Bloqerlərin fəaliyyətini inkar etmək ziyanlıdır

Ancaq bu sahəni qanunvericiliklə tənzimləmək ən optimal yoldur
“Hər kəs qanun çərçivəsində fəaliyyət göstərməyi öyrənməlidir”


(... əvvəli ötən sayımızda)

Azərbaycanda internet resursları, o cümlədən sosial şəbəkələri, bloqerlərin fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklif olunur.

Bu təşəbbüslə bir müddət əvvəl Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib.

Ə.Amaşovun sözlərinə görə, bu gün dünyada bloqerlərin fəaliyyəti başqa cür dəyərləndirilsə də, Azərbaycanda buna yanaşmada fərqli baxış var və onun fəaliyyətinin sərhədləri müəyyən edilməyib: "Ona görə də bu sahənin fəaliyyətini tənzimləyən yeni qanuna ehtiyac var”. Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov da bu təşəbbüsü dəstəkləyib: "Kim nə istəyirsə, onu da yazır. Odur ki, bu sahədə bir xaos hökm sürür. Ona görə də bu sahənin qanunla tənzimlənməsinə ciddi ehtiyac var”.

Qeyd edək ki, bloq ilk dəfə 1997-ci ildə Con Barger tərəfindən icad olunub. Müəllif "İnternet-gündəlik” sözünə analoji olaraq "logging the web” sözünün qısaltması olan "weblog” ifadəsini işlədib. Bu söz ingilis dilindən tərcümədə "şəbəkədə gündəlik yaratmaq” mənasını ifadə edir. Termin 1999-cu ilin aprelində "Peterme” bloqunun yaradıcısı Peter Merholz tərəfindən təhrif olundu və "we blog” - "biz bloq yaradırıq” kimi ifadə edilib. Bunun da nəticəsində "to blog” "bloq yaratmaq” ifadəsi yaranıb və bugünkü bütün növ İnternet-gündəlikləri nəzərdə tutan ad - "bloq” ifadəsi yaranıb.

Bundan sonra bloqlar artmağa başlayıb və ictimai jurnalistika kimi formalaşıb. Dünyanın bir çox ölkəsində bloqerlərə xüsusi diqqət yetirilir.

Bloqlar KİV-lə rəqabət aparan qüvvə kimi ilk dəfə özünü 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş vermiş terror hadisəsi zamanı göstərib. Nyu-York bloqerləri hadisə baş verən məkandan operativ müsahibələr alaraq, hadisə şahidlərindən faktlar toplayaraq bloqlarda yerləşdiriblər. ABŞ-da və Rusiyada bəzi bloqlara KİV şəhadətnaməsi təqdim edilir. Verilən lisenziyaya əsasən, bloqerlər Rusiya qanunvericiliyinə uyğun olaraq reklam və xəbərlərlə çıxış edə bilərlər.

Hətta ABŞ-da keçirilən hər hansı bir tədbirə məşhur bloqerlər dəvət edilir. Elə bloqerlər var ki, onların saytına gündə 10 milyon insan girir. "Sony”, "Canon” kimi şirkətlər təzə məhsul buraxmamışdan qabaq mallarını bloqçulara göndərir və bu üsulla onları yayırlar. Bloqların yaradılmasında digər bir amil isə internet istifadəçilərinin hansısa mövzu haqqında yazdıqları yazını, çəkdikləri videonu internetə qoymaq məsələsidir. Düzdür, bunun üçün başqa formalar var, amma bloqlar vasitəsilə internetə ötürülən materiallar daha keyfiyyətli və təhlükəsizdir.

Hazırda Azərbaycanda da minlərlə bloq aktiv fəaliyyət göstərir və onların sərbəst fəaliyyət göstərmələrinə heç bir məhdudiyyət qoyulmur. Ancaq hər sahədə olduğu kimi bloqerlərin fəaliyyətində də bir sıra neqativ hallara rast gəlinir. Çoxları bloqun nəyə xidmət etdiyini bilmədiyi üçün, istədikləri formada bloq yaradaraq ağıllarına gələni yazırlar. Düzdür, internet məkanında qadağa yoxdur, hamı sərbəstdir. Amma istənilən halda azadlıqlardan sui-istifadə etmək mənəviyyata və peşə etikasına zidd addımlardır. Bu baxımdan zaman-zaman müzakirə olunan əsas məsələlərdən biri də hər cür xəbəri operativ şəkildə internetdə və sosial şəbəkələrdə yayan bloqerlərin jurnalist sayılıb-sayılmamasıdır. Hər zaman mübahisəyə səbəb olan bu məsələyə bu günə kimi konkret cavab verilməyib. Bloqerlərin bir növ media təmsilçiləri sayıldığını söyləyənlərlə yanaşı, onların jurnalistika ilə heç bir əlaqələrinin olmadığını düşünənlər də var.

"Bloq” və "bloqer” anlayışlarının media qanunvericiliyinə əlavə edilmə zərurəti ilə bağlı açıqlama verən ekspertlər də millət vəkili ilə razılaşıb.

Bloq və bloqer anlayışlarının media qanunvericiliyinə salınmasına ehtiyac gördüyünü vurğulayan "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli biz istəsək də, istəməsək də, bunun artıq zamanın tələbi olduğunu deyib:

"Bloqerlərin bir çox hallarda qeyri-peşəkarlıq nümayiş etdirməsi onların media təmsilçisi olmaları barədə ziddiyyətli fikirlərə yol açır. Bloqerlik virtual dünyanın bir reallığıdır və uzun müddətdir bizim həyatımıza daxil olub. Hesab edirəm ki, indiki situasiyada bloqerlərin fəaliyyətini görməzdən gəlmək daha ziyanlıdır, nəinki onların qanunvericiliklə tənzimlənməsi. Bu təklifin reallaşması bir çox hüquqi problemlərin aradan qaldırılmasına da zəmin yaradar”.

