erməni virusunu inkişaf etdirməkdir. Bütün xristian dövlətlərinin özlərini Ermənistana borclu hesab etməsinin səbəbi odur ki, onlar düşmən ölkədən öz məqsədləri üçün istifadə edirlər. Dağlıq Qarabağ münaqişəsinin həlli Qərb üçün qətiyyən önəmli deyil.
- Münaqişənin beynəlxalq əhəmiyyət kəsb etdiyini vurğulayırlar. Konfliktin qloballaşması Azərbaycanın xeyrinə, yoxsa ziyanınadır?
- Təəssüflər olsun ki, təşəbbüsü əldən verdik. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. 1990-cı illərin əvvəllərində torpaqlarımızı azad etmək, sərhədlərimizi qorumaq imkanımız olmadı. Digər tərəfdən işğalçı Ermənistana dəstək verən ölkələr çox oldu. İstənilən dövlət öz ərazisində meydana gəlmiş separatizm cəhdlərinin qarşısını ən sərt üsullarla alır. Separatçı ya öldürülməli, ya da ölkədən qovulmalıdır, başqa yolu yoxdur. Dağlıq Qarabağ məsələsi birmənalı şəkildə Azərbaycanın daxili işidir. Həmsədr dövlətlərin hamısı bir ağızdan deyirlər ki, Kataloniya məsələsi İspaniyanın daxili işidir. Qarabağda ermənilərin dediyinə görə, 100-150 min erməni yaşayırsa, Kataloniyanın 10 milyona yaxın əhalisi var. Rusiya XİN rəhbəri Sergey Lavrov açıq şəkildə iddia edir ki, münaqişə Azərbaycanın daxili məsələsi deyil. Bu, təhdid və hədədir. Beynəlxalq güclər Qarabağ probleminin həllini qəsdən qloballaşdırıblar. Şübhəsiz ki, bu, bizim ziyanımızadır. Qlobal münaqişəyə çevrilən Fələstin məsələsi uzun zamandır həllini tapmır. Eyni şeyi bizim başımıza da gətirməyə çalışırlar.
- Rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib ki, prezidentlərin görüşündə sensasiya olmadı. Onun sözlərinə görə, əsas sensasiya Azərbaycan Prezidentinin mənasız danışıqlardan imtina etməsi olacaq. Trofimçukun sensasiya adlandırdığı müharibə variantıdırmı?
- Azərbaycan qüvvələr nisbətini nəzərə almağa məcburdur. Ordumuzu daim ən müasir silahlarla gücləndiririk. Ancaq ermənilərin havadarları da boş dayanmır. Rusiya "balans” yaratmaq adı ilə düşmən ölkəni silahlandırır. Torpaqlarımızı müharibə yolu ilə azad etməyə qərar verən kimi erməniləri himayə edən Moskva bizə barmaq silkələyir. Paralel olaraq dünyadakı erməni lobbisi ayağa qalxır. Əslində Azərbaycan tərəfi də qanlı müharibənin, şəhidlərin çoxalmasının əleyhinədir. Məhz ona görə də 20 ildən artıqdır ki, sülh və danışıqlar yoluna, diplomatiyaya üstünlük veririk. Çoxları isə elə zənn edir ki, ordumuz torpaqlarımızı azad etmək gücündə deyil. Bu fikirdə olanlar yanılırlar. Azərbaycanın sülhə üstünlük verməsi regionun sabitliyinə şərait yaradır. Əfsuslar olsun ki, təcavüzkar Ermənistan reallığın fərqinə varmaq istəmir. Rəsmi Bakı diplomatik yola ona görə üz tutur ki, istənilən problemi danışıqlar yolu ilə, qansız-qadasız həll etməyin mümkün olduğuna inanır, ümid edir. Əminliklə deyirəm, əgər həmsədr dövlətlər məsələyə səmimi yanaşsalar, qısa vaxtda Dağlıq Qarabağ adlı münaqişə qalmaz. Trofimçuk da, onun "böyükləri” də sensasiyanın nə olduğunu yaxşı bilirlər. Körpə qanına susamış cinayətkar Sarkisyanla hansı normal danışıqdan və ya anlaşmadan söhbət gedə bilər?! Qarabağ məsələsi onun ipini tutan əsas dövlətlə müzakirə edilməlidir. "Dovşana qaç, tazıya tut” siyasəti ilə məsələni həll etmək qeyri-mümkündür.
- Keçmiş amerikalı həmsədr Ceyms Uorlik deyib ki, 2016-cı ilin aprelində mühüm rol oynayan Moskva hər zaman əsas oyunçu olacaq. Həmsədr ABŞ-ın münaqişəni Rusiyaya həvalə etməsinə səbəb nədir?
- Hansısa problemin həlli uzananda vasitəçilər topu biri-birinə atırlar. Əslində bu, qaçmaq üçün bəhanədir. Uorlik münaqişənin həllində əsas faktorun Rusiya olduğunu etiraf edir. Onda sual olunur ki, "əgər heç bir işə yaramırsınızsa, həmsədrlik postunu niyə zəbt etmisiniz?”. Yox əgər özünüzü super güc hesab edirsinizsə, onda yaxanızı kənara çəkməyin. Rusiyaya müraciət edin ki, "gəlin problemi birgə çözək”. Yalandan bəyanat verməklə, mənasız görüşlər təşkil etməklə nəticə alınmır. Mən Azərbaycan xalqının iradəsinə inanıram. Heç kim bizi zəif bilməsin. İstənilən vaxt tam sərhədlərimizi birləşdirəcəyik. Problemi gələcək nəsillərə saxlamayacağıq. Səbr kasamız dolub, çox az hövsələmiz qalıb. Uorlik həmsədr olanda boş-boş danışmaqdan, tvit yazmaqdan başqa ciddi işlə məşğul olmayıb. Bütün dünyaya səslənirəm, bizə neytral deyil, ədalətli mövqe lazımdır. Neytral olmaq ikiüzlülük deməkdir, işğalçıya haqq qazandırmaqdır.
- Görüş ərəfəsində, hətta danışıqlar zamanı belə ermənilər cəbhə xəttində təxribata əl atdı. Azərbaycanın hərbi gücündən çəkinən düşmən tərəfin atəşkəsi mütəmadi pozması nəyə hesablanıb?
- Düşmənlə təmas xətti Azərbaycanın qanuni ərazisidir. Ermənistan sərhəddinə kimi mübahisəli və neytral ərazi yoxdur. Ordumuz gündə min dəfə də atəşkəsi poza bilər. Çünki torpaqlarımızı müdafiə etmək ən təbii haqqımızdır. Təcavüzkar düşmən isə heç bir dəfə də atəş açmamalıdır. Atəşkəsi pozmaqda məqsədləri nə olursa-olsun, ermənilərin bizə atdığı hər güllə işğalın davam etməsi anlamına gəlir. Həyasızcasına atəşkəsi pozurlar, cavab atəşi veriləndə isə vasitəçilər hay-küy salırlar. Halbuki ilk atəşin düşmən tərəfdən açıldığı həmsədrlərə gün kimi aydındır.
İsmayıl