Böyük Britaniyanın Avropa İttifaqından çıxması vəziyyəti dəyişdirəcək

“Belə qərarlar dünya bazarına da, iqtisadi, siyasi və hətta hərbi münasibətlərə də təsir edəcək”
“Britaniya ilə AB-nin “boşanma” sürəci 5-8 il çəkəcək”

Böyük Britaniyanın Avropa İttifaqından çıxması XXI əsrin ən mühüm siyasi hadisəsi kimi dəyərləndirilir. Çünki Londonun Avropa İttifaqı ölkələri ilə yollarını ayırması, hər şeydən əvvəl, birləşmiş Avropa ideyasını zərbə altında qoyur. Söhbət yalnız fiziki və sərhədlər baxımından ayrılmadan getmir. Britaniyalıların bu qərarı eyni zamanda onların ümumavropa ideyasından kənara çəkilməsi anlamına gəlir.

Bu da ümumilikdə Qərb dünyasında son 50 ilin ən böyük fikir ayrılığı, parçalanması deməkdir. İqtisadi məsələlərin bir neçə ilə həllini tapacağına diqqət çəkən analitiklər Britaniyanı belə

taleyüklü qərar verməyə məcbur edən daha dərində gizlənmiş səbəblər barədə düşünməyi vacib hesab edirlər. Bu məsələlər sadəcə qurumda qalan 27 ölkə üçün deyil, onların qonşuları və bütün dünya üçün də aktualdır. Ekspertlərə görə, Böyük Britaniyanın Aİ-dən çıxması həm bu ölkənin özünə, həm də İttifaqa baha başa gələcək. Amma nisbətən fərqli fikirlər də gündəmə gəlir. Məsələn, politoloq Arzu Nağıyev deyib ki, Böyük Britaniyadakı referendumun nəticəsi millətçilərin Avropada getdikcə artmasının və apardıqları siyasətin bariz nümunəsidir. Ekspertə görə, bu qərar son vaxtlar Böyük Britaniyada və digər Avropa ölkələrində istər miqrantlara, istərsə də digər milli azlıqlara qarşı aparılan daxili və xarici siyasətin nəticəsidir: "Böyük Britaniyaya daxil olan bir sıra ölkələr, o cümlədən şotlandlar və irlandlar Avropa birliyinə "hə” desələr də, İngiltərə buna "yox” deyir. Təbii ki, burada siyasi məsələlərdən başqa iqtisadi problemlər də mövcuddur və skeptiklər əsasən buna hesablanan siyasət aparırlar. Belə qərarlar dünya bazarına da, iqtisadi, siyasi və hətta hərbi münasibətlərə də təsir edəcək. Bununla belə hələ son qərar deyil, Avropa İttifaqından çıxmaq Lissabon razılığı ilə həyata keçirilir. Bu, başlanığıcdır. İttifaqa daxil olan hər bir dövlət ilə ikitərəfli danışıqlar aparılmalı və son qərar verilməlidir. Düşünürəm ki, Avropa İttifaqı prosesi uzatmağa çalışacaq”.

İqtisadçı-ekspert Natiq Cəfərli də bildirib ki, Britaniya referendumunun nəticələri Avropanın, hətta dünyanın siyasi, iqtisadi, ictimai xəritəsini dəyişdirəcək: "Ciddi təsirləri olacaq, hətta "domino” effekti yaradacaq. Avropa Birliyi əvvəl "kömür və metal” birliyi kimi yarandı, Almaniya və Fransanın bir daha müharibə etməyəcəkləri üzərində inşa olundu. İlk yarananda Avropa dəyərlərini önə çıxartdılar, sonra isə hər bir dövlətin təbii maraqları önə çıxmağa başladı. Daha bir səhv addım o idi ki, Şimali Avropa dövlətlərinin inkişaf tempinə və dəyərlər sisteminə uyğun olmayan Cənubi Avropa ölkələrini də tez-tələsik bu birliyə qoşdular. Bunun iqtisadi nəticələrini sonunacan hesablaya bilmədilər. Bu gün Yunanıstan, Kipr, İtaliya, İspaniya kimi ölkələrdə olan iqtisadi problemlər həmin səhv hesablamaların nəticəsidir. Avrozonaya daxil olan Cənubi Avropa ölkələri iqtisadi çətinlik zamanı effektiv yol olan öz milli valyutalarının devalvasiya edilməsi yolundan məhrum oldular. Yəni, bu gün Yunanıstan avrozonada olmasa idi, öz keçmiş milli valyutalarını dəyərdən salmaq yolu ilə bir çox problemlərini həll edə bilərdi. Təbii ki, AB Yunanıstana böyük dəstək verdi, amma həmin kreditlərin geri dönüşü mümkün görünmür. Bu gün Yunanıstanın xarici və daxili borcu ÜDM-lərinin iki qatı səviyyəsindədir. Bundan sonra 100 il də keçsə, yunanlar bu borcu qaytara bilməyəcəklər”. İqtisadçının sözlərinə görə, məlum qərardan sonra hələ 10-15 gün dünya iqtisadiyyatı bunu "həzm” etməyə çalışacaq, nə baş verdiyini tam anlayana qədər dünya birjalarında böyük dalğalanmalar olacaq: "İyulun əvvəlinə bu panika səngiyəcək, daha soyuq başla vəziyyət dəyərləndiriləcək. İlk olaraq ən böyük zərbə elə Britaniyaya dəyəcək, funt-sterlinq dəyərdən düşəcək. Londondan böyük şirkətlərin və bankların nümayəndəlikləri kontinental Avropaya köçəcək. Londonun dünyanın maliyyə mərkəzi statusuna ciddi zərbə dəyəcək. Amma Britaniya ilə AB-nin "boşanma” sürəci 5-8 il çəkəcək. Yəni, iqtisadi əlaqələrə həmən ziyan dəyməyəcək, bu, tədricən baş verəcək. N.Cəfərlinin sözlərinə görə, AB ölkələrində "mərkəzdənqaçma” prosesləri sürətlənəcək, Avropa öz dəyərlərini unudub daha da millətçi və radikal siyasi qrupların təsiri altına düşəcək: "Bu daha böyük təhlükədir, AB ölkələri bunun qarşısına keçə bilməsələr, ciddi paradiqma dəyişikliyi baş verəcək”.

İsmayıl