Bloqerlərin jurnalist hesab olunub-olunmaması məsələsinə gəldikdə isə E.Mirzəbəyli deyib ki, bloqerlər arasında vaxtı ilə peşəkar jurnalistika ilə məşğul olanları olub: 

"Bloqerlərin böyük əksəriyyəti peşəkar jurnalist hesab olunmur. Təbii ki, aralarında peşəkar jurnalist olanları da var. Bu cür insanlar çalışdıqları media orqanlarında peşə fəaliyyətlərini başa vurduqdan sonra bloq yaradırlar. Hətta bəziləri bundan böyük maddi vəsaitlər əldə edirlər”.

Baş redaktorun sözlərinə görə, bloqerlərə qarşı iki yanaşma sərgiləmək olar: 

"Birinci variant odur ki, onları görməzdən gəlib, fəaliyyətlərini inkar edirsən. Onlar isə öz fəaliyyətlərini davam etdirib, istədiklərini yazırlar. İkinci halda isə müvafiq qanunvericilik çərçivəsində fəaliyyət göstərməsini tənzimləyirsən. Hesab edirəm ki, ikinci yanaşma daha məqsədəuyğundur. Biz heç bir halda bloqerlərin fəaliyyətini inkar edə bilmərik. Əslində bu yolla hər hansı bir irəliləyişə nail ola da bilmərik. Qeyri-peşəkar bloqer heç bir halda peşəkar jurnalistikanın təmsilçiləri sayılmayacaqlar. Amma bu o demək deyil ki, onların fəaliyyəti qanunla tənzimlənməməlidir?!”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə isə Əflatun müəllimin məlum bəyanatla çıxış etməsinin zərurətdən doğduğunu deyib. Digər fəaliyyət növləri kimi bloqerlərin fəaliyyətinin də qanunla tənzimlənməsinə ehtiyac olduğunu vurğulayan Mərkəz sədri təəssüflə qeyd edib ki, Azərbaycanda bloqerlik fəaliyyəti Türkiyə, Rusiya və Avropa ölkələrində olduğu qədər geniş yayılmayıb: "Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var: 

"Yəqin siz də razılaşarsınız ki, Azərbaycanda bloqerlərin ictimai-siyasi proseslərə təsir etmək imkanı minimum həddədir. Məhz bu səbəbdən də bloqerlərin fəaliyyəti ciddi qəbul olunmur.

Peşəkar jurnalistlərlə bloqerin arasında əsas fərq odur ki, birincilər çalışdıqları redaksiyaların qarşısında məsuliyyət daşıyırlar.

Bloqerlərin isə hansısa hüquqi şəxsin qarşısında xüsusi öhdəliyi yoxdur. Halbuki öhdəliyin olmaması məsuliyyətsizliyə gətirib çıxarmamalıdır. Bilirsiniz, jurnalistin də, bloqerin də əsas "silahı” sözdür. Bizim vəzifəmiz bu "silah”dan təyinatı üzrə istifadə etməkdir. Hansısa fəaliyyətin qanunla tənzimlənməsindən narahat olmağa dəyməz. Hər bir savadlı, mədəni vətəndaş qanunlara riayət etməlidir. İnformasiya texnologiyalarının inkişafı bizə xeyli üstünlük qazandırsa da, müəyyən problemlərdən sığortalanmaq mümkün olmadı.

Sosial şəbəkələr meydana çıxandan sonra bir çox insanların məsuliyyət hissini tamamilə itirdiklərini təəssüflə qeyd edən S.Verdizadə ayrı-ayrı vətəndaşların sosial şəbəkələrdə kobud şəkildə təhqir olunmasını həmişə ürək ağrısı ilə seyr etdiyini deyib: 

"Mən mətbuat üzərində senzuranın əleyhinəyəm. Sözü buxovlamaq olmaz, amma bizə heç kim ixtiyar verməyib ki, başqasının şərəf və layəqətini təhqir edək. Nəhayət, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməyi öyrənməlidir”.

Milli.az informasiya portalının baş redaktoru Anar İmanov hər bir sahəni tənzimləyən qanunlara ehtiyac olduğunu düşünür. Bloq və bloqerlərin fəaliyyətinə gəldikdə isə həmkarımız hesab edir ki, onların fəaliyyəti də müəyyən qanunlarla tənzimlənməlidir: 

"Fikrimcə, bunu həm də "KİV haqqında” qanuna əlavələr edərək həll etmək olar. Məsələn, "KİV haqqında” qanunda "bloq”, "bloqer” kimi anlayışları daxil etmək olar.

Bloqerlər əslində elə bir növ media təmsilçiləri sayılmalıdır. Kimsə bloq açıbsa və onu istifadə edirsə, deməli, bunu insanlara hər hansı məlumatı çatdırmaq üçün edib. Müasir dövrdə müxtəlif xəbərləri oxuyuruq. Və bu xəbərlərin bir qismini də bloqerlər təmin edir. Əgər kimsə qəsdən yoxlanılmamış və qərəzli informasiyanı paylaşırsa, fikrimcə, burada cəza mexanizmi də olmalıdır. Adi bir misal çəkim - hansısa bloqer yazır ki, cəbhədə əsgər şəhid olub. Bir qədər sonra isə müəyyən olunur ki, bu xəbər yalandır. İndi o əsgərin qohumlarının halını təsəvvür edin.

Burada yaranan sual isə çox sadədir - niyə həmin yalan xəbəri çatdıran şəxs cəzalandırılmamalıdır?”

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb